Ana səhifə

Kurs iŞİ Kafedra: Beynəlxalq xüsusi hüquq Elmi rəhbər: Bakı -2014 plan


Yüklə 141.63 Kb.
tarix08.05.2016
ölçüsü141.63 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Hüquq fakültəsi əyani şöbəsinin

beynelxalq xüsusi

huquq fənnindən

“AZAD İQTİSADİ ZONALAR” mövzusunda



KURS İŞİ

Kafedra:Beynəlxalq xüsusi hüquq

Elmi rəhbər:

Bakı -2014



PLAN
Giriş………………………………………………........................................3

I fəsil:Azad iqtisadi zonaların mahiyyəti və yaradılması məqsədləri…………………………...............................................................5

II fəsil:Azad iqtisadi zonalar Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya üsulu kimi…………................................................................................................19

Nəticə………………………………………….............................................28

Ədəbiyyat siyahısı……………………………..............................................31

GİRİŞ
Material dəyərlərinin əldə edilməsi, istifadəsi və bölüşdürülməsi onların təkcə ölkədaxili səviyyədə deyil, o cümlədən də ölkələrarası səviyyədə mübadiləsini tələb edir. Ölkələr arasında mübadilə əməliyyatlarının həyata keçirilməsinin labüdlüyü beynəlxalq iqtisadi münasibətlərin ayrıca bir iqtisadi kateqoriya kimi formalaşmasını gücləndirdi, həmçinin beynəlxalq əmək bölgüsünün intensiv inkişafına və ticarət, kapitalın, elmi-texniki biliklərin, işçi qüvvəsinin, informasiyanın hərəkəti sahəsində qarşılıqlı əlaqələrin möhləmlənməsinə gətirib çıxardı. Əminliklə söyləmək olar ki, beynəlxalq əmək bölgüsü və beynəlxalq iqtisadi münasibətlərdən düzgün və rasional istifadə iştirakçı ölkələrin hər birinə böyük fayda verə bilər.

Açıq iqtisadiyyatın reallaşdırılması prinsipləri içərisində ən vaciblərdən biri də azad iqtisadi zonaların yaradılması hesab olunur. Onların fəaliyyət göstərməsi xarici iqtisadi fəaliyyətin liberallaşması və fəallaşdırılması ilə sıx əlaqədardır. Azad iqtisadi zonaların təsərrüfat həyatı xarici dünyaya yüksək formada açıqlığı ilə seçilir, buradakı gömrük, vergi və investisiya rejimi isə daxili və xarici investisiyalar üçün əlverişlidir.

Son bir neçə onilliklərdə azad iqtisadi zonaların inkişafı dünya iqtisadiyyatında baş verən yeni hadisələrdən biridir. Onlar dünyanın bir çox ölkələrində geniş yayılmışlar. Bu baxımdan azad iqtisadi zonaların mahiyyətinin və onların xarici iqtisadi əlaqələrdə tutduğu rolunun öyrənilməsi mühüm aktuallıq kəsb edir.

Tədqiqatın əsas məqsədi azad iqtisadi zonaların mahiyyətinin və formaları-nın araşdırılması, onların dünyanın müxtəlif ölkələrində yaradılması təcrübələrinin tədqiqi, həmçinin bu cür zonaların Azərbaycanda da təşkil edilməsi zəruriyyətinin və perspektivlərinin təhlil edilməsidir.

İnformasiya mənbəyi kimi mövzu ilə əlaqədar mövcud milli və xarici elmi və dərslik ədəbiyyatından, yerli və xarici alimlərin və mütəxəssislərin araşdırmala-

rından, bu sahədə qəbul edilmiş yerli və beynəlxalq qanunvericilik aktlarından, həmçinin müxtəlif internet saytlardan istifadə edilmişdir.

Xarici iqtisadi əlaqələrdə azad iqtisadi zonaların rolu öyrənilərkən analiz və sintez metodundan istifadə olunmuşdur.

Buraxılış işinin strukturu qarşıya qoyulan məqsədə uyğun olaraq formalaşdı-rılmışdır. Buraxılış işi girişdən, iki fəsildən və nəticədən ibarətdir. Buraxılış işində 4 cədvəl və 29 mənbədən istifadə edilmişdir.

Buraxılış işinin birinci fəsli “Azad iqtisadi zonaların mahiyyəti və yaradılması məqsədləri” adlanır. Bu fəsildə azad iqtisadi zonaların mahiyyəti, onların yaranma səbəbləri və məqsədləri, azad iqtisadi zonaların dünyada geniş yayılmış növləri və onların xarakterik cəhətləri, həmçinin azad iqtisadi zonaların yaradılmasında müxtəlif dünya ölkələrinin təcrübəsindən söhbət açılır.

Son zamanlar Azad iqtisadi zonaların Azərbaycanda da yaradılması aktual məsələlərdən biri olduğundan II fəsli tamamilə buna həsr etmişik. “Azad iqtisadi zonalar Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya üsulu kimi” adlanan bu fəsildə isə Azərbaycanda azad iqtisadi zonaların yaradılmasının zəruriliyi, bu cür zonaların ölkəmizdə formalaşdırılması zamanı meydana çıxan sosial-iqtisadi və hüquqi problemlər, bundan başqa Azərbaycana xarici investisiyaların cəlb edilməsi baxımından azad iqtisadi zonaların inkişaf perspektivləri və s. bu kimi məsələlərə toxunulur. Buraxılış işi nəticə ilə tamamlanır.

Tədqiqat işinin genişliyi baxımından buraxılış işində bəzi məsələlərin dərin-dən təhlil olunmaması mümkün hal kimi qəbul edilir. Fikrimizcə, bu istiqamətdə araşdırılmalı olan xeyli problemlər qalmışdır.
I FƏSİL.Azad iqtisadi zonaların mahiyyəti və yaradılması məqsədləri

1973-cü il mayın 18-də Kiotoda keçirilən gömrük prosedurlarının sadələşdirilməsi və harmonikləşdirilməsi üzrə beynəlxalq konvensiyada göstərilir ki, azad zona (franko zona) dedikdə, ölkə ərazisinin hər hansı bir hissəsi başa düşülür ki, burada məhsullara milli gömrük ərazisindən kənarda (gömrük eksteritoriallığı prinsipi) olan bir obyekt kimi baxılır və buna görə də onlar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmirlər. Başqa sözlə desək, Azad İqtisadi Zona – xüsusi rejim altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir. Azad iqtisadi zonalarda yerləşən təsərrüfat subyektləri xüsusi qanunvericiliyi özündə əks etdirən rejim altında fəaliyyət göstərirlər və onların bu fəaliyyəti tənzimlənir. Bu da özündə aşağıdakı vacib məsələləri əhatə edir: gömrük tənzimlənməsi; vergiyə cəlbetmə; lisenziyalaşdırma; viza rəsmiləşdirilməsi; bank fəaliyyəti; mülkiyyət və girov münasibətləri (o cümlədən, torpağa sahiblik hüququna dair məsələlər); konsessiyanın (imtiyazın) verilməsi; azad zonanın idarə edilməsi. Azad iqtisadi zonaların müəyyənedici xüsusiyyətlərindən biri də əmək və sosial qanunvericilik aktlarının belə ərazilərdə tətbiq olunmasıdır.Azad iqtisadi zona dövlətin ele bir hissəsinə deyilir ki,burada konkret iqtisadi vəzifələri yerinə yetirməkdən ötrü xarici investorlarla birgə sahibkarlıq fəaliyyəti üçün xüsusi şərait yaradılır.1

Azad zonaların problemlərinə həsr edilmiş müasir nəzəri işlərdə onların mahiyyəti daha geniş izah olunur: onlar, dövlətin iqtisadi proseslərə müdaxilə etməsinin həcminin azaldılması aləti kimi göstərilir. “Azad zona” anlayışına bu cür izahat verilməsi, onun təsərrüfatlaşdırmanın preferensial rejiminin fəaliyyəti ilə əlaqədar bütün prosesləri əhatə etməsi deməkdir. Bu cür yanaşmaya görə “azad zona – təkcə ayrılmış, xüsusi bir coğrafi ərazi deyil, əksinə, milli iqtisadi məkanın bir hissəsi olmaqla, burada ölkənin digər yerlərində istifadə olunmayan müəyyən güzəşt və stimullar sistemi tətbiq edilir".

Azad iqtisadi zonaların aşağıdakı xarakterik cəhətlərinə baxaq:

а) müxtəlif növ güzəşt və stimulların tətbiqi, o cümlədən:

• xarici ticarətdə güzəştlər (ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi);

• fiskal güzəştlər – müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılmasını nəzərdə tutur. Bu güzəştlər vergi bazası (mənfəət və ya gəlir, əmlakın dəyəri və s.) və onun ayrı-ayrı komponentlərini (amortizasiya ayırmaları, əmək haqqına, elmi-texni tərəqqiyə və nəqliyyata çəkilən xərclər), vergi dərəcələrinin səviyyəsini, vergilərdən daimi və ya müvəqqəti azadolmalar kimi məsələləri əhatə edə bilər;

• maliyyə güzəştləri – subsidiyaların müxtəlif formalarını əhatə edir. Subsidiyalar büdcə vəsaitləri və güzəştli dövlət kreditləri hesabına – birbaşa və kommunal xidmətlərə aşağı qiymət qoymaqla, torpaq sahələrindən istifadə etmək üçün icarə haqqının azaldılması yolu ilə - dolayı formalarda verilə bilər.

• administrativ (inzibati) güzəştlər – müəssisələrin qeydiyyatdan keçirilməsi, xarici vətəndaşların ölkəyə girişi və çıxışı prosedurlarının sadələşdirilməsini nəzərdə tutur.

Azad iqtisadi zonalarda güzəştlərin tətbiqi nəticəsində mənfəət norması 30-35%, bəzən isə daha çox olur: misal üçün, Asiyanın azad iqtisadi zonalarında fəaliyyət göstərən transmilli şirkətlər orta hesabla ildə 40% mənfəət əldə edirlər. Qoyulan sərmayələrin özünü ödəməsi müddəti isə əhəmiyyətli dərəcədə qısalır (2-3 dəfəyədək). Azad iqtisadi zonalar üçün bu müddət 3-3,5 ili keçməyənədək normal hal kimi sayılır.

b) zonada geniş iqtisadi spektrdə sərbəst surətdə qərar verə bilmək hüququna malik olan lokal, xüsusi bir idarəetmə sisteminin mövcudluğu;

c) mərkəzi dövlət orqanları tərəfindən hərtərəfli dəstəyin göstərilməsi.

Azad iqtisadi zonaların yaradılması bir qayda olaraq – ayrı-ayrı ərazi və regionların iqtisadi inkişafına, konkret prioritet iqtisadi məsələlərin həllinə, strateji proqram və layihələrin reallaşdırılmasına yönəldilmiş ciddi bir işdir. Belə ki, təcrübə onu göstərir ki, azad iqtisadi zonalarda yaradılmış güzəştlər sistemi bu ərazidə reallaşdırılan proqramlarla birbaşa və sıx əlaqəyə malikdir. Dünya təsərrüfatındakı təcrübəyə əsaslanaraq onu da qeyd edək ki, AİZ-in yaradılması zamanı bəyan edilən ilkin məqsəd və vəzifələr demək olar ki heç vaxt faktiki inkişafın nəticələri ilə üst-üstə gəlmir.

Azad iqtisadi zonaların yaradılmasında iki yanaşma mövcuddur. Azad iqtisadi zonaların yaradılmasının ərazi konsepsiyası özündə tətbiq edilən ölkənin digər ərazilərindən ayrılmış elə bir ərazisini əks etdirir ki, burada yerləşən müəssisələr üçün xüsusi güzəştli rejim tətbiq edilir2. Nöqtəvi konsepsiyaya görə isə yaradılan azad iqtisadi zonalarda güzəştli rejimlər yalnız sahibkarlıq fəaliyyətinin müəyyən bir növünə şamil edilir. Bu zaman təsərrüfat subyektlərinin coğrafi yerləşməsi heç bir əhəmiyyət daşımır. Misal kimi nöqtəvi zonalara Meksikadakı “Makiladoras” ərazisini göstərmək olar. Bu konsepsiya firmalara öz fəaliyyətlərini həyata keçirmək üçün istədikləri optimal rayonu seçməyə imkan yaradır.

Azad iqtisadi zonaların yaradılmasında başlıca məqsəd ölkələrin beynəlxalq əmək bölgüsündə baş verən inkişaf proseslərinə fəal surətdə qoşulmaqdır. Söhbət ixrac üçün rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi və bu yolla da valyuta daxilolmalarının artımının təmin edilməsindən gedir. Bu məntiq tam başadüşüləndir. Əgər ölkə hər hansı səbəblər üzündən birbaşa xarici kapital üçün açıq iqtisadiyyatı təmin edə bilmirsə, onda bunu azad iqtisadi zonalar çərçivəsində həyata keçirə bilər.

Azad iqtisadi zonalar həmçinin bunda maraqlı olan ölkənin daxili bazarının yüksək keyfiyyətli məhsullarla, ilk növbədə isə idxaləvəzedici məhsullarla doldurulması üçün çox vacibdir. Bu məqsədə çatmaq üçün ayrılmış ərazidə xarici kapitalın iştirakı ilə idxaləvəzedici istehsal yaradılır.

Azad iqtisadi zonaların təşkili ölkənin xarici iqtisadi əlaqələrə təkcə istehsal yönümündən deyil, həm də turizm, mədəniyyət kimi sahələrdən qoşulmasını təmin edir ki, bütün bunlar da valyuta daxilolmalarının həcmini artırır.

Azad iqtisadi zonalar istehsalata milli və xarici elmi-texniki layihələrin sürətlə tətbiqini təmin edir və bunun da nəticələri gələcəkdə ölkənin milli iqtisadiy-

yatının bütün sahələrində istifadə edilir.

İnkişaf etməkdə olan ölkələrdə azad iqtisadi zonaların yaradılmasının əsas məqsədlərindən biri də ixtisaslı fəhlələrin, mühəndislərin, idarəedici kadrların hazırlanmasıdır.Və nəhayət, zonaların yaradılması iqtisadiyyatın inzibati idarəetmə üsulundan bazar prinsiplərinə keçid metodu kimi qiymətləndirilir3.

Azad iqtisadi zonaların yaradılması məqsədləri bu və ya digər ölkənin iqtisadi, sosial, hətta siyasi mühitlərindən asılı olaraq müxtəlif cür olur. İnkişaf etmiş kapitalist ölkələrində azad iqtisadi zonalar bir qayda olaraq, işsizlikdən əziyyət çəkən və zəif infrastruktura malik geridə qalmış regionlarda yaradılır. Bu cür regionlara zona statusu verən ölkələrin hökumət orqanları bu cür ərazilərə xarici investisiyaların cəlb edilməsindən daha çox mövcud istehsalın inkişafını daha da stimullaşdırmaq və əlavə iş yerlərinin təmin edilməsi kimi məqsədlər güdürlər. Asiyanın Yeni Sənaye ölkələrində zona siyasəti sənayenin əsas elementi kimi çıxış edir və iqtisadi artımın sahəvi anklavlarının yaradılmasına yönəldilir (əsasən ixrac və elmi-texniki zonalar). İnkişaf etməkdə olan ölkələrdə isə əsas məqsəd kimi xarici kapitalın, qabaqcıl texnologiyanın və idarəetmə təcrübəsinin ölkəyə cəlb edilməsi, ixracın stimullaşdırılması, onun strukturunun yaxşılaşdırılması, məşğulluğun artırılması və yüksək ixtisaslı kadrların hazırlanması, torpaq sahələrinin və digər obyektlərin icarəyə verilməsi ilə əlavə mənfəətin əldə edilməsi, kommersiya və s. xidmətlərin göstərilməsi götürülür.

Öz ərazisində AİZ yaratmağa çalışan ölkələr bir sıra problemlərlə qarşılaşırlar. Bəzi ölkələr bunu iqtisadi mexanizmlərin inteqrasiyası məqsədilə, bəziləri isə xarici texnologiyaları cəlb etmək məqsədilə yaradırlar.Məsələn: 1981-ci ildən başlayaraq Böyük Britaniyada məşğulluq səviyyəsinin artırılması və bazar konyukturasının inkişafı məqsədilə azad aeroportların yaradılmasına başlandı (Liverpul, Belfast, Birmingem, Kardiff, Sauthempton, Prestris). Post sosialist ölkələri isə azad iqtisadi zonaları bazar iqtisadiyyatı mexanizmlərinin ölkədə bərqarar olunması üçün yaradırlar. ABŞ-da isə 1934-cu ildə qəbul olunmuş qanuna əsasən azad iqtisadi zonalar xarici məhsulları idxala olan vergilərdən azad etməklə xarici ticarətə yardım və əlverişli mühitin yaradılması məqsədinə yönəlmişdir.

Göründüyü kimi AİZ-in yaradılmasında müxtəlif məqsədlərin olduğunu sübut etmək üçün bir neçə misal gətirmək mümkündür. Bütün bunlara baxmayaraq, bu məqsədlərin hamısını birləşdirən ümumi xarakterik cəhətlər vardır. Bütün məqsədləri iqtisadi, sosial, elmi və texniki olmaqla aşağıdakı kimi izah etmək olar:

İqtisadi məqsədlər:



  • Milli bazarın dünya iqtisadiyyatı sisteminə dərindən daxil olması;

  • Yüksək rentabelliyə malik istehsalın inkişafı üçün xarici və daxili investisiyaların cəlb edilməsi;

  • İxrac məhsullarının genişləndirilməsi üçün BƏB-in üstünlüklərindən istifadə edilməsi;

  • Ölkə büdcəsində valyuta daxilolmalarının artırılması

Sosial məqsədlər:

  • İqtisadi cəhətdən geridə qalmış regionların kompleks inkişafı;

  • İş yerlərinin sayının çoxaldılması və əhalinin məşğulluğunun təmin edilmə-si;

  • Yerli ixtisaslı fəhlələrin, mühəndislərin, iqtisadi və idarəetmə personalının təhsil və peşə təcrübələrinin artırılması;

  • Milli bazarın yüksək keyfiyyətli məhsullarla doldurulması.

Elmi-texniki məqsədlər:

  • Ən yeni xarici və yerli texnologiyadan istifadə;

  • İdarəetmənin yeni formalarının həyata keçirilməsi;

  • Mühəndis-texniki mərkəzlərin təcrübi və elmi nailiyyətlərinin cəlb edilməsi;

  • İstehsal gücünün, infrastrukturun keyfiyyətinin artırılması

Bütün bu məqsədlərə nail olmaq üçün bunda maraqlı olan ölkələr xarici investorlar üçün əlverişli mühit yaratmalıdır. İndi isə AİZ-in normal fəaliyyət göstərməsi üçün ən vacib bir neçe şərtləri nəzərdən keçirək:

  • Siyasi stabillik ölkə daxilində əlverişli investisiya iqlimini yaratmağa kömək edir. Təcrübə dəfələrlə göstərmişdir ki, bu, xarici investisiyaların cəlb edilməsində həlledici rol oynayır;

  • Xarici və daxili investorların fəaliyyətini stimullaşdıran və hüquqlarını qoruyan yüksək qanunvericilik bazasının yaradılması;

  • İnkişaf etmiş infrastrukturun yaradılması ( həm istehsal həm də kommersiya məqsədli);

  • Təbii coğrafi mühit də vacib şərtlərdəndir;

  • Əlverişli iqtisadi konyuktura istənilən investor üçün cəlbedicidir.

Azad iqtisadi zonaların təsnifatı və əsas inkişaf xüsusiyyətləri

Dünya praktikasında AİZ-in müxtəlif formaları mövcuddur. Lakin hazırda azad zonaların hamı tərəfindən qəbul edilən ümumi tipologiyası mövcud deyil. İndi isə onların mümkün təsnifatına, tipik ölçülərinə, tətbiq edilən güzəştlər sisteminə və yayılma regionlarına nəzər salaq.

Adətən AİZ-in bu və ya digər növünü birmənalı şəkildə təsnifləşdirmək çox çətin olur. Belə ki, o, özündə bir çox zonaların xüsusiyyətlərini birləşdirir. Dünyada daha geniş yayılmış AİZ-ə aşağıdakıları misal göstərmək olar:

Azad ticarət zonaları

Azad ticarət zonaları daha çox ABŞ-da geniş yayılmışdır. Onların yaradılması 1934-cü ildə ABŞ-da qüvvəyə minən xüsusi qanunla başlanmışdır. Bunun da məqsədi ticarətin həvəsləndirilməsi, ticarət əməliyyatlarının sürətlənməsi, ticarət xərclərinin azaldılması olmuşdur. Qanunda göstərilir ki, hər bir rəsmi limanda heç olmazsa bir azad xarici ticarət zonası yaradıla bilər. Azad ticarət zonalarına misal olaraq nəhəng beynəlxalq aeroportlarda yaradılmış “Duty free” adlanan xüsusi mağazaları göstərmək olar. Maliyyə rejimi nöqteyi nəzərindən azad ticarət zonalarına dövlət sərhəddindən kənarda yerləşən bir zona kimi baxılır. Azad ticarət zonalarına həmçinin güzəştli ticarət rejiminə malik ənənəvi azad limanları da aid etmək olar. Hazırda dünyada 600-dən çox azad liman və 4000-ə qədər azad ticarət zonası mövcuddur.

Xüsusi gömrük zonaları

İqtisadi zonaların sadə formalarından biri olmaqla, xüsusi gömrük zonaları özlərində ixrac üçün nəzərdə tutulmuş xarici malların qorunması, qablaşdırılması və emalı üçün yaradılmış tranzit və ya konsiqnasiya anbarlarını əks etdirir4. Belə zonaları tez-tez azad gömrük əraziləri kimi də adlandırırlar. Xüsusi gömrük zonalarında malların idxalı və ixracına gömrük rüsumları tətbiq edilmir. Belə zonalar dünyanın bir çox ölkələrində mövcud olur.

Xüsusi ticarət-sənaye zonaları

Güzəştli ticarət rejiminə malik əraziləri özündə əks etdirir. Belə zonalarda sərmayə qoyuluşu, sənaye istehsalının inkişafı, məhsulların ixracı üçün çoxsaylı güzəştlər tətbiq edilir. Xüsusi ticarət-sənaye zonalarının istehsal və ticarət fəaliyyəti zonalar içərisində daha geniş yayılmış formalardan biridir.

İxracın həvəsləndirilməsi xüsusi zonaları və ya ixarcyönümlü sənaye zonaları

UNCTAD-ın materiallarına görə, belə zonalar milli gömrük ərazisi çərçivəsində anklav kimi xarakterizə edilir və adətən beynəlxalq limanların yaxınlığında yerləşir ki, buraya quraşdırılmaq üçün gətirilən avadanlıq və komponentlər, həmçinin materiallar gömrük nəzarətindən keçirilmir. İxracyönümlü sənaye zonalarında idxal edilən məhsullar emala məruz qalaraq, sonradan qəbul edən ölkənin gömrük orqanlarının maneəsi olmadan ixrac edilirlər. Bu zaman heç bir gömrük rüsumları ödənilmir. Lakin bu hal, həmin məhsullara, onların qəbul edən ölkənin milli gömrük ərazisinə daxil olduğu zaman şamil edilmir.

Bu cür zonalara daha çox sənayeləşmənin idxaləvəzedici tipindən ixracyönümlü tipinə keçid strategiyasını həyata keçirən inkişaf etməkdə olan ölkələrdə rast gəlmək olar. Belə zonaların müsbət effektlərinə əksər hallarda Yeni Sənaye Ölkələrində nail olunur. Hazırda dünyada belə zonaların sayı 350-ni ötmüşdür. İxracyönümlü sənaye zonaları əsasən valyuta sərvətləri qazanmaq məqsədilə xarici bazara çıxış yönümündə yaradılır.

Texniki-iqtisadi inkişaf zonaları

Texniki-iqtisadi inkişaf zonaları milli iqtisadiyyatda effektli, yüksək texnologiyaya malik istehsalın təşkili məqsədilə yaradılır. Texniki-iqtisadi inkişaf zonalarında yerləşən müəssisələrdə istehsalın idarə edilməsinin müsir metodlarından, təşkilatçılığın və marketinqin proqressiv metodlarından geniş istifadə olunur və qabaqcıl sənaye texnologiyası işlənib hazırlanır, tətbiq edilir5. Texniki-iqtisadi inkişaf zonaları da daha çox inkişaf etməkdə olan ölkələrdə geniş yayılmışdır. Təşkilati və fəaliyyət göstərmə xüsusiyyətlərinə görə texniki-iqtisadi inkişaf zonalarına yaxın olan AİZ formalarından biri də Yeni və Yüksək Texnologiyanın İnkişafı Zonalarıdır.

Yeni və yüksək texnologiyanın inkişafı zonaları

Belə zonalar əsasən ABŞ, Yaponiya və Çin kimi ölkələrdə geniş yayılmışdır. ABŞ-da onları “texnoparklar”, Yaponiyada – “texnopolislər”, digər ölkələrdə isə - biznes-innovasiya mərkəzləri və “inkubatorlar” kimi adlandırırlar. Texniki-iqtisadi inkişaf zonalarından fərqli olaraq, texnoparkların fəaliyyəti yeni və yüksək texnologiyanın inkişafı, elmtutumlu məhsullar istehsalına yönəlir. Belə zonalarda cari və perspektiv elmi-təcrübi məsələlərin həlli ilə, yeni növ məhsul və material istehsalı ilə məşğul olan güclü kadr və mühəndis potensialı cəmləşmişdir.

ABŞ-da yerləşən ən böyük və dünyaca məşhur olan texnoparklardan “Sellikon Velli” dünyada hesablayıcı texnika və kompüter istehsalının 20%-ni verir. Ümumiyyətlə isə ABŞ-da belə zonaların sayı 80-dən çoxdur. Yaponiyada qabaqcıl elmi nailiyyətlərdən və texnologiyadan istifadə edən 20-dən çox texnopolis vardır. Çində isə 50-dən çox yeni və yüksək texnologiyanın inkişafı zonaları qeydiyyatdan keçmişdir.

Kompleks, çoxsahəli inkişaf təyinatlı iqtisadi zonalar

Belə zonalar sadaladığımız digər zonalara məxsus bütün xüsusiyyətləri özündə əks etdirir. Misal üçün, Şenjzen (Çin) Azad İqtisadi Zonasının tərkibinə azad ticarət zonaları və texnoparklar daxildir.

Açıq rayonlar

Belə zonalar əsasən xarici kapitalın cəlb edilməsi məqsədilə güzəştli investisiya rejiminin yaradıldığı əraziləri əhatə edir. “Açıq rayonlar” daha çox Çində inkişaf etmişdir və demək olar ki, ölkənin bütün sahilboyu ərazilərini əhatə etməklə, ölkənin daxilinə doğru genişlənirlər. Belə rayonlarda texniki-iqtisadi inkişaf zonaları, ixracyönümlü istehsalı həyata keçirən texnoparklar yerləşir.

Offşor zonaları

Bəzən “vergi limanları” kimi də adlandırılan offşor zonalar 70-ci illərdən etibarən yaranmağa başlanmışdır. Offşor zonaları səmərəli valyuta-maliyyə rejiminə, yüksək səviyyəli bank və kommersiya sirrinin təminatlılığına, dövlət tənzimlənməsinin loyallığına görə müştəriləri daha çox cəlb edir6. Onlar daha çox Böyük Britaniyanın keçmiş müstəmləkələri sayılan Birlik ölkələrində geniş yayılmışdır. Dünyada daimi, sabit fəaliyyət göstərən 30-a yaxın offşor zonalar vardır. Panama, Norman adaları, İrlandiya, İsveçrə və s. kimi ölkələrdə offşor zonalarının fəaliyyəti daha əvvələ gedib çıxır. Son onilliklərdə offşor zonaları İsrail, Malta, Malayziya kimi ölkələrdə də yaranmağa başlamışdır. Offşor zonalarında yerləşən sənaye, ticarət və bank şirkətləri ya ümumiyyətlə vergiyə cəlb olunmur (İrlandiya, Liberiya kimi), ya da onlar çox aşağı vergi dərəcələrilə vergilər ödəyirlər. İsveçrədə vergilər çox aşağı həcmdə olur, lakin bu, müəyyən hallarda dəyişdirilə də bilər. Offşor zonalarında güzəştli rejim həmçinin valyuta məhdudiyyətlərinin, xarici investorlar üçün gömrük rüsumlarının və yığımlarının olmaması, eksteritoriallıq, mənfəətin və müəyyən həcmdə kapitalın ölkədən sərbəst çıxarılması və s. formalarda tətbiq olunur7. Offşor zonalarını öz ərazilərində yaradan ölkələrə bunun xeyri, əlavə xarici investisiyaların cəlb edilməsi, gəlirlərin artması, əlavə iş yerlərinin açılmasındadır ki, bütün bunların nəticəsində də milli iqtisadiyyatın inkişafı təmin edilir.

Offşor biznes bir qayda olaraq daha çox, bank, sığorta işində, dəniz gəmiçiliyində, trast fəaliyyətindəki daşınmaz əmlakla bağlı əməliyyatlarda, konsaltinq sahəsindəki ixrac-idxal əməliyyatlarında cəmləşmişdir.

Offşor zonaların fəaliyyəti mütəxəssislər tərəfindən heç də birmənalı qarşılanmır. Bir çoxları belə qənaətə gəlirlər ki, offşor zonaları “çirkli pulların” yuyulması və müxtəlif cür bank fırıldaqlıqlarının baş verdiyi ərazilərdən başqa bir şey deyildir.

Misal üçün, bir çox rus sahibkarları offşor zonalarında öz şirkətlərini yaratmaqla öz gəlirlərini offşor hesablarındakı möhkəm valyutalarda saxlamaqla bunu gizlədirlər. Bununla yalnız Rusiyada güzəştli investisiya rejimini yatmaq və valyutaların qorunmasını təşkil etməklə mübarizə aparmaq olar. Əks təqdirdə isə, xarici iqtisadi əlaqələrin liberallaşdığı bir şəraitdə onsuz da dayanmadan artan valyuta sərvətləri ölkədən xaricə axmağa başlayacaqdır.

İstehsalın beynəlmiləlləşməsinin, beynəlxalq əmək bölgüsünün müasir inkişaf səviyyəsi nəticəsində yaranan AİZ sırasına misal olaraq Tumaqan xüsusi iqtisadi zonasını göstərmək olar. “Tumaqan” Azad İqtisadi Zonası Rusiya, Çin, KXDR sərhədlərinin qovuşduğu yerdə yaranmışdır. Layihə 25-30 il müddətinə hesablanmışdır. Bu Azad İqtisadi Zonada limanlar tikilmişdir. Gələcəkdə isə çin və koreyalı işçi qüvvəsindən istifadə etməklə çoxsaylı sənaye müəssisələri tikiləcəkdir. Rusiya isə bu müəssisələrə emal üçün xammal göndərəcəkdir. Azad iqtisadi zonada öz müəssisələrini yaradacaq sahibkarlar çoxlu güzəştlərdən yararlanacaqlar. Bu azad iqtisadi zonanın yaradılmasında nəzərdə tutulan layihələrdən biri də Avropaya gedən yolun qısaldılması məqsədilə Çin, Mərkəzi Asiya və Avropa ölkələri ərazisindən keçəcək dəmiryol xəttinin çəkilişidir.

Göründüyü kimi, azad iqtisadi zonaların müxtəlif növləri vardır. Onlar əsasən ticarət, sənaye istehsalı, elmi-texniki və servis zonaları şəklində yaradılırlar. Ticarət üzrə formalaşdırılan zonalarda əsas məqsəd güzəştlər: gömrük rüsumlarının tam və ya qismən azaldılması, gömrük prosedurlarının maksimum dərəcədə sadələşdirilməsi, ticarət sahəsində lisenziyaların qısa müddətdə verilməsi və s. tətbiq etməklə idxal-ixrac əməliyyatlarını stimullaşdırmaqdır. Sənaye istehsalı zonalarında isə güzəştlər daha çox idxaləvəzedici və ya ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə nail olmaq məqsədilə tətbiq edilir. Elmi-texniki zonalarda əsasən elmtutumlu məhsulların istehsalı həyata keçirilir, müasir texnoloji biliklər tətbiq edilir, elmi işçilərin peşə və ixtisasları artırılır və s. müsbət istiqamətli proseslər baş verir. Servis zonalarına gəldikdə isə, belə zonalarda adətən iqtisadiyyatın hər hansı bir sahələri üçün xüsusi güzəştlər ayrılır. Məsələn, turistik zonalarda turist industriyasının inkişafı sahəsində fəaliyyət göstərən müəs-sisələr müəyyən güzəştlər əldə edirlər (vergilərdən tam və ya qismən azadolma, inzibati və digər güzəştlər). Offşor zonalar adətən keçmiş koloniyaların ərazisində, kiçik adalarda yaradılır. Burada fəaliyyət göstərən şirkətlər demək olar ki, vergi ödəmirlər. Xarici valyutadan istifadəyə isə məhdudiyyət qoyulmur. Belə zonalar müasir dövrdə daha çox “çirkli pullar”ın yuyulması məkanı kimi çıxış edirlər. Fiskal və maliyyə güzəştlərinin tətbiqi, ucuz işçi qüvvəsindən istifadə buraya TMK-ın axınını gücləndirir.

Bu və ya digər zonanın yaradılması zamanı ortaya çıxan vacib məsələlərdən biri də onların yerləşdirilməsi ilə əlaqədardır. Bu zaman müəyyən şərtlər və tələblər irəli sürülür ki, onların sırasına da əsasən aşağıdakılar daxildir:

• xarici və daxili bazarlara çıxmağa imkan yaradan əlverişli nəqliyyat-coğrafi yerləşmə və inkişaf etmiş nəqliyyat şəbəkələrinin mövcudluğu;

• inkişaf etmiş istehsal potensialının, istehsal və sosial infrastruktur növlərinin mövcudluğu;

• qiymətli təbii-resurs potensialı (ilk növbədə - karbohidrogen ehtiyatları, əlvan metallar, meşə resursları və s.).

Buna görə də azad iqtisadi zonaların yaradılması üçün daha əlverişli ərazilər bir qayda olaraq, xarici ölkələrlə sərhədyanı mövqeyə malik olur, həmçinin burada dəniz ticarəti limanları və magistral nəqliyyat şəbəkələri (dəmiryolu, avtomobil yolu, aeroportlar) yerləşir ki, bu da həmin ərazini sənaye, elmi və mədəni mərkəzlərlə, daha qiymətli təbii resursların cəmləşdiyi regionlarla qovuşdurur.

Ayrı-ayrı hallarda azad iqtisadi zonaların yaradılması üçün əvvəlcədən inkişaf etmiş sənayeyə, istehsal və sosial infrastruktura malik olmayan, lakin bir sıra uzunmüddətli dövlət proqramlarının (ölkənin yanacaq-energetika və mineral-xammal bazasının möhkəmləndirilməsi və s.) həyata keçirilməsi üçün imkan yaradan, təsərrüfat baxımından yeni mənimsənilmiş əlverişli ərazilərin seçilməsi də məqsədəuyğun hesab edilir.

AİZ-i yaradarkən adətən mütəxəssislər aşağıdakı suallara cavab tapmağa çalışırlar:



  • İnkişafa nail olmaq üçün konkret hansı işlər görülməlidir;

  • Fəaliyyətin sonu nə ilə nəticələnəcəkdir;

  • Hansı layihələr öncə həyata keçirilməlidir və bunun üçün hansı maliyyə mənbələri cəlb edilməlidir;

  • Taktiki və strateji addımlar nədən ibarət olmalıdır;

  • Zonanın inkişafı üçün tədbirlər nə cür təşkil olunmalıdır.

Azad iqtisadi zonaların müxtəlif növlərinin fəaliyyət göstərməsində vacib aspektlərdən biri yerli və xarici investorlar üçün tətbiq ediləcək güzəştlər sistemidir. Vergi güzəştləri investor üçün daha çox əhəmiyyət kəsb edir, belə ki, bazar iqtisadiyyatı ölkələrində yüksək vergilərin tətbiqi nəticəsində investorlar öz mənfəətlərinin təxminən yarısından məhrum olurlar. Bu vergilərin içərisində isə əsas yeri mənfəət vergisi tutur. Bu vergi üzrə güzəştlər vergi dərəcələrinin azaldılması və ya onun ödənilməsindən uzunmüddətli azadolmalar formasında tətbiq edilə bilər. Demək lazımdır ki, bir sıra ölkələrdə bu müddət kifayət qədər uzundur. Məsələn, Hindistanın zonalarında bu güzəşt mənfəətin bəyan edilməsindən sonra 5 il müddətinə, Peruda isə 15 il müddətinə tətbiq olunur. Vergi dərəcələrinin azaldılması da böyük əhəmiyyət kəsb edir. Təbii ki bu cür güzəştlər tətbiq edilərkən müəssisənin növü və onun fəaliyyət göstərdiyi sahənin prioritetliyi nəzərə alınmalıdır. Misal üçün, Çində azad iqtisadi zonalarda fəaliyyət göstərən müəssisələr üçün mənfəət vergisi 15% həcmindədir, halbuki daxili bazarda eyniadlı verginin dərəcəsi 33% təşkil edir. Bolqarıstanda “Rüsumsuz azad zonalar” haqqında qərara görə, istehsal, ticarət və digər fəaliyyət nəticəsində əldə edilən mənfəət yalnız məhsulun zonanın daxilində və ya onun xaricində reallaşdığı zaman vergidən azad edilə bilər.

Mənfəət vergisindən başqa, həmçinin əmlak, dövriyyə və digər vergi növlərinin də ödənilməsində güzəştlər tətbiq olunur. Braziliyanın Manaus azad zonasında buraya gətirilmək üçün nəzərdə tutulan və bu ərazinin xaricində istehsal edilən, həmçinin bu ərazidə istehsal edilib ölkənin daxili bazarında satılmaq üçün nəzərdə tutulan, o cümlədən zonada satılmaq üçün yerli xammaldan istehsal edilən məhsullar vergilərdən azad edilir.

Azad iqtisadi zonalarda həmçinin dolayı güzəştlər də tətbiq edilir. Bu, ilk növbədə icarə, kommunal və digər xidmətlərdən istifadıyı görə tariflərin azaldılmasına aiddir. Dolayı güzəştlərin növləri çoxdur və onlar azad iqtisadi zonanın yaradılma məqsədlərindən asılı olaraq müəyyən edilir.

Azad iqtisadi zonaların xarakterik cəhətlərindən biri də onların ölkənin gömrük sərhədlərindən ayrılması və mal və xidmətlərin idxal-ixracına xüsusi tənzimləmə rejiminin tətbiq edilməsidir. Bir qayda olaraq, zonaya istehsal prosesi üçün lazım olan istehsal vasitələrinin, komplekt materialların, xammalın, həmçinin ölkə daxilində satılmaq üçün istehlak mallarının və ərzaq məhsullarının idxalı rüsum tətbiq edilmədən həyata keçirilir. Bəzi ölkələrin azad iqtisadi zonalarında isə hətta ixrac rüsumları da yığılmır.

Bir sıra ölkələrdə, məsələn, Çin, Çili, Peruda azad iqtisadi zonaların müəssisələri tərəfindən həyata keçirilən idxal-ixrac əməliyyatlarının və daxili bazarda hesablaşmaların aparılması üçün həm sərbəst dönərli valyuta, həm də ölkənin milli valyutası tətbiq edilir. Misal üçün, Çinin azad iqtisadi zonalarında bir neçə ödəniş valyutasından istifadə olunur – yuan, honqkonq dolları, sərbəst dönərli valyuta. Bu zaman subyektlərin valyuta fəaliyyəti hakimiyyət dairələrinin sərt nəzarəti altında olur. Sahibkarlar istənilən valyutada hesablaşmalar aparmaq hüququna malikdirlər. Beləliklə də, valyuta rejimi də azad iqtisadi zonaların xarakterik cəhətlərindən hesab olunur.

Azad iqtisadi zonaların klassik formaları içərisində hazırda daha geniş yayılanları kimi aşağıdakıları misal göstərmək olar:

- beynəlxalq nəqliyyat qovşaqlarının kəsişdiyi ərazilərdə yerləşən rüsumsuz zonalar;

- xarici ticarətə yönəlmiş ixracyönümlü sənaye zonaları;

- tətbiq edilən ölkədə mövcud olan elmi-texniki potensial əsasında yaradılan texnoloji-inkişaf parkları, yəni texnoparklar;

- iqtisadiyyatın əhəmiyyətli sferalarından sayılan bank və sığorta xidməti zonaları;

- idxal-sənaye zonaları və idxaləvəzedici məhsullar istehsal edilən zonalar.

Təcrübədə isə heç də iqtisadi zonaların fəaliyyəti yalnız yuxarıda sadalanan özünəməxsus xüsusiyyətlərlə məhdudlaşmır. Demək olar ki, iqtisadi zonaların bütün növlərində digərlərinə məxsus cəhətlərə rast gəlmək mümkündür. Misal üçün, inanmaq çətin olar ki, texnoloji inkişaf parklarında bank xidmətləri, sığorta və ticarət əməliyyatları kimi xidmətlər göstərilməsin.



II FƏSİL. Azad iqtisadi zonalar Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya üsulu kimi.

Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında da bazar münasibətlərinin dərinləşməsi, biznes fəaliyyətinin genişlənməsi istiqamətində Azad İqtisadi Zonaların yaradılmasının mühüm iqtisadi önəmi vardır. Azad iqtisadi zonaların yaradılması ideyası və təşəbbüsləri respublikamızın ilk müstəqillik illərində israrlı konteksdə quruculuq zirvəsinə irəliləmişdi. Lakin bu mühüm sistemə keçiddə aşkarlanan müəyyən təcrübə kasadlığı, hazırsızlıq meylinin mövcudluğu və başlıca olaraq iqtisadi inkişafın artım templərinin məhdudluğu müvafiq zonaların təşəkkülünü bir qədər ləngitmişdir. Bu gün respublikamızda yenə də Azad İqtisadi Zonaların yaradılması məsələsi qabarıqlaşmış və daha aktual xarakter almışdır.

Son illər AİZ-in inkişafı dünya iqtisadiyyatında nəzərə çarpan hadisıələrdən biridir. Bu məsələ MDB ölkə liderlərinin axırıncı üç sammitində də diqqət mərkəzində olmuş, nəticədə Azad İqtisadi Zonaların formalarından biri olan “Azad ticarət zonalarının yaradılması haqqında” saziş imzalanmışdır. Respublika-da belə zonaların yaradılması üzrə iş 1994-cü ildə BMT-nin inkişaf proqramı ilə başlanmış, lakin 1999-cu ildə bir sıra səbəblər üzündən dayandırılmışdır. Həmin illərdə Sumqayıt şəhərində AİZ-in yaradılması layihəsinə BMT-nin Azərbaycan Respublikasındakı nümayəndəsi Pablo Lembo başçılıq etmişdir. Sumqayıt şəhərində yaradılması nəzərdə tutulan iqtisadi zona mühüm spesifik xüsusiyyət daşıdığından və respublikamızda Azad İqtisadi Zona quruculuğunun mərkəzi obyektinə çevrildikdən onun səciyyəvi cəhətlərinin araşdırılması məqsədəuyğun olardı. Təəssüflə qeyd olunmalıdır ki, Sumqayıtda yaradılması nəzərdə tutulan Azad iqtisadi zona konsepsiyasının səmərəliliyi kompleks şəkildə tədqiqatdan keçirilməmişdir. BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) xəttilə Sumqayıt AİZ-nin yaradılması üçün müəyyən tədqiqatlar aparılmışdır. Onun əhəmiyyətini heç də azaltmaq fikrində deyilik. Lakin bu tədqiqatların özündə də müəyyən qaranlıq qalan məqamlar olmuşdur. Müvafiq zonanın adının tez-tez dəyişməsi, onun Sumqayıt ixracat zonası və ya Sumqayıt xüsusi zonası kimi adlandırılması buna əyani sübutdur. Digər tərəfdən, Sumqayıt Azad İqtisadi Zonasının yaradılmasının ümumi layihəsi və proqramı geniş ictimaiyyətə tam şəkildə çatdırılmamışdır. Sumqayıt Azad iqtisadi zonasının yaradılmasının başlıca vəzifəsi şəhərin əsas aparıcı istehsal sahələrinin dirçəldilməsi və müasir tələblərə cavab verən səviyyəyə çatdırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, ekoloji mühitin sağlamlaşdırılması, şəhərin elmi-texniki potensialından maksimum istifadə edilməsi problemlərinə yönəlmişdir. 8

Dünya təcrübəsinə görə AİZ yalnız istehlak mallarının müəyyən əraziyə rüsumsuz idxalını deyil, əsasən ölkənin müəyyən ərazisinin iqtisadiyyatını qısa müddətdə canlandıra bilən istehsal sahələrinin dirçəlməsinə kömək edəcək idxalı özündə birləşdirmişdir.

AİZ-in yaradılması və fəaliyyəti sahəsində xarici ölkələrin təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi kontekstində Azərbaycan Respublikasında da müvafiq zonaların yaradılması zəruriliyini əsaslandırmaq olar. Bu əsaslandırma aşağıdakıları əhatə edir:

- AİZ-in təşkili inzibati nöqteyi-nəzərdə zəhmətli iş olduğundan onların istismarı ilə ya xüsusi olaraq hökumət tərəfindən yaradılmış inzibati strukturlar, yaxud dövlət şirkətləri məşğul olmalıdırlar.

- inkişaf etməkdə olan ölkələrin ixrac istehsal zonalarının yaradılması təcrübəsi, həmin ölkələrin inkişafında mühüm rol oynayır və bu meyl respublikamız üçün də məqbul sayılır.

- AİZ-in müvəffəqiyyəti dövlətin dəstəyindən və ən yüksək səviyyəli idarəetmədən asılıdır və işdə dövlət resursları kifayətedicidir.

- daha yaxşı idarəetmə məqsədilə ölkənin müəyyən zonaların inkişafı üzrə səhmdar cəmiyyətlərin yaradılmasında Azad iqtisadi zonalar əhəmiyyətli olacaqdır.
- ölkənin daxili bazarını yüksək keyfiyyətli mallar, ilk növbədə idxalı əvəz edən mallarla zənginləşdirməkdə azad iqtisadi zonaların yaradılması müvəffəq nəticələr verəcəkdir.

- Offşor mərkəzlər Marşal planından sonra meydana gəlmişdir. ABŞ dövləti bir çox əmtəələr üzrə avropalı sənayeçilərə sifarişlər verərək dollar ifadəsində həmin məhsulları almışdır. Eyni zamanda bu sferanı təmsil edən müəssisələr əvəzsiz olaraq borc və subsidiyalar əldə etmişlər. Müasir dövrdə offşor termini kontinental şelfdə neft-qaz hasilatında da geniş istifadə olunur. Xəzərin Azərbaycan sektorunda “Əsrin müqaviləsi” çərçivəsində hasilat və işləmələri həyata keçirən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti də offşor təyinatlı orqandır. Onun offşorluğunu təkcə Azərbaycandan aldığı imtiyazlar deyil, həm də bir şirkət olaraq azad iqtisadi zonadan qeydiyyatdan keçməsidir.

Azərbaycanda belə zonaların yaradılması üçün real imkanlar vardır. Bunlar aşağıdakılardır:

1. Azərbaycan əlverişli coğrafi-nəqliyyat mövqeyi ilə yanaşı inkişaf etmiş beynəlxalq əhəmiyyətli nəqliyyat şəbəkəsinə də malikdir ki, bu da xariclə intensiv əlaqələr saxlamağa imkan yaradır.

2. Azərbaycan bütövlükdə, onun bir çox bölgələri isə ayrılıqda güclü təbii-iqtisadi potensiala malikdir: zəngin xammal ehtiyatlarına, əlverişli təbii-iqlim şəraitinə, məhsuldar torpaq sahələrinə, bol və ucuz işçi qüvvəsinə və s.

3. Azərbaycanın bir sıra bölgələrində müasir texniki-iqtisadi bazaya malik sənaye müəssisələri, istehsal sahələri və infrastruktur obyektləri mövcuddur.

4. Azərbaycanda bir çox sahələr üzrə güclü elmi potensial və ixtisaslı kadr ehtiyatı mövcuddur.

5. Ölkədə bazar münasibətlərinə keçidlə əlaqədar olaraq aparılan islahatlar nəticəsində (mülkiyyətin özəlləşdirilməsi, qiymətin sərbəstləşdirilməsi, bazar infrastrukturunun yaradılması və s.) beynəlxalq biznesin tələblərinə cavab verən təsərrüfatçılıq mühitinin yaradılması istiqamətində real işlər görülür.

6. Ölkədə xarici investisiyaların cəlb olunması və onun mühafizəsi haqqında, xarici iqtisadi əlaqələrin liberallaşdırılması və inkişafı haqqında və s. bu kimi digər hüquqi-normativ aktların qəbul olunması və onların həyata keçirilməsi üçün təşkilati idarəetmə işləri görülüb.

7. Ölkədə artıq xarici işgüzar dairələrlə birgə təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olmaq və digər əməkdaşlıq etmək təcrübəsi mövcuddur.

Aparılan tədqiqatlar göstərir ki, Azərbaycanda azad iqtisadi zonaların yaradılması xarici işgüzar dairələrlə birgə təsərrüfatçılıq fəaliyyətinin gücləndirilməsi, ölkə iqtisadiyyatına müasir texnika və texnologiyanın cəlb olunması və mütərəqqi idarəedicilik təcrübəsinin gətirilməsi məqsədi güdməli və onların fəaliyyəti ölkə və ölkədaxili bölgələr qarşısında duran aşağıdakı sosial-iqtisadi problemlərin həllinə yönəldilməlidir:

-məhsuldar qüvvələrin inkişaf etdirilməsi, istehsalın düzgün ixtisaslaşdırılması və mütərəqqi təsərrüfatçılıq formalarının tətbiqi hesabına yerli ehtiyatlardan və potensial imkanlardan mümkün qədər tam və səmərəli istifadə olunması və bu əsasda zona yaradılan bölgələrin kompleks inkişafının təmin olunması sosial-iqtisadi vəziyyətin artımının təmin olunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və s.

- ixrac potensialının inkişaf etdirilməsi və valyuta gəlirləri

-daxili bazarın rəqabətqabiliyyətli mal və xidmətlərlə təminatının yaxşılaşdırılması

- ETT-nin nailiyyətlərinin istehsala tətbiqinin sürətləndirilməsi və sonradan onun nəticələrinin istifadə olunmaq üçün ölkənin digər bölgələrinə və xaricə ötürülməsi

- azad iqtisadi zonaların milli iqtisadiyyatla dünya təsərrüfat sistemi arasında “birbaşa əlaqə” yaratmaq imkanından istifadə etməklə ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiya olunmasının sürətləndirilməsi və bu əsasla onun BƏƏ-də malik olduğu üstünlüklərdən daha səmərəli istifadə olunması üçün şərait yaradılması.

- müasir dövrün tələblərinə cavab verən infrastrukturun (istehsal və sosial) yaradılması

- lokal səviyyədə yeni təsərrüfatçılıq formalarının müxtəlif variantlarının sınaqdan keçirilməsi və əldə olunmuş müsbət nəticələrdən ölkənin digər bölgələrində də istifadə edilməsi

- yerli kadrların (fəhlə və mütəxəssislərin) sərbəst iqtisadi zonalarda xaricilərlə birgə fəaliyyəti onların beynəlxalq biznesin təşkilinin müasir üsulları və qaydaları ilə birbaşa tanış olmalarına, bunları mənimsəmələrinə şərait yaradır ki, bu da qazanılmış təcrübənin ölkənin zonadan kənar ərazisində də istifadə olunmasına imkan verir.

- zona yaradılan bölgədə və eləcə də onun hüdudlarından kənarda ölkə əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi və s.

Azad iqtisadi zonalar yaradılması baxımından əlverişli bölgələrin müəyyənləşdirilməsi məqsədilə aprılan təhlilin nəticələrinə əsaslanaraq, bu qənaətə gəlirik ki, hazırda Azərbaycanın əlverişli coğrafi-nəqliyyat mövqeyinə, güclü təbii-iqtisadi potensiala, müasir texniki-iqtisadi bazaya və infrastruktura, zəruri elmi-texniki potensiala və ixtisaslı kadr ehtiyatlarına malik olan bölgələrində (Abşeron, Naxçıvan MR, Gəncə-Qazax) istehsal xarakterli kompleks xüsusi iqtisadi zonaların, sərhəd bölgələrində (Naxçıvan MR, Gəncə-Qazax, Lənkəran-Astara, Quba-Xaçmaz) xarici ticarət zonalarının, mövcud turizm mərkəzləri və müalicə-sanatoriya şəbəkələri bazasında (Abşeron, Naxçıvan MR, Gəncə-Qazax, Şəki-Zaqatala) azad turizm və müalicə-sağlamlıq zonalarının, qabaqcıl elmi-tədqiqat mərkəzləri və elm istehsal birlikləri yanında (Bakı, Sumqayıt, Gəncə) texnoloji parkların və ya texnopolislərin yaradılması imkanı vardır.

Tədqiqatlar göstərir ki, bu imkanların gerçəkləşməsi bir sıra zəruri tədbirlərin həyata keçirilməsini tələb edir:

- ilk növbədə azad iqtisadi zonaların yaradılması və fəaliyyəti üçün zəruri olan hüquqi normativ aktlar hazırlanıb qəbul olunmalı və bununla əlaqədar mövcud olan digər hüquqi-normativ aktlarda müvafiq dəyişikliklər aparılmalıdır.

- lazımi təşkilati-idarəetmə məsələləri həll olunmalıdır.

- yaradılacaq zonaların sosial-iqtisadi və texniki-iqtisadi əsaslandırılması aparılmalıdır.

- azad iqtisadi zona yaradılması nəzərdə tutulan bölgələrdə və bütövlükdə ilkin hazırlıq işləri görülməlidir (istehsal və sosil infrastruktur inkişaf etdirilməli, müasir idarəetmə təcrübəsi toplanmalı, xarici kapitalın cəlb olunmasını sürətləndirmək üçün müvafiq tədbirlər görülməli və s.)

Bununla belə qeyd olunmalıdır ki, Azərbaycanda azad iqtisadi zonaların yaradılması perspektivində inteqrasiyanın, xarici iqtisadi əlaqələrin dərinləşməsi sürətəndirilməli, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, digər bu kimi beynəlxalq strukturlara və son hədəf olaraq Avropa İttifaqına inteqrasiya reallığa çevrilməlidir.

Azərbaycan öz ərazisində azad iqtisadi zonaların yaradılması zamanı daha çox Cənubi Koreya modelinə üstünlük verir. Bu baxımdan qısa olaraq bütövlükdə Şərqi Asiya ölkələrinin azad iqtisadi zonaların təşkilindəki təcrübələrinə nəzər salaq: Çinin xüsusi iqtisadi zonaları bütövlükdə dövlət mülkiyyətinin üstün olduğu şəraitdə bazar münasibətlərindən istifadə edilməsində böyük rol oynamışdır. 1950-60-cı illərdə yüksək gömrük haqqı tətbiq etməklə Yaponiya poladtökmə sənayesini, Cənubi Koreya sement istehsalını, Tayvan toxuculuq sənayesini xarici rəqabətdən qorumuşdu. Yerli əhalinin alıcılıq qabiliyyəti aşağı olduğu üçün Yaponiya və Cənubi Koreya ixrac üçün televizor, Tayvan soyuducu və kondisioner istehsalını artırmışlar. Yaponiya və YSÖ timsalında aydın görünür ki, bu ölkələrin belə rəqabətqabiliyyətli məhsullar istehsal edə bilmələrində istehsalçıların xarici texnologiyanı mənimsəmələri böyük rol oynayır. Bütün istehsal sahələrini ixrac üstdə istiqamətləndirmək də olmaz. Odur ki həmin ölkələr xarici məhsulları əvəzedən məhsular yaradılmasına da üstünlük vermişlər. Bu siyasətdə İndoneziya düzgün yol seçmişdir. Cənubi Koreya artıq 1979-cu ildə “açıq bazar” siyasətinin bəyan edilməsi ilə bir çox məhdudiyyətləri ləğv etməyə başladı. 90-cı illərin əvvəlinə Koreya xaricdən alınan kimya, maşınqayırma, elektrotexnika məhsullarını, xammal, yanacaq, toxuculuq, dəri məmulatı və s. məhsullarını gömrük məhdudiyyətindən azad etmişdir.

Azərbaycanda gələcəkdə yaradılması planlaşdırılan azad iqtisadi zonaları aşağıdakı formalarda qruplaşdırmaq olar:

• istehsal xarakterli kompleks zonalar;

• xarici iqtisadi zonalar ( azad gömrük zonaları, o cümlədən ixrac istehsal zonaları və s.);

• funksional və ya sahəvi (texnoloji parklar, texnopolislər, turistik, sığorta, bank zonaları və s.).

Bu tip zonaları aşağıdakı kimi xarakterizə etmək olar:

Kompleks zonalar çoxprofilli olurlar. Onlar həm məhdud ərazilərdə, həm vilayətlərin sərhəddində, həm də digər ərazi vahidlərində təşkil olunurlar. Bu ərazilərdə irihəcmli kapital axınını cəlb etmək məqsədilə lazımi infrastrukturun inkişaf etdirilməsinə şərait yaradan əlverişli mühit yaradılır.

Xarici ticarət zonaları valyuta daxilolmalarını təmin edir, bundan başqa konsiqnasiya anbarları, yerlərin icarəyə verilməsi, yüklərin boşaldılması, tranzit daşımalarının həyata keçirilməsi və digər əməliyyatlar hesabına gəlirlər artır.

Azərbaycanda bu cür xarici ticarət zonalarını ATZ formasında “Binə” aeroportunda, azad gömrük zonası şəklində Bakı buxtasında və ya yeni tikiləcək Ələt beynəlxalq dəniz limanında yaratmaq mümkündür.

Sahəvi zonalar (texnoloji parklar, texnopolislər) xalq təsərrüfatı, həm də xarici iqtisadi funksiyalar yerinə yetirirlər. Onlar əsasən xarici iqtisadi əməkdaşlığın fəallaşdırılması əsasında ayrı-ayrı sahələrdə elmi-texniki tərəqqinin sürətlənməsinə şərait yaradır, elmtutumlu texnologiyanın, yeni növ hazır məhsulun emalına və onların ixracına kömək edir.

Qeyd edək ki, elmi-texniki xarakterli sahəvi zonalar Bakı, Gəncə və Sumqayıtda, bundan başqa Mingəçevirdə yaradıla bilər. Bu şəhərlərdə informatika texnologiyalarının, mikroelektronikanın və s. bu kimi sahələrin inkişafına şərait yaradılmalıdır. Turistik xarakterli azad zonaları isə ölkəmizin bir çox yerində yaratmağa şərait vardır. Bu istiqamətdə Lənkəran-Astara, Quba-Xaçmaz regionları daha məqsədəuyğundur.

Bu zonalardan hər hansı birinin konkret ərazidə seçilməsinə ümumi amillərlə yanaşı, lokal amillər də təsir edir. Belə ki, nəqliyyat, ixrac-idxal zonalarının yaradılması üçün nəhəng nəqliyyat şəbəkəsinin olması vacibdir. Bu zonalar bir qayda olaraq, limanlara malik dənizkənarı şəhərlərdə, aeroportların ərazisində və s. yerlərdə yaradılır. Texnoparklar və ya texnopolislərin yaradılması üçün isə inkişaf etmiş elmi-istehsal bazası və ixtisaslı işçi qüvvəsinin olması qaçılmazdır. Turist-rekreasiya zonalarının təşkili isə mədəni və tarixi mərkəzlərə, balneoloji kurortlara, turistləri cəlb edəcək landşafta, inkişaf etmiş infrastruktura malik yerlərdə həyata keçirilir.

Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanda azad iqtisadi zonaların yaradılması və fəaliyyət göstərməsi aşağıdakı məsələlərin həllinə yardım edəcəkdir:



  1. dünya bazarına çıxış və BƏƏ-də layiqli yer tutmaq

  2. qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi

  3. ən yeni elmi-texniki nailiyyətlərin, istehsal texnologiyasının təqdim edilməsi

  4. məşğulluq probleminin həll edilməsi

  5. əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və s.

Bütün bu problemlərin həllinə nail olmaq üçün Azərbaycanda Azad İqtisadi Zonaların formalarından biri olan azad ticarət zonasının yaradılması və sərhədyanı əməkdaşlığın inkişaf etdirilməsi daha məqbul sayılır. Belə hesab edirik ki, Azərbaycanın Rusiya, Türkiyə, İran, Gürcüstan kimi qonşuları ilə əlaqələrinin genişlənməsi, sərhədyanı münasibətlərin inkişafı sərhədyanı əhalinin sosial-iqtisadi problemlərinin həll edilməsində ən vacib alətlərdən biri kimi çıxış edə bilər. Təbii ki buna nail olmaq üçün ilk öncə müəyyən istiqamətdə bəzi işlər həyata keçirilməlidir ki, fikrimizcə də bunlar aşağıdakılardan ibarət olmalıdır:

- “Azad iqtisadi zonalar haqqında” Aktın qəbul edilməsi

- Sərhədyanı əməkdaşlıq konsepsiyasının təkmilləşdirilməsi

- Orta və uzunmüddətli proqnozlar əsasında sərhədyanı regionların ticarət və iqtisadi əməkdaşlığının inkişaf etdirilməsini həyata keçirmək

Gələcəkdə isə bu lokal sərhədyanı ərazilərin ixrac zonaları, azad iqtisadi zonalar və rüsumsuz azad iqtisadi zonalardan ibarət kompleks ticarət zonalarına çevrilməsi mümkün ola bilər. Azad iqtisadi zonaların yaradılması neft gəlirlərindən rasional qaydada istifadə edilməsinə kömək edəcək, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafını sürətləndirəcəkdir. Bu sahədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 6 mart 2007-ci ildə qəbul edilmiş “Xüsusi iqtisadi zonaların yaradılması haqqında” Akt atılmış ilkin və vacib addımlardan biridir.


Nəticə

Beləliklə, dünyada azad iqtisadi zonaların yaradılması təcrübəsi sonda aşağıdakıları deməyə imkan verir:

1. Dünya praktikasını analiz edərək belə nəticəyə gəlmək olar ki, azad iqtisadi zonaların yaradılması – ayrı-ayrı region və ərazilərin iqtisadiyyatının inkişaf etdirilməsinə yönəldilmiş məqsədyönlü bir fəaliyyətdir. Belə ki, azad iqtisadi zonaların yaradılması və inkişaf etdirilməsi prioritet iqtisadi məsələlərin həllinə, strateji proqram və layihələrin reallaşdırılmasına yönəldilmişdir. 2. Azad iqtisadi zonaların yaradılması üçün daha əlverişli ərazilər bir qayda olaraq, sərhədyanı mövqeyə, inkişaf etmiş nəqliyyat, sosial və istehsal infrastruktura malik bölgələr hesab edilir. Ayrı-ayrı hallarda azad iqtisadi zonaların yuxarıda qeyd edilən üstünlüklərə malik olmayan, lakin uzunmüddətli ümumdövlət əhəmiyyətli məsələlərin həllinə imkan verən, qiymətli təbii resurslarla zəngin olan və təsərrüfat baxımından yeni mənimsənilmiş regionlarda da yaradılması məqbul hal kimi sayılır. 3. Azərbaycanda azad iqtisadi zonaların yaradılması və effektiv inkişafı üçün infrastruktur genişlənməli, ölkədə bütün sahələrdə şəffaflığa nail olunmalı, hüquqi baza mükəmməlləşdirilməli və azad iqtisadi zonaların yaradılması üçün konseptual əsaslar işlənib hazırlanmalı, regionlarda infrastruktur inkişaf etdirilməli, iqtisadi islahatlar və digər əlahiddə tədbirlər həyata keçirilməlidir.

Azərbaycanda gələcəkdə azad iqtisadi zonaların yaradılması barədə tədqiqat-ları ümumiləşdirərək sonda aşağıdakı nəticə və təklifləri verə bilərik:



  • ilk növbədə “AİZ haqqında” qanun qəbul edilməlidir

  • AİZ-in yaradılmasının optimal variantının və konsepsiyasının seçilməsi

  • ATZ-in yaradılması xarici ticarət strukturunun dəyişməsinə kömək edəcək: xammal əvəzinə hazır məhsulun ixracı və s.

  • ATZ-in yaradılması kölgə iqtisadiyyatı ilə mübarizə məsələsində yardımçı ola bilər. Belə ki, bu cür zonalarda fəaliyyət göstərən sahibkarlar şəffaflıqda maraqlıdırlar.

  • AİZ-in yaradılmasının əsas prinsipləri bunlardır: gömrük eksteritoriallığı, funksional və ərazi prinsipləri

  • Rəqabətin artdığı və rəqabətqabiliyyətliliyin həlledici faktor kimi çıxış etdiyi müasir dövrdə AİZ-in yaradılmasının ən əsas prinsipi xarici şirkətlər üçün yaradılan əlverişli, güzəştli rejimdir. Bu da ona görədir ki, onlar dislokasiya yeri kimi regionun qonşu ölkələrini deyil, məhz Azərbaycanı seçsinlər. Bu da ixracın genişlənməsinə, iş yerlərinin artmasına və s. səbəb olacaqdır.

  • Həmçinin güclü dövlət dəstəyinə ehtiyacı olan yerli istehsalçıları da yaddan çıxarmaq olmaz

  • Respublikada istənilən növ AİZ yaratmaq olar: şəxsi və dövlət, ticarət, sənaye, sahəvi, dövlət və ya özəl strukturlar tərəfindən idarə edilən və s.

  • AİZ yaradılana qədər bu prosesin bütövlükdə iqtisadi artıma, ixrac potensialının artımına və iqtisadi təhlükəsizliyə təsiri maksimal dərəcədə proqnozlaşdırılmalıdır.

  • qeyri-neft sektoru məhsullarının ixrac edilməsi məqsədilə bu sahələrin müəyyən müddətə mənfəət vergisindən azad edilməsi

- AİZ-in yaradılmasında ən böyük problemlərdən olan ticarət və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi üçün dövlət investisiyalarının çatışmamazlığına diqqət ayrılmalıdır.

  • Azərbaycanda AİZ ölkə ÜTT-ə üzv qəbul edilməzdən öncə yaradılmalı-dır.

  • AİZ-də innovasiya xarakterli fəaliyyət növlərinə daha çox fikir verilməli-dir

  • İKT sahəsində texnoparkların yaradılması gələcəkdə daha çox fayda verə bilər

  • AİZ-in yaradılmasında həlledici amillər kimi aşağıdakıları qeyd edə bilərik: ölkənin iqtisadi və siyasi sabitliyi, infrastrukturun inkişafı və Dünya okeanına çıxış imkanının olması, aydın qanunverici bazanın və hüquqi rejimin mövcudluğu, xarici investorlara güzəştlərin tətbiqi, investisiya təminatı, dövlət dəstəyi, iqtisadiyyatın strukturu və onun inkişaf səviyyəsi, güclü idarəetmə sistemi, iqtisadi, sosial, coğrafi, iqlim, ekoloji və daxili iqtisadi amillər, həmçinin iqtisadi təhlükəsizlik, universitet və institutların, elmi-istehsal bazasının mövcudluğu və s.

  • Zonaların ayrı-ayrı formalarının yaradılması üçün müəyyən kompleks faktorlar təsir göstərirlər. Belə ki, texnoparkların yaradılmasına aşağıdakı 4 amil təsir edir: coğrafi, təhsil, sosial və iqtisadi

  • Güclü infrastrukturun olmaması ərazinin mənimsənilməsi və xarici kapitalın cəlb edilməsi üçün maliyyə xərclərinin artırılmasını tələb edir

  • Bundan başqa mənfi amillərin də təsirini nəzərə almaq lazımdır. Misal üçün, Çində xarici sahibkarlar vəsaitlərinin 90%-ni avadanlıqlara (bir çox hallarda köhnəlmiş və aşağı keyfiyyətli) yatırırlar; aşağı əmək haqqı verməklə işçi qüvvəsinin istismarı; müəssisələrin 60%-i vergiləri ödəməkdən yayınırlar.

Bizim fikrimizcə, Xəzər dənizinin hüquqi statusunun həll edilməsi regionda

iqtisadi əməkdaşlığın inkişafına təkan verəcək, Bakı limanında ATZ-in yaradılması ilə 5 ölkə arasında qarşılıqlı əlaqələrin genişlənməsinə səbəb olacaqdır. Bu da öz növbəsində Azərbaycan iqtisadiyyatının inkişafına gətirib çıxaracaqdır.

Bundan başqa, qeyd etmək lazımdır ki, Azərbaycanda AİZ və onun ayrı-ayrı

formalarının yaradılmasında tələsmək lazımdır. Belə ki qonşu ölkələrdə artıq bu cür zonalar ya mövcuddur, ya da onların yaradılmasında böyük səylər göstərilir. Məsələn, Qazaxstan 6 zonanın yaradılması layihələri üzərində işləyir. O cümlədən bu zonalar içərisində Xəzər sahilində “Aktau dəniz limanı”nın və Rusiya ilə sərhəddə neft-qaz məhsullarının istehsalı üçün digər zonalar vardır.

Azərbaycan artıq Cənubi Qafqazda lider ölkəyə çevrilmişdir, gözlənilən böyük həcmli neft gəlirlərindən isə ağıllı şəkildə istifadə etmək gərəkdir. AİZ modellərinin yaradılması bu vəsaitlərin rasional istifadəsinə, qeyri-neft sektorunun inkişafına, investisiyaların axınına böyük kömək göstərə bilər.

Ədəbiyyat siyahısı

1.Allahverdiyev S.S. “Beynəlxalq xüsusi hüquq” ;ümumi məsələlər;dərs vəsaiti.Bakı-Digesta -2008

2.Qafarov Z.,Əbilov A. “Beynəlxalq xüsusi hüquq” Bakı-Qanun-2007

3. Heydərov K.“Gömrük işinin əsasları”. Bakı-2004

4. Avropa Yenidənqurma və İnkişaf Bankının Sənədi “Azərbaycan üzrə ölkə stra- tegiyası”. 18 sentyabr 2007-ci il tarixində Direktorlar Şurası tərəfindən təsdiq edil-mişdir.

5. “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya. İqtisadiyyat və beynəlxalq münasibətlər üzrə II beynəlxalq konfrans”. Qafqaz Universiteti, Bakı-2007

6. “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının Qanu-nu. Bakı şəhəri, 15 yanvar 1992-ci il

7. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edil-məsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 16 iyun 2007-ci il.

8. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının tək-milləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli Fərmanı

9. Azərbaycan Respublikası Prezidentinin 6 mart 2007-ci il tarixli “Xüsusi iqtisadi zonaların yaradılması haqqında” Aktı

10. Александрова Е. “Специальные экономические зоны в мировом хозяйстве/

Внешнеэкономическая деятельность” №10, 1997 г.

11. Семенов К.А. “Международные экономические отношения”. Москва-98 г.

12.Смородинская Н. “Туманно будущее свободных экономических зон”. Эко- номика и жизнь №12, март,1997г.

13. Авдокушин Е.Ф. “Международные экономические отношения”. Москва. Маркетинг, 2003.

14. Горбунов А.Р. “Оффшорный бизнес и создание компаний за рубежом”. Москва-2004

15. Ломакин В.К. “Мировая экономика”. Москва. ЮНИТИ, 2003.

16. Райкова Л.И. “Мировая экономика и международные экономические свя-зи”. Москва. Институт мировой экономики, 2001.

17. Лемешко М. “Свободные зоны не свободны от кризиса”. Деловые люди, 1994, N 3, с.44-46.

18. Семенов Г. “Развитие свободных и оффшорных зон”. Российский эконо- мический журнал, 1995, Ш. с.34-44.

19. Киреев А.П. “Международная экономика”. Москва-1997

20.“Международные экономические отношения”./ Под ред. В.Е.Рыбалкина. Москва-1999




1 Qafarov Z.,Əbilov A. “Beynəlxalq xüsusi hüquq” Bakı-Qanun-2007


2 . Авдокушин Е.Ф. “Международные экономические отношения”. Москва. Маркетинг, 2003.


3 Смородинская Н. “Туманно будущее свободных экономических зон”. Эко- номика и жизнь №12, март,1997г.


4 Heydərov K.“Gömrük işinin əsasları”. Bakı-2004

5 Ломакин В.К. “Мировая экономика”. Москва. ЮНИТИ, 2003.


6 . Горбунов А.Р. “Оффшорный бизнес и создание компаний за рубежом”. Москва-2004


7 Горбунов А.Р. “Оффшорный бизнес и создание компаний за рубежом”. Москва-2004


8 Azərbaycan Respublikası Prezidentinin 6 mart 2007-ci il tarixli “Xüsusi iqtisadi zonaların yaradılması haqqında” Aktı


~ ~



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət