Ana səhifə

Press-reliZ 08 yanvar 2010-cu IL Bakı, Azərbaycan


Yüklə 26.22 Kb.
tarix12.05.2016
ölçüsü26.22 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
08 yanvar 2010-cu il

Bakı, Azərbaycan


  • REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

  • FƏRƏMƏZ NOVRUZOĞLU AZADLIĞA ÇIXDI

  • GƏNC BLOQÇULARIN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ YANVARIN 22-DƏ DAVAM EDƏCƏK

  • JURNALİSTLƏRƏ PEŞƏ FƏALİYYƏTİNİ YERİNƏ YETİRMƏYƏ İMKAN VERİLMƏYİB



REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Naxçıvan Muxtar Respublikası Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzində vergi yoxlamalarına başlanılmasını pisləyir və bu yoxlamanı Muxtar Respublika rəhbərliyinin təşkilata təzyiqi kimi dəyərləndirir.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi yanvarın 5-dən Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzində səyyar yoxlamalara başlayıb. Bu yoxlamanın gedişində Vergilər Nazirliyinin əməkdaşları həmçinin Resurs Mərkəzinin hansı layihələrinə Naxçıvanda kimlərin cəlb olunmasını da araşdırır. Bundan əlavə, bu yoxlamaların hansı səbəbdən aparılması və nə vaxta qədər davam edəcəyi barədə QHT rəhbərliyinə məlumat verilmir.

RATİ hesab edir ki, jurnalistlər – Məlahət Nəsibova və İlqar Nəsibov tərəfindən təsis edilmiş Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzində öz prinsipial vətəndaş mövqeyinə görə Naxçıvan MR rəhbərliyin qəzəbinə tuş gəlib və bu yoxlama ilə QHT-nin fəaliyyətini iflic vəziyyətə salmaq istəyirlər.

RATİ xatırladır ki, adıçəkilən jurnalistlər dəfələrlə peşə fəaliyyətinə görə zorakılıq, təhqir və hədələrlə üzləşiblər.

RATİ vurğulayır ki, Naxçıvanda vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinə qarşı dəfələrlə istər fiziki, istərsə mənəvi təzyiqlər törədənlər bütün hallarda cəzasız qalmışlar. 

RATİ Naxçıvan MR rəhbərliyini Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzində başlanan qərəzli yoxlamaları dayandırmağa, insan haqlarına və söz azadlığına hörmətlə yanaşmağa, vətəndaş cəmiyyətinin təşkilatlarına və nümayəndələrinə, həmçinin jurnalistlərə qarşı təzyiqlərə son qoymağa çağırır.

FƏRƏMƏZ NOVRUZOĞLU AZADLIĞA ÇIXDI
Bu gün (8 yanvar) “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğlu 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Cəzaçəkmə müəssisəsinin qarşısında onu “Millətim” qəzetinin əməkdaşları və dostları qarşılayıb.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) müsahibə verən F.Novruzoğlu günahsız həbs edildiyini və ümumiyyətlə Azərbaycanda jurnalistlərin yazıya görə həbs olunmasına təəssüfləndiyini bildirib. O həmçinin qeyd edib ki, öz mövqeyindən geri çəkilməyəcək və tənqidi yazılarını davam etdirəcək.

Xatırladaq ki, “Azadlıq Hərəkatçıları Birliyi”nin sədri Təhmasib Novruzovun xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən 22 iyul 2009-cu ildə Nizami rayon məhkəməsi “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli və əvvəllər bu qəzetdə baş məsləhətçi işləmiş Fərəməz Novruzoğlu (Allahverdiyev) üç ay müddətinə azadlıqdan məhrum edilmişdi. Eyni hökmlə həmin vaxt qəzetin əməkdaşı olmuş Ramiz Tağıyevə isə 6 ay islah işləri cəzası verilmişdir. Bakı Apellyasiya məhkəməsi 8 oktyabr 2009-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar çıxardıqdan sonra hökm icra olunmuşdu.

Həmçinin oktyabrın 9-da Daxili Qoşunlar (DQ) komandanlığında təmsil olunan bir neçə şəxsin Sərdar Əlibəyliyə qarşı qaldırdıqları xüsusi ittiham qaydasında iddiaya əsasən Nizami rayon Məhkəməsinin çıxardığı hökmdən hər iki tərəfin verdiyi apellyasiya şikayəti üzrə çıxarılan qərara görə, Sərdar Əlibəyli əvvəlki cəzası da daxil olmaqla 4 ay azadlıqdan məhrum edilib.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,402/lang,az/
Video : http://www.irfs.az/content/view/3307/1/lang,az/

JURNALİSTLƏRƏ PEŞƏ FƏALİYYƏTİNİ YERİNƏ YETİRMƏYƏ İMKAN VERİLMƏYİB
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Bənəniyar kəndində baş vermiş hadisələrlə bağlı məlumat əldə etmək istəyən jurnalistlərə peşə fəaliyyətlərini yerinə yetirməyə mane olublar. Belə ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı bölgə müxbirləri - Elman Abbasov, Həkimeldostu Mehdiyev, “Azadlıq” radiosunun və “Turan” informasiya agentliyinin bölgə müxbiri Məlahət Nəsibovanın kəndə girişinin qarşısı alınıb. Bu barədə RATİ-yə Naxçıvan bölgə müxbiri Elman Abbasov məlumat verib. Onun sözlərinə görə, kəndə giriş-çıxış məhdudlaşdırıldığından məlumat almaq mümkün deyil.

“Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzi”nin yaydığı bəyanatda da bu barədə məlumat verilib. “Bölgədə baş verənləri müşahidə etmək üçün jurnalistlərin və yerli hüquq müdafiəçilərinin kənd ərazisinə girişinin qarşısı alındı. Təxminən 36 saat bütün rabitə kanallarının fəaliyyəti kənddə dayandırıldı. Jurnalist və hüquq müdafiəçisi kimi biz də kənd əhalisindən informasiya aldığımız zaman naməlum adamlar tərəfindən telefonla təhdid edildik və təhqirlərə məruz qaldıq” – deyə M.Nəsibova bəyanatda vurğulayıb.

Xatırladaq ki, Məhərrəm ayının doqquzuncu və onuncu günlərində  kənd sakinləri sinə vurublar və bir neçə sakin başını da yarıb. Həmin gün kəndə polis müdaxilə edib və bir neçə sakini həbs edərək Culfa rayon Əlincə polis şöbəsinə aparıblar. Orada saxlanılan şəxslərə fiziki təzyiq göstərilib. Bənəniyarlılar onu da bildiriblər ki, şöbədə daha çox fiziki cəhətdən zəif olan Əliyev Kamal Yunis oğluna təzyiqlər olunub. Sonra həmin adamları dəlixanaya aparmaq istəyiblər. Baş verənlərə etiraz olaraq Əliyev Kamalın oğlu Əliyev Yunis özünü yandırıb. O üzərinə benzin töküb və özünü yandıracağını bildirdi. Orada olan polislər isə ona “yandır” deyiblər. Yunis alışqanı yandıraraq özünü odlayıb. Bundan sonra vəziyyət daha da qarışdığından kəndə polis qüvvələri yeridilib.
GƏNC BLOQÇULARIN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ YANVARIN 22-DƏ DAVAM EDƏCƏK

Bu gün (08 yanvar) Bakı Apellyasiya məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə gənc bloqçular  - Emin Milli ( Abdullayev) və Adnan Hacızadənin vəkilləri İsaxan Aşurov və Elton Quliyevin Səbail rayon məhkəməsinin 11 noyabr 2009-cu il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədə zərərçəkən şəxslər kimi tanınan Babək Hüseynov Vüsal Məmmədov məhkəmə prosesində iştirak etmirdilər. Hakim məlumat verdi ki, hər iki şəxsə məhkəmədə iştirak üçün bildiriş göndərilsə də, alınan cavablarda ünvanın doğru göstərilmədiyi bildirilib. Gənc bloqçular Adnan Hacızadə və Emin Milli ( Abdullayev) isə Vüsal Məmmədov və Babək Hüseynova yenidən bildiriş göndərilməsi və onların iştirak edib-etməyəcəkləri barədə dəqiq cavabının öyrənilməsi barədə vəsatət qaldırdılar. Hakim vəsatəti təmin edərək növbəti prosesi 22 yanvar saat 11-00-a təyin etdi.

Qeyd edək ki, dünən Amnesty İnternatioal təşkilatı Vicdan Məhbusu hesab etdiyi gənc bloqçular Adnan Hacızadə və Emin Millinin məhkəməsinə ədalətli yanaşılması tələbi ilə Azərbaycan hökumətinə müraciət ünvanlayıb.

      Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Adnan Hacızadənin 2 il 6 ay, Emin Millinin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarmışdı.
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət