Ana səhifə

Elektron hökumət


Yüklə 29.88 Kb.
tarix06.05.2016
ölçüsü29.88 Kb.
Elektron hökumət” Azərbaycanın uğurlu inkişafına xidmət edir
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) bu gün dünyada bütün sosial-iqtisadi sahələrə və insanların gündəlik həyatına sürətlə nüfuz edir, bütün sahələrdə qarşılıqlı münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilir. Bu gün dünyada elə bir sahə yoxdur ki, onun inkişafı İKT-siz mümkün olsun. Ən gəlirli, maraqlı və sürətlə inkişaf edən sahələrdən olduğundan dünyada ən nəhəng şirkətlər də məhz İKT sektorunda fəaliyyət göstərir, bu sahəyə milyardlarla dollar investisiya yatırılır. Ekspertlərin fikrincə, İKT sektorundan əldə edilən gəlirlər 5 ildə iki dəfə artır və gələcəkdə dünya ÜDM-nin 80%-ni İKT gəlirləri təşkil edəcək.
İKT sahəsində Azərbaycanın uğurları

Azərbaycanda İKT davamlı və dayanıqlı iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Son illər ölkədə informasiya cəmiyyətinin bərqərar olması və İKT-nin geniş tətbiqi istiqamətində sistemli iş aparılır. Məhz bunun nəticəsidir ki, informasiya və rabitə xidmətlərinin həcmində ötən 10 il ərzində 6 dəfə artım qeydə alınmış və bu sahəyə dövlət və özəl sektor tərəfindən 2,5 milyard dollar həcmində investisiya yatırılmışdır. Ən yeni mobil texnologiya - 4G xidmətinin istifadəyə verilməsi, 3-cü mobil operatorun fəaliyyətə başlaması, mobil abunəçilərin sayının 7 dəfə, hər 100 nəfərə düşən internet istifadəçilərinin sayının isə 14 dəfə artması, televiziyanın rəqəmsal yayıma keç­məsi, elektron KİV-in yaranması, “Elektron Hökumət”ə dair Dövlət Proqramının icrasına başlanılması və proqram çərçivəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi son 10 ildə İKT sektorunda əldə edilmiş nailiyyətlərin yalnız kiçik bir hissəsidir.

Hazırda ölkə əhalisinin 70%-i internet, 50%-i isə genişzolaqlı xidmət istifadəçisidir. Son 10 ildə ölkəmizdə beynəlxalq internet kanallarının ümumi tutumu dəfələrlə artırılıb və artıq Azərbaycan trafikin ötürülməsi üzrə tranzit funksiyasını yerinə yetirir. İndi ölkəmizdə hər 100 nəfərə 110 mobil telefon düşür ki, bu da Azərbaycanın İKT-nin əsas infrastruktur göstəricilərinə görə dünya üzrə orta səviyyəni üstələdiyini göstərir. 2010-cu ildə “Azərkosmos” Səhmdar Cəmiyyətinin yaradılması isə Azərbaycanın kosmik klubun üzvünə çevrilməsi istiqamətində mühüm addımdır.

Ölkəmiz İKT sahəsində bir sıra ilklərin müəllifidir

Son 10 ildə İKT sahəsində Azərbaycan həm də MDB-də bir sıra ilklərə imza atıb. Belə ki, Azərbaycan Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyasını qəbul etmiş ilk və hələlik yeganə ölkədir. MDB-də ilk dəfə məhz Azərbaycanda bütün ölkə ərazisi tam telefonlaşdırılılıb. Cənubi Qafqaz və Orta Asiya regionunda məhz Azərbaycanda 2004-cü ildə rəqəmli televiziya yayımı uğurla sınaqdan keçirilib.

2013-cü il isə Azərbaycanda İKT-nin inkişafı baxımından xüsusilə əhəmiyyətli illərdəndir. Bu ilin fevral ayında Azərbaycanın ilk peykinin – “Azərspace-1”in uğurla orbitə buraxılması müstəqil Azərbaycan tarixində ən əlamətdar hadisələrindəndir və hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Peykimizin orbitə buraxılması ölkə iqtisadiyyatının şaxələndirilməsi, Azərbaycanda kosmik sənayenin inkişafı və beynəlxalq kosmik məkana inteqrasiya, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi baxımından əlamətdar hadisədir. Ancaq bu son deyil, növbəti illərdə daha iki peykimiz orbitə buraxılacaq.

2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi, İnformasiya Texnologiyaları Universitetinin yaradılması ölkəmizdə İKT-nin tətbiqinə verilən böyük önəmin daha bir təcəssümüdür.


Azərbaycan beynəlxalq hesabtlarda

Azərbaycanın İKT sektorunda əldə etdiyi uğurlar beynəlxalq hesabatlarda da yüksək qiymətləndirilir. Belə ki, Dünya İqtisadi Forumunun “The Global İnformation Technology Report – 2013” hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə 144 ölkə arasında 56-cı, internet istifadəçilərinin sayına görə MDB-də birinci, internetin əlçatanlığı göstəricisinə görə dünyada 20-ci yerdədir. Ölkəmiz “The Global Competitiveness Report 2012-2013” hesabatda “Qlobal rəqabətqabiliyyətlilik indeksi” üzrə 144 ölkə arasında 46-cı yeri tutmuş, MDB üzrə öz liderliyini qorumuşdur. Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatında isə İKT inkişaf indeksi üzrə 68-ci yerdə olan Azərbaycan 10 ən dinamik inkişaf edən ölkələr qrupuna daxildir.


Elektron Azərbaycan” Dövlət Proqramı ölkəmizdə İKT-nin inkişafında lokomotiv rolunu oynayır

İKT-nin ölkə iqtisadiyyatının müxtəlif sahələrində mərhələli və sistemli tətbiqində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” və bu Strategiyanın icrasını nəzərdə tutan 2005-2008-ci və 2010-2012-ci illəri əhatə eden “Elektron Azərbaycan” Dövlət Proqramları əhəmiyyətli paya malikdir. “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində “E-hökumət” layihəsi də həyata keçirilir. İKT-nin geniş tətbiqinə, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsinə əsaslanan bu layihə vətəndaşlarla-dövlət məmurları, biznes qurumları və dövlət idarələri arasında əlaqələrin asanlaşdırılmasına, bu sahədə şəffaflığın təmin olunmasına yönəldilmişdir. Layihənin həm hökumət, həm vətəndaş, həm də biznes dairələri üçün bir çox faydaları var. Belə ki, “E-hökumət” layihəsinin icrası müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətində effektivliyin artmasına, büdcə vəsaitlərinə qənaət edilməsinə, şəffaf dövlət idarəetməsinin bərqərar olmasına şərait yaradır. Layihə vətəndaşların dövlət idarəçiliyində fəal iştirakına, onların dövlət orqanları ilə əlaqələrinin daha da sadələşməsinə və bu əlaqələrin operativ həyata keçirilməsinə, vətəndaşların informasiya tələbatının daha dolğun ödənilməsinə, məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsinə şərait yaradır. Biznes sektoru üçün “Elektron hökumət” layihəsi dövlət orqanları ilə səmərəli və operativ əlaqənin qurulması və s. kimi faydalar gətirir. Beləliklə, bir zamanlar əsasən Avropa ölkələrində tətbiq olunması barədə eşitdiyimiz, xarici ölkələrə səfər zamanı gördüyümüz elektron xidmətlər artıq Azərbaycan vətəndaşına qeyri-adi təsir bağışlamır və elektron xidmətlər artıq hər birimizin gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. “Elektron Azərbaycan”, “Elektron hökumət” (www.e-gov.az), “Elektron ticarət”, “Elektron xidmətlər”, “Elektron imza” ilə artıq hər gün qarşılaşırıq. Kommunal xidmətlərə görə ödənişləri, ali məktəblərə qəbul zamanı qeydiyyatı, alış-verişi və s. elektron formada həyata keçiririk. Maraqlıdır ki, əvvəllər bizdə qəribə təsssürat oyadan, hətta istifadə etməkdən çəkindiyimiz, bəzən etibarlığına inanmadığımız elektron xidmətlərsiz bu gün gündəlik həyatımızı təsəvvür edə bilmirik. Odur ki, zaman keçdikcə elektron xidmətlərdən daha çox nailiyyətlər və yeniliklər gözləyirik. Bu gözləntilərimizi isə sistemli şəkildə “Elektron hökumət” bizlərə təqdim edir.

“E-hökumət” çərçivəsində İKT-nin yaratdığı üstünlüklərdən bu gün dövlət və özəl sektor tərəfindən göstərilən xidmət sahələrində geniş istifadə edilir. Artıq Avropa Birliyi ölkələrində vətəndaşlara və özəl sektora göstərilən 20 əsas elektron xidmətin əksəriyyəti Azərbaycanda da tətbiq edilir. Belə ki, xarici ölkələrdə olduğu kimi Azərbaycanda da artıq sahibkarlıq fəaliyyətinin qeydiyyatı onlayn rejimində həyata keçirilir, vergi və gömrük bəyənnamələri elektron təqdim edilir, daşınmaz əmlakın qeydiyyatı, müxtəlif fəaliyyət növlərinə lisenziyaların, icazələrin verilməsi, pensiya və ünvanlı yardımların təyinatı üzrə qeydiyyat elektron formada aparılır.

“Elektron hökumət” proqramı çərçivəsində dövlət qurumlarında müasir tələblərə cavab verən kommunikasiya infrastrukturunun yaradılması, daxili sənəd dövriyyəsinin elektronlaşdırılması, korporativ elektron imzanın tətbiqi kargüzarlıq, mühasibatlıq, kadrlarla iş sahələrində fəaliyyətin asanlaşmasına və bu sahədə operativliyin artmasına səbəb olub. Artıq dövlət qurumlarında hər hansı bir sənədi minlərlə arxiv sənədinin arasından axtarıb tapmaq və bunun üçün saatlarla vaxt sərf etmək lazım gəlmir. Daxili sənəd dövriyyəsinin elektronlaşdırılması vaxta və insan resursuna qənatlə yanaşı, həm də tonlarla kağız və dəftərxana ləvazimatlarına qənaət etməyə, şəffaflığın təmin edilməsinə imkan verir.


Elektron hökumət” portalı=200-dən çox elektron xidmət

“Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində dövlət orqanları arasında informasiya mübadiləsinin həyata keçirilməsi və onların elektron xidmətlərinin “bir pəncərə” prinsipi əsasında göstərilməsi məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq, 2012-ci ildə “Elektron hökumət” portalı (www.e-gov.az) yaradılmışdır. Dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafə”nin maksimum azaldılmasına, münasibətlərin sadələşdirilməsinə və şəffaflaşdırılmasına yönəlmiş www.e-gov.az portalı dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin bir yerdə cəmləşdiyi məkandır. Portala daxil olmaqla 40-a yaxın dövlət orqanı tərəfindən göstərilən 200-dən çox elekton xidmətdən yararlanmaq mümkündür.

“E-hökumət”in formalaşdırılması məqsədilə görülmüş mühüm işlərdən biri də “Elektron imza”nın tətbiqidir. Artıq hüquqi və fiziki şəxslərə verilmiş elektron imzaların sayı 12 minə yaxındır.

Hazırda Azərbaycanda Avropa ölkələri səviyyəsində olmasa da insanlar “Elektron ticarət”dən yararlanır. İnformasiya texnologiyalarından istifadə etməklə müxtəlif tərəflər arasında həyata keçirilən “Elektron ticarət”in tarixi isə ölkəmizdə elə də böyük deyil. Azərbaycanda “Elektron ticarət haqqında” Qanun 2005-ci ildə qəbul olunsa da, 2008-ci ildə ölkəmizdə ilk onlayn ödəmə sisteminin – “Golden Pay”in istifadəyə verilməsi “Elektron ticarətin” təşkili istiqamətində mühüm addım olmuşdur. Bu gün insanların internet üzərindən alış-veriş etməsi elektron ticarətin yaratdığı başlıca üstünlükdür.

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az və iş adamlarının biznes əlaqələrinin genişləndirilməsi məqsədilə yaradılmış www.b2b.az portalları da “Elektron hökumət” çərçivəsində həyata keçirilmiş mühüm layihələrdir.

Bu gün İKT sektorunda Azərbaycanın qısa zaman ərzində əldə etdiyi uğurlar göz önündədir və hər birimiz bu sahədəki dinamik və davamlı inkişafın şahidiyik. Lakin bu sahədə də həlli vacib bir sıra məqamlar diqqətdən kənarda qalmamalıdır. Belə ki, ölkə regionlarında internetə çıxış və elektron xidmətlərdən istifadə paytaxt Bakı ilə müqayisədə elə də geniş deyil. Gələcəkdə bu fərq aradan qaldırılmalı, Azərbaycanın ucqar kəndləri də daxil olmaqla, bütün ölkə ərazisinin genişzolaqlı, keyfiyyətli internetə çıxış imkanı və elektron xidmətlərdən istifadəsi genişləndirilməlidir. Bundan başqa, elektron xidmətlərdən əsasən personal kompüterlər vasitəsilə əsasən ev və ofis şəraitində istifadə edilir. Halbuki, İKT-nin yaratdığı üstünlüklər elektron xidmətlərdən mobil rabitə, məlumat köşkləri və digər müasir vasitələrlə istifadə etməyə imkan yaradır. Digər vacib məqam isə informasiya təhlü­kəsizliyi ilə bağlıdır. Bu məsələnin qlobal səviyyədə aktuallaşması Azərbaycanın da bu sahədə daha ciddi addımlar atmasını vacib edir. Bundan başqa “Elektron ticarət” və “E-imza”dan istifadə səviyyəsinin genişləndirilməsinə ehtiyac var.



İKT sektorundan gözləntilərimiz

Gələcəkdə isə İKT sahəsindən gözləntilərimiz daha çoxdur və bu hədəflər “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında da öz əksini tapıb. Konsepsiyaya uyğun olaraq, növbəti illərdə informasiya cəmiyyətinə keçidin təmin edilməsi, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, dövlət idarələrində İKT-nin tətbiqinin və elektron xidmətlərin genişləndirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması qarşıda duran prioritet vəzifələrdir. Bu hədəflərə uyğun olaraq, növbəti illərdə İKT infrastrukturu inkişaf etdiriləcək, əhaliyə müasir elektron xidmətlərin göstərilməsi imkanları genişləndiriləcək, kənd yaşayış məntəqələri də daxil olmaqla ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli internetə çıxış təmin ediləcək, distant təhsil, elektron ticarət, tele-tibb və digər müasir xidmət növlərinin geniş tətbiqinə nail olunacaq. Kosmik sənayenin inkişafı da konsepsiyanın başlıca hədəflərindəndir və bu, etibarlı peyk rabitəsinin təmin edilməsi, ölkənin informasiya təhlükəsizliyinin gücləndirilməsi baxımından vacibdir. Konsepsiya çərçivəsində “Elektron hökumət”in formalaşdırılması istiqamətində də tədbirlər davam etdiriləcək. Belə ki, dövlət qurumlarında İKT-nin tətbiqi genişləndiriləcək, dövlət orqanlarının öz aralarında vahid infrastruktur əsasında təhlükəsiz informasiya mübadiləsi aparması təmin ediləcək, informasiya təhlükəsizliyinin yüksəldilməsi diqqətdə saxlanılacaqdır.


Vüsalə Quliyeva
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Respublikada “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət