Ana səhifə

Əkrəm Həsən


Yüklə 25.2 Kb.
tarix01.05.2016
ölçüsü25.2 Kb.
Əkrəm Həsən

garibekrem@hotmail.com



İçki haramdır

Bismilləh. Allahın Adı ilə başlanılan hər bir işdə böyük bir xeyir vardır. Uca Allah bu başladığım xeyir işi Onun qulları üçün xeyir etsin və bu kiçik risaləmi bütün oxuyanlar üçün faydalı və ibrətli etsin. Amin! Əziz müsəlman bacı və qardaşlarım! Siz heç Quranı açıb oxudunuzmu? Əgər oxumamızsa böyük bir zərərdə olduğunuzu sizə xatırlatmaq məcburiyyətindəyəm. Əgər oxumusunuzsa, sizə Quranın bir ayəsini işarə verim, daha doğrusu gəlin bir yerdə həmin ayəyə baxaq. Allah Təala öz mübarək kitabında əl-Maidə (Süfrə) surəsi, 90-cı ayədə buyurur: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!”. Böyük təfsir alimi, Əbdülvahid Mətin “Mufassal təfsir” kitabında bu ayəyə belə bir şərh verir: Allah (s.v.t) halal etdiyi gözəl nemətləri nəfsə haram etməyi daha əvvəlki ayələrində qadağan etmiş, ruzi olaraq verdiyi nemətlərin halal və təmiz olanlarından yeyilməsini əmr etmişdi. Bu ayədə isə cahillik vaxtında halal və təmiz olaraq tanınan içki və qumarın yanlış bir inancla İslamda da halal və təmiz ruzilərdən olaraq bilinməməsi üçün, həm bu ikisinin, həmdə bütlərlə fal oxlarının şeytandan bir pislik olduğunu möminlərə xəbər verməkdədir.

“Şərab (içki)”. Ərəb dilində “xamr” الْخَمْرِ “örttü” mənasına gələn “xamara” kəliməsindən törənmişdir. İçki, ağılı örtdüyü üçün ona bu ad verilmişdir. Allah (s.v.t) bu ayədə möminlərə içkini haram etdiyini xəbər verir. Amma içki möminlərin üzərinə birdən-birə deyil, tədricən haram edilmişdir. Çünki, cahiliyyə ərəbləri içkiyə çox aludə idilər. Əgər içki birdən-birə haram edilsəydi, bəlkədə çoxları içki içməyi tərk etmədikləri üçün islama da girməyəcək, beləliklə islamdan tamamilə uzaqlaşmaq istəyəcəkdilər. Eyni ilə cahiliyyə dövründə böyük bir şair olan Əl-Aşanın etdiyi kimi. Bu mövzuyla bağlı belə bir rəvayət vardır:

Əl-Aşa müsəlman olmaq üçün Mədinəyə getmək istədi. Qüreyş müşrikləri onun bu qərarını öyrəndikdə böyük bir şair olması səbəbilə, şerini islamı yaymaq üçün istifadə etməsindən qorxdular. Əl-Aşa Mədinə yolu üzərindəykən bəzi müşriklər ona çataraq belə dedilər:

“Hara gedirsən?” Əl-Aşa onlara:

“Müsəlman olmaq üçün Məhəmmədin (s.ə.s) yanına gedirəm” dedi. Onlar dedilər:

“Bax ha onun yanına getmə! Çünki, o sənə namaz qılmağını əmr edəcək”. Əl-Aşa onlara belə dedi:

“Rəbbə xidmət etmək vacibdir”. Cəld ona belə dedilər:

“Malı yoxsullara verməyini əmr edəcəkdir. Qəti getmə!” Əl-Aşa dedi:

“Yoxsullara yaxşılıq etmək lazımdır”. Onlar:

“O, zinanı haram edir” dedilər. Əl-Aşa onlara dedi:

“Zina pislikdir, çirkinlikdir. Sağlam ağıl onu rədd edir. Bundan başqa da ki, mən qocalmışam. Ona ehtiyacım yoxdur”. Ondan sonra müşriklər ona belə dedilər:

“Məhəmməd içki içməni də qadağan edir”. Əl-Aşa bunu eşitdikdə:

“Bax, mən buna səbr etmərəm” deyir və geri qayıdır. Geri qayıdarkən də belə deyir:

“Bu il içki içərəm, sonra təkrar Məhəmmədin (s.ə.s) yanına müsəlman olmaq üçün gedərəm”. Geri qayıdarkən yolda dəvəsindən yıxılır və boynu qırılaraq ölür, evinə çatmır. (İbn Kəsir, Əl Bidayə və-n-Nihayə)

Allah (s.v.t) içkini tədricən dörd mərhələdə haram etmişdir. Əvvəlcə, Peyğəmbər (s.ə.s) Mədinəyə hicrət etməzdən əvvəl nazil etdiyi Nəhl surəsinin 67-ci ayəsiylə həm yaratdıqlarına olan nemətlərini xatırlatmış, həm də içkinin sərxoşluq verici xüsusiyyətindən xəbər vermişdir. Bu barədə belə buyurmuşdur:

“Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağılla düşünənlər üçün bir ibrət vardır” (ən-Nəhl (Bal arısı) surəsi, 67).

Allah bu ayədə sərxoşluq verən içki ilə gözəl ruzini ayrı-ayrı zikr etmişdir. Bu ayəylə sanki belə demək istəyir: “Gözəl ruzi başqa, sərxoşluq verən içki başqadır”.

Allahın (s.v.t) bu ayədə istifadə etdiyi üslub dərin düşünənlər üçün içki içməməyə səbəb ola bilər. Çünki ayəni diqqətlə düşünən bir kimsə, sərxoşluq verən içkinin təmiz bir ruzi olmadığını anlayar.

İkinci olaraq; Bəqərə surəsinin 219-cu ayəsində içki və qumarın faydalarının az olmasına baxmayaraq, zərərlərinin daha çox olduğunu bildirmişdir. Allah (s.v.t) bu barədə belə buyurur:

“- (Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! (Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!” Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz” (əl-Bəqərə (İnək) surəsi, 219).

Bu ayə nazil olduqda, müsəlmanlardan bəziləri içki içməyi tərk etdilər və belə dedilər: “Buna ehtiyacımız yoxdur. Çünki zərəri çox olan şeydən uzaq durmağımız lazımdır”. Amma ayədə açıq aşkar haram hökmü olmadığı üçün bəzi müsəlmanlar içki içməyə davam etdilər və belə dedilər: “Biz onun faydalarından istifadə edər, zərərindən uzaq durarıq”.

Üçüncü olaraq; Nisa surəsinin 43-cü ayəsilə sərxoşluq halında namaza yaxınlaşmaması əmr edilmişdir. Allah (s.v.t) bu barədə belə buyurur:

“- Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın....” (ən-Nisa (Qadınlar) surəsi, 43)

Bu ayə nazil olduqdan sonra müsəlmanlar içkini ancaq gece namazından sonra içməyə davam etdilər.

Dördüncü və son olaraq Allah (s.v.t) əl-Maidə (Süfrə) surəsinin 90 və 91-ci ayələrini endirərək içkini tamamilə haram etdi. Ömər (r.a): “Allahım bizə içki haqqında açıq bir hökm endir” deyərək Allaha dua edərdi. Allah (s.v.t) Bəqərə surəsinin 219-cu ayəsini endirdikdə Ömər (r.a): “Allahım içki haqqında açıq bir hökm endir, çünki o həm malı, həmdə ağılı aparır” dedi. Allah (s.v.t) daha sonra ən-Nisa (Qadınlar) surəsinin 43-cü ayəsini endirdi. Bu ayə Ömərə (r.a) oxunduqda, Ömər yenə: “Allahım içki haqqında açıq bir hökm endir” deyə dua etdi. Bundan sonra əl-Maidə (Süfrə) surəsinin 91-ci ayəsi endi. Bu ayə endikdə, Ömər (r.a) çağrıldı və ona oxundu. Ömər (r.a) bu ayəni eşitdikdə: “Artıq içməyi tərk etdik ya Rəbbi!” dedi. (Əbu Davud, Tirmizi, Əhməd) (Tirmizi və Əli bin Mədəniy bu hədisə səhih dedilər). Bu ayənin nazil olma səbəbi haqqında belə rəvayətlər də vardır:

Səd bin Əbu Vəqqas (r.a) belə dedi: “İçki haram edilmədən əvvəl mühacir və ənsardan bəziləri ilə qarşılaşdım. Onlar mənə: “Bizimlə bərabər gəl, sənə də yemək yedirək və içki içirək” deyərək məni yemək-içməyə dəvət etdilər. Mən də onların dəvətini qəbul etdim. Sonra onların yığışdığı bir bostana getdik. Oraya çatdıqda yemək üçün hazırlanmış, qızardılmış dəvə başı ilə, içmək üçün hazırladıqları içkini gördüm. Onlarla bərabər yemək yedim və içki də içdim. Nəhayət hamımız sərxoş olduq. Biz bu haldaykən aramızda ənsar və mühacir məsələsi danışıldı. Mən onlara belə dedim: “Mühacirlər ənsardan daha xeyirlidir”. Bu sözümə görə ənsardan bir nəfər dəvənin çənə sümüyü ilə məni vuraraq burnumu qanatdı. Bu hadisə səbəbilə Allah rəsulunun (s.ə.s) yanına gedərək ənsarinin mənə nə etdiyini xəbər verdim. Mənim bu hadisəm səbəbilə Allah (s.v.t) bu ayəni (Maidə 90) endirərək içkiylə bağlı hökmü bildirdi. (Müslim)

İbn Abbas (r.a) belə dedi: “İçkini haram edən ayənin enmə səbəbi belədir: Ənsardan iki qəbilə sərxoş olana qədər içdilər. Sərxoş olduqdan sonra bir birləriylə dalaşmağa başladılar. Sərxoş vəziyyətdən ayılandan sonra özlərinə gəlib etdikləri davanın ardınca bir-birlərini üzləri, başları yaralı, saqqalları dağılı bir vəziyyətdə gördülər. Bir-birlərinə belə deməyə başladılar: “Məni bu hala gətirən filankəsdir”. Beləliklə hər biri adını çəkdiyi digər qardaşına kin bəsləməyə başladılar. Halbuki bundan əvvəl bir-birləri ilə mehriban olan qardaş idilər. Amma bu hadisə və dava səbəbilə düşdükləri vəziyyəti gördükdə hamısı belə deməyə başladılar: “Qardaşım məni sevsəydi və mənə qarşı mərhəmətli olsaydı əsla bunu mənə etməzdi”. Bununla da kinləri daha da artdı. Bu hadisədən sonra Allah Təala Maidə surəsinin 90-cı ayəsini nazil etdi.

Bütün alimlərin içkiyə “rics” sifətini vermələrinin səbəbi içkini maddi bir nəcis olaraq görmələridir. Buna görə də alimlər dedilər ki; “İçkinin maddi nəcasəti vardır”. Rəbiə əl-Leys bin Səd və Şafinin dostu əl-Müzəni içkini maddi yox, mənəvi bir nəcis olaraq görmüşlər və: “İçkini ancaq içmək haramdır” demişlər. Səid bin Həddad əl-Qəravi içkinin maddi yox, mənəvi nəcis olduğuna və təmiz olduğuna dəlil olaraq içki haram edildikdə səhabələrin içkini yollara tökmələrini dəlil gətirmiş və bu barədə belə demişdir: “Əgər içki maddi bir nəcis olsaydı səhabələr yollara tökməz, Peyğəmbər də (s.ə.s) böyük və kiçik ayaqyolunu yolda etməyi qadağan etdiyi kimi içkini yollara tökməyi də qadağan edərdi”. İmam Qurtubi bu dəlilə belə cavab vermişdir: “Səhabələrin içkini yollara tökmələrinin səbəbi onların yer altında kanalizasiyalarının olmamasına görədir. Hətta onların çoxunun evində tualet belə yox idi. Bundan başqa, içki yollara tökülsə də səhabələrin yeriyərkən ondan uzaq durmaları mümkün idi. Çünki Mədinənin yolları olduqca geniş idi və tökülən içki bütün yolu əhatə edəcək qədər çox deyildi. Buna görə də tökülən içki yolların az bir hissəsini əhatə edirdi. Ona görə də içkinin yollara tökülməsi onun nəcis olmadığına dəlil olmaz. Bu barədə doğru olan budur: İçkinin maddi bir nəcisliyi vardır. Çünki Allah Təala ona “rics” adını vermişdir. Ərəb-dilində “rics” nəcis deməkdir”.

Allah Təala içkini haram etdiyi halda hər kim bu əməli halal qəbul edərsə kafir və ya tağut olar. İçkinin halallaşdırılması tək dil ilə yox, həm də sərbəstlik vermək, istəyən istədiyi əməli işləyə bilər demək, belə pis əməlin işlənməsi üçün icazə vermək, bu əməli işləyənə cəza verməmək, onu tənbeh etməmək onu halallaşdırmaq kimidir.  



Allah Təala bizi bilmədiyimiz və gücümüz çatmayan işlərə görə bağışlasın. Bütün müsəlmanları haramlardan uzaq durmağa, saleh əməllər işləməyə müvəffəq etsin. Allah Təala aqibətimizi xeyir etsin. Amin.


28 Iyun 2007|12 Cemadiyas-Sani 1428


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət