Ana səhifə

Press-reliZ 24 fevral 2010-cu IL Bakı, Azərbaycan


Yüklə 20.05 Kb.
tarix12.05.2016
ölçüsü20.05 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
24 fevral 2010-cu il

Bakı, Azərbaycan


  • DÜZƏLİŞ!

  • ELMAR HÜSEYNOVUN ÖLÜMÜNÜN 5-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLƏCƏK

  • MİLLƏT VƏKİLİ JURNALİSTLƏRİN HƏBS OLUNMASINDA İSRARLIDIR

  • PİTER SEMNEBİ PREZİDENT İLHAM ƏLİYEVLƏ GÖRÜŞÜB

  • MEDİAFORUM” SAYTI FƏALİYYƏTİNİ BƏRPA EDİB



DÜZƏLİŞ!

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 5-ci ildönümü ilə bağlı keçiriləcək ongünlük silsilə tədbirlərə qoşulduğu üçün, Elmar Hüseynovla bağlı 2 mart saat 11.00-dan 13.00-dək RATİ-nin mətbuat mərkəzində keçirilməsi nəzərdə tutulan Dəyirmi Masa təxirə salınır.


ELMAR HÜSEYNOVUN ÖLÜMÜNÜN 5-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLƏCƏK
Dünən (23 fevral) Elmar Hüseynovun 5-ci ildönümü ilə bağlı bir qrup KİV təmsilçisi və media qurumlarının rəhbərləri toplantı keçiriblər. Nəcəf Nəcəfov Fondunun təsisçisi Mehman Əliyev, Media Hüququ İnstitutunun (MHİ) sədri Rəşid Hacılı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli, Elmar Hüseynov Fondunun həmtəsisçisi Şahbaz Xuduoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, media ekspertləri Qulu Məhərrəmli və Zeynal Məhərrəmlinin iştirak etdiyi tədbirdə martın 1-dən etibarən ölkədə söz azadlığının vəziyyəti və Elmar Hüseynovla bağlı ongünlük silsilə tədbirlər keçirilməsi qərara alınıb. İlk olaraq, martın 1-də bu mövzuda Dəyirmi Masa keçirilməsi nəzərdə tutulub. Bu səbəblə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 5-ci ildönümü ilə bağlı martın 2-nə təyin olunmuş Dəyirmi Masa isə təxirə salınıb.

Xatırladaq ki,  2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.


MİLLƏT VƏKİLİ JURNALİSTLƏRİN HƏBS OLUNMASINDA İSRARLIDIR

Millət vəkili, akademik Cəlal Əliyev “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan və Qoşqar Bakılı barəsində xüsusi ittiham qaydasında qaldırdığı iddianın Nizami rayon məhkəməsində rədd olunması ilə bağlı apellyasiya şikayəti verib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Azər Ayxan məlumat verib.

Onun sözlərinə görə, C.Əliyev apellyasiya şikayətində A.Ayxan və Q.Bakılının Cinayət Məcəlləsinin 147,1, 147,2 və 148-ci maddələri ilə ittiham olunmasına dair məhkəmə baxışının keçirilməsindən imtina olunması barədə Nizami Rayon Məhkəməsinin qərarını ləğv edilməsini, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə apellyasiya qaydasında yeni qərar çıxarılmasını xahiş edib.

Qeyd edək ki, C.Əliyev “Yeni Müsavat”ın bu il yanvarın 5-də işıq üzü görən sayında “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, “Bakı” mehmanxanası Cəlal Əliyevin imiş” başlıqlı məqalədə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan və həqiqətə uyğun olmayan məlumatlar olduğunu hesab edərək, Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. 10 fevral 2010-cu ildə Nizami rayon məhkəməsinin hakimi Ziya Əliyev iddia ərizəsinin qanunvericiliyin tələbələrinə uyğun hazırlanmadığını əsas gətirərək işə baxılmadan imtina edilməsi ilə bağlı qərar qəbul etmişdi.

Əlavə edək ki, millət vəkili Cəlal Əliyev mərhum prezident Heydər Əliyevin qardaşı, indiki dövlət başçısı İlham Əliyevin əmisidir.

Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.



PİTER SEMNEBİ PREZİDENT İLHAM ƏLİYEVLƏ GÖRÜŞÜB
Bakıda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün (24 fevral) Prezident İlham Əliyevlə görüşüb. Azadlıq radiosunun “AzərTAc”a istinadən yaydığı məlumata görə, görüşdə Azərbaycanın Avropa Birliyi ilə əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlıq, regional və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Semnebi görüşdən əvvəl “Azadlıq” Radiosuna müsahibəsində bildirmişdi ki ki, Bakıda görüşlərdə əvvəllər olduğu kimi bu dəfə də insan hüquqlarının, media azadlığının vəziyyəti müzakirə olunacaq. O əlavə edib ki, həbsdə olan bloqçuların vəziyyəti də onların gündəliyində ilk sıralardan birindədir.



MEDİAFORUM” SAYTI FƏALİYYƏTİNİ BƏRPA EDİB
Mediaforum” xəbər saytı ikihəftəlik fasilədən sonra fevralın 22-də fəaliyyətini bərpa edib.

Xatırladaq ki, fevralın 9-da “Media forum”un redaksiyası yerləşən binada (Bakı, Həsən bəy Zərdabi prospekti, 71 A) baş verən yanğın zamanı bütün elektrik və telefon xətləri sıradan çıxdığından saytın fəaliyyəti tam dayanmışdı.



MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət