Ana səhifə

Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi


Yüklə 148.31 Kb.
tarix12.05.2016
ölçüsü148.31 Kb.
Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi

Nəticə 3: Yerli icmalarla məsləhətləşmə yolu ilə icma əsaslı DPEXS-in layihələndirilməsi.

HESABATIN ADI - Nəticə 3: Yerli icmalarla məsləhətləşmə yolu ilə icma əsaslı DPEXS-in layihələndirilməsi.

LAYİHƏ - Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi

Nəticə 3: Yerli icmalarla məsləhətləşmə yolu ilə icma əsaslı DPEXS-in layihələndirilməsi.

Tarix

Hazırladı

Juan Fernandez

İmza


01/07/2014

Yoxladı




İmza





Təsdiqlədi




İmza









1.Giriş 5

2.İlkin vəziyyət 5

Daşqınlara qarşı icma əsaslı erkən xəbərdarlıq sistemi 5

Yerli vəziyyət 8

İcmalar 8

3.Risk barədə məlumatlılıq 10

Təhlükə xəritələri 10

Risk altında olan elementlər 11

Zəiflik 12

Risk barədə məlumatların idarə olunması 12

Gözlənilən nəticə 12

4.Monitorinq və xəbərdarlıq 13

Daşqınların proqnozlaşdırılması 13

Yağışölçən 14

Su səviyyəsinin radar-sensorlarla monitorinqi 15

İcmada su səviyyəsini ölçmə qurğuları 15

Monitorinq və proqnozlaşdırma sistemi 17

5.Xəbərdarlıqların yayılması və kommunikasiya 19

İcmalarla kommunikasiya 20

İcmaların daxilində kommunikasiya 21

Tövsiyə olunan sistem – kommunikasiya axını 25

6.Cavab tədbirləri 30

İcma cavab tədbirləri planlarının yaradılması 30

Təxliyə marşrutları / təxliyə mərkəzləri 30

İctimai məlumatlılığın artırılması və maaifləndirmə 30

7.Sistemə texniki xidmət 32

Təlim 32

Hadisə-sonrası qiymətləndirmə 32

Yenidən gözdən keçirmə 32

8.DQİƏEXS-in layihəsinin qısa xülasəsi 34

Risk barədə məlumatlılıq 34

Monitorinq və xəbərdarlıq 34

Kommunikasiya və xəbərdarlıqların yayılması 34

Cavab tədbirləri 35


  1. Giriş


Bu sənədin əsas məqsədi tədqiqat ərazisinin Türyançay sutoplayıcı hövzəsindəki icmalarda Daşqınlara Qarşı İcma Əsaslı Erkən Xəbərdarlıq Sistemi (DQİƏEXS) üçün ilkin təklifi təqdim etməkdir. Qeyd olunmalıdır ki, təkmilləşdirilməsi və icma ehtiyaclarına və seçimlərinə uyğunlaşdırılması üçün bu ilkin layihə təklifi seminar və sonrakı görüş zamanı yerli icmalara təqdim olunacaq.
  1. İlkin vəziyyət


Layihə sənədində layihə üzrə tədqiqatların aparıldığı ərazidə daşqın riskinin azaldılması məqsədi ilə DQİƏEXS-in qurulmasının zəruriliyi qeyd olunur. Layihə sənədində tam daşqın proqnozlaşdırma və erkən xəbərdarlıq sistemi barədə heç bir qeyd yoxdur. İlkin qiymətləndirmələrə əsasən qeyd etmək lazımdır ki, daha əvvəl Daşqınların Proqnozlaşdırılması və Erkən Xəbərdarlıq Sistemi üçün Texniki Tapşırıqda da qeyd olunduğu kimi (nəticə 5 - 2013), xalis DQİƏEXS-in tətbiqi məqsədəuyğun görünmür. DQİƏEXS aşağıda qısaca şərh olunur və bu sistemin əsas üstünlükləri sadalanır.

Daşqınlara qarşı icma əsaslı erkən xəbərdarlıq sistemi


Daşqınlara qarşı icma əsaslı erkən xəbərdarlıq sistemi (DQİƏEXS) icmaların onlara öz ərazilərində daşqınların nəticələrinin yüngülləşdirilməsində kömək edən yerli səviyyəli operativ daşqın proqnozlaşdırma və xəbərdarlıq fəaliyyətidir. Bir qayda olaraq, ucuz və davam etdirilməsi asan olan bu sistem icma və onun liderlərinin birbaşa və fəal iştirakı sayəsində daha da güclənir. Bu sistemin əsas məqsədi vaxtında verilən məlumat və xəbərdarlıqlar vasitəsilə icmanın yüksək hazırlıq səviyyəsinin əldə olunması və qorunub saxlanması yolu ilə insanların həyat və əmlaklarını qorumaqdır. Bu sistem daşqınlara meylli ərazilərdə daha vacib və daha səmərəlidir.
DQİƏEXS-in ən mühüm səciyyəvi cəhəti icma iştirakı və onlara səlahiyyətlərin verilməsidir. Bu sistem icma əhalisinə özlərini qorumaq, hazırlamaq səlahiyyəti verir və onlarda daşqınların fəlakətli təsirlərinə qarşı dayanıqlılıq yaradır. İcma daşqınlara qarşı hazırlıq tədbirlərinin görülməsi üçün ən yaxşı imkana malik olur.
Erkən xəbərdarlıq sistemi üçün tam (operativ) daşqın proqnozlaşdırma çərçivəsinin mövcudluğu təklikdə bəzən daşqının vurduğu ziyanı effektiv şəkildə minimallaşdırmaq və ya onun qarşısını almaq üçün yetərli olmur. İnsanlar bəzən erkən xəbərdarlıq sistemlərinə etinasız yanaşırlar. Bu, xüsusilə də, onların bu sistemlərdə iştirak etmədiyi və ya baş verə biləcək nəticələr barədə tam məlumatlı olmadığı hallarda baş verir. Erkən xəbərdarlıq sistemləri üçün əsas çətinliklərdən biri onu tətbiq etmək və qoruyub saxlamaqdır. İnsanların icmada fəal iştirakını erkən xəbərdarlıq sistemlərinə daxil etmək ideyasının məqsədi bu cür sistemlərin səmərəliliyini artırmaqdır. Faktiki iştirak və sistemdə iştirak etmək yolu ilə öyrənmək insanlara təkcə özləri üçün deyil, həmçinin təsirə məruz qalacaq bütün icma üçün bu sistemlərin dəyərini daha yaxşı başa düşməyə imkan verir, onları sistemin tətbiqi və qorunub saxlanmasındakı vəzifələrinin icrasında daha məsuliyyətli edir.

DQİƏEXS-in əsas elementləri və xüsusiyyətləri aşağıdakılardır::



  • İnsanların iştirakı - icma üzvləri əsas iştirakçı və hərəkətverici qüvvədir; onlar, həmçinin, fəlakət riskinin azalması və inkişafdan bilavasitə faydalanırlar.

  • icmanın ən həssas qrupları, ailələri və insanları üçün prioritet mövcuddur

  • risk azaldılması üzrə tədbirlər hər bir icma üçün xüsusi olur və icmanın fəlakət riskinin təhlilindən sonra müəyyən edilir

  • mövcud potensial və mübarizə mexanizmləri tanınır

  • məqsəd potensialın gücləndirilməsi ilə zəifliklərin azaldılması və fəlakətə dayanıqlı icmaların yaradılmasıdır

  • fəlakət riskinin azaldılması ilə inkişaf arasında əlaqə qurulur

  • kənar şəxslər dəstək vermək və köməklik göstərmək rolunda çıxış edirlər

DQİƏEXS-in tətbiqi qərarı qəbul olunarkən nəzərə alınmalı olan bir neçə mühüm faktor vardır:

  • Daşqınların baş vermə tezliyi

  • İcmanın marağı və məlumatlılığı

  • Mümkün hazırlıq müddəti

  • Onun tətbiq olunmasının daşqından dəyən ziyanla müqayisədə rentabelliliyi

İcma DQİƏEXS-in tətbiqində maraqlı olmazsa, bu, sistemin uğurlu olmasına xələl gətirə bilər. Texniki dəstək və qoruyub saxlama aspektləri nəzərə alınmalıdır və buna görə də, DQİƏEXS-in uğurlu olmasını təmin etmək üçün onun icrasında icma tam şəkildə iştirak etməlidir. Bu maraq konkret bir icmanın son illərdə məruz qaldığı daşqınların sayı ilə əlaqəli ola bilər. Buna görə də, uğurlu DQİƏEXS aşağıdakı xüsusiyyətləri ilə xarakterizə olunur:

  • suayrıcı yanaşması

  • icma iştirakı

  • icma həmkarı

  • sahiblik hissi

Erkən xəbərdarlıq sistemlərinin dörd müxtəlif komponenti var:



  1. Risk barədə məlumatlılıq: risk qiymətləndirmə məşğələsi nəticələrin yüngülləşdirilməsi və profilaktika strategiyaları üçün prioritetlərin müəyyən edilməsi və erkən xəbərdarlıq sistemlərinin layihələndirilməsi üçün vacib məlumatları təmin edir.

  2. Monitorinq və proqnozlaşdırma: monitorinq və proqnozlaşdırma imkanlarına malik olan sistemlər icmaların üzləşdiyi potensial risklər barədə vaxtında təxmini hesablamaları təmin edir.

  3. Xəbərdarlıqların yayılması: xəbərdarlıq mesajlarının potensial olaraq təsirə məruz qalan yerlərə çatdırılması üçün kommunikasiya sistemlərinə ehtiyac vardır. Bu mesajlar etibarlı olmalı, real vəziyyəti əks etdirməli və hakimiyyət orqanları və ictimaiyyət tərəfindən başa düşülməsi üçün sadə olmalıdır.

  4. Cavab tədbirləri: koordinasiya, yaxşı idarəetmə və müvafiq fəaliyyət planları effektiv erkən xəbərdarlığın əsas məqamlarıdır. Eyni zamanda, ictimai məlumatlılığın artırlıması və maarifləndirmə fəlakət nəticələrinin yüngülləşdirilməsinin vacib aspektləridir.



Şəkil 1 – Erkən xəbərdarlıq sisteminin komponentləri

DQİƏEXS-in təklif olunan layihəsi yuxarıda qeyd olunmuş komponentlər üzrə təsvir olunacaq. Eyni zamanda, qeyd edək ki, bu sistemdə iştirak edən icmaların ölçüləri və tipləri fərqli olduğu üçün bütün yanaşmaların eyni olması mütləq deyildir. Bu, təsviri layihədə komponentlər üzrə hərtərəfli təsvir olunacaq.


Yerli vəziyyət


Daşqınlar və qəfil daşqınlar üzrə icmalardakı yerli vəziyyət Daşqınların Proqnozlaşdırılması və Erkən Xəbərdarlıq Sistemi üçün Texniki Tapşırıqda (nəticə 5 – 2013) hərtərəfli təsvir olunub. Yerli vəziyyətin qiymətləndirilməsinin əsas nəticəsi bu olmuşdur ki, tədqiqat ərazisindəki istənilən icma üçün hazırlıq vaxtının az olması səbəbindən, ərazidə baş verən bütün daşqınlar qəfil daşqınlar hesab oluna bilər (6 saatdan az olan hazırlıq vaxtı). Bu fakt icmanın monitorinq, xəbərdarlıq və proqnozlaşdırma komponentlərindəki iştirakının effektivliyini azaldır.

İcmalar


Daşqınlar barədə son məlumatları da özündə əks etdirən rəsmi bir məlumat kitabçası yoxdur, buna görə də, bu sistemdən faydalanmalı olan icmaları müəyyənləşdirmək çətindir. Yerli ekspertlər hansı icmaların DQİƏEXS-in tətbiqindən faydalanacağı barədə məlumatları yerli hakimiyyət orqanlarından toplayırlar. Sistemin layihələndirilməsi və tətbiqinin sınaqdan keçirilməsi üçün bütün növ icmalardan 4-5 icma seçiləcək. Bu, potensial problemlərin müəyyən olunmasına imkan verəcək və sistemin digər maraqlı icmalarda eyni şəkildə tətbiqinə kömək edəcək. Buna görə də, bu hesabatda təsvir olunan layihə icmanın növündən asılı olaraq müəyyən olunan əsas anlayışları əhatə edəcək, lakin hər bir icma üçün spesifik olan layihəni ətraflı təsvir etməyəcək. Bu məsələ məsləhətçinin növbəti hesabatlarında əhatə olunacaq.
  1. Risk barədə məlumatlılıq


Risklər təhlükəli vəziyyətlə zəif şəraitin toqquşduğu konkret məkanda meydana gəlir (Risk = Təhlükə * risk altında olan elementllər * zəiflik). Məlumatların sistematik toplanış və təhlili, modelləşdirilməsi və CİS yanaşmaları yolu ilə risklərin ətraflı qiymətləndirilməsi tələb olunacaq. Bu qiymətləndirmə zamanı torpaqdan istifadədə baş verən dəyişikliklər, ekoloji deqradasiya, urbanizasiya və iqlim dəyişikliyi nəticəsində yaranan təhlükə və zəifliklərin dinamik xarakteri nəzərə alınmalıdır. Risk qiymətləndirmələri və xəritələr vəziyyətin başa düşülməsinə köməklik göstərir, insanları motivasiya edir, erkən xəbərdarlıq sistemlərinin hazırlanmasına olan ehtiyacları prioritetləşdirir, fəlakətlərin qarşısının alınması və cavab tədbirlərinin hazırlanmasını istiqamətləndirir.

Təhlükə xəritələri

Təhlükə xəritələri təhlükəli ərazilərin aydın şəkildə ayırd edildiyi kənd və onun yaxın ətrafının xəritələridir. Xəritələr icmaların özləri tərəfindən hazırlana bilər və ya qabaqcıl xəritələşdirmə və modelləşdirmə texnologiyasından istifadə etməklə yaradıla bilər. İndiki halda tövsiyə olunan yanaşma hər iki yanaşmanın birləşməsidir:



  • Daşqınların xəritələşdirilməsi (nümunə 2-ci şəkildə) Türyançay sutoplayıcı hövzəsində geniş miqyasda qəbul olunmuş beynəlxalq metodlardan istifadə etməklə həyata keçiriləcək:

    • Müxtəlif çoxillik və hesabi hadisələr üçün axınlar barədə məlumatın əldə olunması məqsədilə hidroloji qiymətləndirmə aparılacaq

    • Müvafiq olduğu halda, yüksək rezolyusiyalı DEM (relyefin rəqəmsal modeli) və sahə tədqiqatı məlumatlarından istifadə etməklə hidravlik model tətbiq olunacaq. Yuxarıda qeyd olunan axınlar bu modeldən keçəcək şəkildə yönləndiriləcək.

    • Müəyyən kalibrlənmə və təsdiqlənmədən sonra, (və mövcud məlumat topluları ilə maksimum mümkün olacaq dərəcədə), Türyançay sutoplayıcı hövzəsi və hər bir icma üçün müxtəlif təkrarlanma dövrləri və (və ya) hadisələr üçün daşqın xəritələri əldə olunacaq.

  • Qeyd olunan daşqın xəritələrinin yüksək keyfiyyətli olmasını təmin etmək üçün tələb olunan zəruri məlumatların olmaması səbəbindən, yerli məlumatlar mühüm rol oynayacaq. Bu daşqın xəritələri yerli çoxillik məlumatlardan istifadə etməklə təkmilləşdirilmək üçün icmalarla müzakirə olunacaq.

Beləliklə, daşqın xəritələri (həm beynəlxalq, həm də yerli) texniki ekspertlərlə yerli sakinlər arasında yaxından əməkdaşlıq şəraitində müəyyən olunacaq. Bu fəaliyyətin müştərək xarakterli olduğunu və maraqlı tərəflərlə əməkdaşlığın zəruri olduğunu vurğulamaq vacibdir.
Hər bir icma üçün yüksək rezolyusiyalı xəritə hazırlanacaq və icmalarda paylanmaq üçün çap olunacaq. Bu xəritələr maraqlı olan hər bir yerli sakinə təqdim olunmalı, ictimai yerlərdə nümayiş etdirilməli və internetdə dərc olunmalıdır. Bütün sakinlərin təhlükəli zonalar barədə məlumatlı olması vacibdir.

Şəkil 2 – Türyançay sutoplayıcı hövzəsinin daşqın xəritəsi nümunəsi


Risk altında olan elementlər


Risk zonasında olan əhali və evlər barədə məlumat toplanmalı və əlçatan olmalıdır. Bu informasiya daşqın riski altında olan elementlərin düzgün qiymətləndirilmısi üçün CİS formatında olmalıdır (daşqın xəritələri və əhalinin/evlərin üst-üstə göstərilməsi). Bu məlumatların birbaşa mövcud olmadığı hallarda, havadan çəkilmiş fotoşəkillər və (və ya) peyk şəkilləri kimi mənbələrdən istifadə oluna bilər.

Zəiflik


Zəiflik risk altında olan elemetin daşqın kimi təbiət hadisəsi nəticəsində ziyana məruz qalmağa həssaslığını ifadə edir. Müxtəlif insanların və müxtəlif əmlakların daşqınlara qarşı zəiflik dərəcələri müxtəlifdir.

Ayrı-ayrı şəxslərin, icmaların, əmlakların və ətraf mühitin zəiflik dərəcəsi kəmiyyətlə müəyyən olunmalıdır. Müxtəlif icmalarda olan ən zəif qruplara xüsusi diqqət yetirilməlidir. Daşqından müdafiə sədlərinin zəifliyi də nəzərə alınmalıdır.


Risk barədə məlumatların idarə olunması


Risklərin qiymətləndirilməsi məşğələsinin periodik olaraq təkrarlanmasını təmin etmək üçün bir sıra mexanizmlər tətbiq olunmalıdır. Təhlükələr, risk altında olan elementlər, sutoplayıcı hövzədə zəiflik və icmalar gələcəkdə dəyişə bilər. Eyni zamanda, indiki halda çox vacib hesab olunan əlavə məlumatların toplanması nəticəsində yeni təhlükə xəritələri meydana çıxa bilər.

Bunu təmin etməyin ən yaxşı mexanizmlərindən biri institusional mexanizmdir. Bu fəaliyyətin həyata keçirilməsi üçün bir qurum (indiki halda, güman ki, Fövqəladə Hallar Nazirliyi (FHN)) məsul olmalıdır. Həmçinin, tövsiyə olunur ki, hər bir icma risklər və təhlükələr barədə illik hesabatlar hazırlasın və periodik olaraq məsul qurumla (FHN-lə) əlaqə saxlasın.


Gözlənilən nəticə


  • Daşqınların xəritələşdirilməsi

  • Risk altında olan elementlər barədə məlumat

  • Zəifliyin qiymətləndirilməsi

  • Risk barədə məlumatlılıq

  • İnstitusional mexanizmlər


  1. Monitorinq və xəbərdarlıq


Əksər DQİƏEXS-lərdə monitorinq və proqnozlaşdırma komponenti icmanın daxilində olur. Qəfil daşqınların baş verdiyi sutoplayıcı hövzələrdə isə, hazırlıq vaxtının qısa olması səbəbindən bu adətən mümkün olmur və buna görə də, alternativ yollar axtarılmalıdır. Buna baxmayaraq, sistem barədə məlumatlılığı və icma daxilində əməkdaşlığı gücləndirmək məqsədi ilə təklif olunan sistem icmada bəzi məhdud "hadisə-sonrası" monitorinq vasitələrini təqdim edəcək.

Hadisəyə qədər olan vaxt və proqnozun dəqiqliyindən asılı olaraq xəbərdarlığın üç müxtəlif səviyyəsi müəyyən olunur: 1-ci səviyyəli xəbərdarlıq (məlumatlı olun), 2-ci səviyyəli xəbərdarlıq (hazırlıqlı olun) və 3-cü səviyyəli xəbərdarlıq (tədbir görün).

Heç bir hadisənin nəzərdən qaçmaması və hazırlıq vaxtının mümkün qədər çox olması üçün monitorinq və xəbərdarlıq komponenti bir neçə müxtəlif tədbirlərə əsaslanacaq. Sistem bütün müxtəlif komponentlərin kombinasiyası ilə işləyəcək, lakin eyni zamanda, sistemin hər bir hissəsinin dəqiqliyi də nəzərə alınacaq.

Daşqınların proqnozlaşdırılması


Hər bir fəlakət hadisəsinin əvvəlcədən proqnozlaşdırılması üçün daşqınların proqnozlaşdırılması sistemindən istifadə olunacaq. Bu daşqın proqnozlaşdırma sistemi tədqiqat zonası üçün meteoroloji proqnoz məlumatları verən qlobal hava proqnozlaşdırma sisteminə əsaslanacaq. Bu sistem üçün proqnozun müddəti 240 saata (10 günə) qədər ola bilər. Proqnozun müddəti uzandıqca onun, xüsusilə yağıntılar barədə proqnozun, dəqiqliyi azalır. Ona görə də, proqnozların ilk saatları üçün dəqiqlik daha yüksək olur. Beynəlxalq təcrübəyə əsasən, 72 saatdan sonrakı nəticələr adətən real proqnozlar üçün nəzərdən keçirilmir. Beləliklə, təklif olunan sistem 72 saat əvvəl işləməyə başlayacaq, daşqın proqnozlarına isə yalnız 48 saat əvvəl baxılacaq. Hidroloji model meteoroloji modelin məlumatlarından və əvvəlki işləmə zamanı qeydə alınmış ilkin şərtlərdən istifadə etməklə hər gün operativ olaraq fəaliyyət göstərəcək.



Şəkil 3 – Daşqın proqnozlaşdırma sistemi

Spesifik hədlərin keçildiyi hallarda (48 saat əvvəl) 1-ci səviyyəli xəbərdarlıq (məlumatlı olun) verilir. 24 saat əvvəlki proqnozlar axının spesifik hədlərdən yüksək olacağını göstərərsə, 2-ci səviyyəli xəbərdarlıq (hazırlıqlı olun) yayılır. Qeyd etmək lazımdır ki, qlobal meteoroloji sistemlərin proqnozları 100% dəqiq deyil və buna görə də, bu, hadisələrin nəzərdən yayınmasına və ya təhlükəli olmayan hadisələr barədə proqnoz verilməsinə səbəb ola bilər.


Yağışölçən


Daşqın proqnozlaşdırma sisteminin mümkün qeyri-dəqiqliyi səbəbindən tədqiqat ərazisində yerli monitorinq sistemindən istifadə olunacaq. Bu, monitorinq və xəbərdarlıq sisteminin ən mühüm komponentidir. Aparıcı Hidrometriya Eksperti tədqiqat ərazisinin qiymətləndirməsini həyata keçirmişdir və bütün tədqiqat ərazisində, daha konkret olaraq, Türyançay sutoplayıcı hövzəsində bir neçə yağışölçənin quraşdırılması planlaşdırılır (Şəkil 4).

Şəkil 4 - Təklif olunan avtomatik yağıntı-ölçmə stansiyalarının yerləşəcəyi təxmini yer

Yağışölçənlərin yerləşəcəyi yer Aparıcı Hidrometriya Eksperti, Aparıcı Hidroloji Ekspert və Aparıcı DPEXS Eksperti arasında yaxından əməkdaşlıq yolu ilə qərara alınacaq. İlkin təxminlərə görə, bu sensorlar sutoplayıcı hövzədə mümkün qədər yüksəklikdə yerləşdiriləcək ki, hazırlıq vaxtı mümkün qədər çox olsun. Bu yağışölçənlər real vaxt rejimində yağıntı məlumatlarını operativ mərkəzə ötürəcək. Bu sensorlardan əldə olunmuş məlumatlar və mövcud iqlim informasiyası əsasında, operativ mərkəz 3-cü səviyyəli xəbərdarlığın (tədbir görün) yayılmalı olub-olmadığına qərar verəcək.

Su səviyyəsinin radar-sensorlarla monitorinqi


Tövsiyə olunur ki, sutoplayıcı hövzələrin yuxarılarındakı su axarlarında təmassız su səviyyəsinə nəzarət sensorları (Şəkil 5) yerləşdirilsin. Bunda məqsəd yağıntı sensorlarının proqnozlaşdırdığı yaxınlaşan hadisənin təsdiqlənməsi və hidravlik model üçün zəruri ilkin şərtlərin təmin olunmasıdır. Bu sensorlar həmçinin axım vaxtları barədə faydalı məlumatları təmin edəcək.

Şəkil 5 – Radardan istifadə etməklə su səviyyəsinin monitorinqi.

Su səviyyəsini ölçən radar-sensor birbaşa təmas olmadan yerüstü suyun səviyyəsini ölçən cihazdır. Bu, daşqınlar zamanı su axarlarının daşıma potensialının yüksək olması səbəbindən əhəmiyyətli hesab olunur.

İcmada su səviyyəsini ölçmə qurğuları


Əvvəl də qeyd olunduğu kimi, icmada su səviyyəsini ölçülməsinin EXS-ə birbaşa heç bir faydası olmasa da, böyük daşqın hadisələrindən sonra icmaların yaxınlığında olan su axarlarında suyun maksimal səviyyəsinə nəzarət etmək tövsiyə olunur. Bu monitorinqin üç müxtəlif məqsədi vardır:

  • EXS-də icmanın iştirakının genişləndirilməsi

  • Bütün sistem barədə icmanın məlumatlılığının artırılması

  • Hidroloji və hidravlik modellərin təkmilləşdirilməsi üçün maksimal səviyyə barədə məlumatların toplanması

Ölçmə qurğusunun iki müxtəlif növü təklif olunur:

  • Suyun maksimal səviyyəsini ölçmə qurğusu: bu səviyyəölçənlər (şəkil 6 (a)) yerüstü suyun ən yüksək səviyyəsini rəngli işarələmə vasitəsilə göstərir. Bunlar maksimal səviyyənin göstəriciləri olmaqla sübutun qorunub saxlanmasına xidmət edir və daşqınla bağlı daha sonrakı tədbirlərin görülməsi üçün dəqiq məlumatları təmin edir. Zərbəyədavamlı şüşədən hazırlanmış ölçmə silindrinin içində 1 metr uzunluğunda şüşə liflə möhkəmləndirilmiş plastik ölçmə çubuğu olur. Ölçmə çubuğuna özü yapışan rəngli lent yapışdırılır. Ölçmə silindirindəki artan su müvafiq səviyyəyə qədər rəngi yuyub çıxarır. Kəskin ayırıcı xətt suyun ən yüksək səviyyəsini göstərir. Rəngli lent silindrin baş hissəsindəki vinti boşaltmaqla asanlıqla dəyişdirilir. Filtrləmə qurğusu bərk torpağın filtrlənməsi funksiyasını yerinə yetirir və ölçmə silindrinə ləpədöyənin təsirinin qarşısını alan dempferləyici qurğu rolunda çıxış edir.

  • Suölçmə reykası (boyanmış): bu ölçmə qurğusu (şəkil 6(b)) icmalardakı strateji yerlərdə (körpülərdə, bəndlərdə və ya istənilən digər tikililərdə) asanlıqlı boyana bilər. Suyun maksimal səviyyəsi suölçmə reykasındakı rəngin dəyişməsi əsasında təxmini hesablana bilər. Bu ölçmə qurğuları yuxarıda təsvir olunmuş suyun maksimal səviyyəsini ölçmə qurğuları qədər dəqiq deyil, amma daha ucuzdur və istifadəsi asandır.

Hər bir icmanın hər daşqından sonra suyun maksimal səviyyəsini operativ mərkəzə bildirməsi tövsiyə olunur.

(a) (b)

Şəkil 6 – (a) Suyun maksimal səviyyəsini ölçmə qurğusu və (b) suölçmə reykası.

Monitorinq və proqnozlaşdırma sistemi


Bütün monitorinq və proqnozlaşdırma sisteminin layihəsi 7-ci şəkildə təsvir olunmuşdur. Bu sistem Daşqınların Proqnozlaşdırılması və Erkən Xəbərdarlıq Sistemi üçün Texniki Tapşırıqda tam təsvir olunmuşdur. Qısaca olaraq qeyd edək ki, hava proqnozu məlumatları hidroloji model ilə birlikdə əvvəlcədən xəbərdarlıqların (1-ci səviyyə - məlumatlı olun, 2-ci səviyyə - hazırlıqlı olun) verilməsi üçün, monitorinq şəbəkəsi (yağışölçənlər və su səviyyəsini ölçmə radarları) isə hidroloji və hidravlik modellərlə birgə icmalara xəbərdarlıqların (3-cü səviyyə - tədbir görün) verilməsi üçün istifadə olunacaq.

Şəkil 7 – Daşqın proqnozlaşdırma sistemi


  1. Xəbərdarlıqların yayılması və kommunikasiya


Proqnoz və xəbərdarlığın yayılması son dərəcə vacibdir. Çox vaxt, risk altında olan əhaliyə xəbərdarlıqların yayılması bacarığının olmaması inteqrasiyalı sistemin ən zəif cəhəti olur. Proqnoz və xəbərdarlıqlar istifadəçilərə dərhal və kifayət qədər hazırlıq vaxtı ilə çatdırılmalıdır ki, cavab tədbirlərinin həyata keçirilməsinə imkan versin.

8-ci şəkildə mövcud kommunikasiyanın blok-sxemi verilmişdir. İcmalarla mövcud kommunikasiya FHN-in yerli idarəsi vasitəsilə həyata keçirilir və bu kommunikasiyanın əsasən mobil telefon texnologiyasına əsaslandığı görünür.



Şəkil 8 – Xəbərdarlıqların yayılmasının mövcud metodunun blok-sexmi

Proqnoz və xəbərdarlıqların yayılması müxtəlif kommunikasiya metodları ilə həyata keçirilə bilər. Qeyd olunmalıdır ki, indiki halda iki müxtəlif kommunikasiya metodlarından istifadə edilməlidir. Çünki, yuxarıda 4-cü bölmədə də qeyd olunduğu kimi, DQİƏEXS-in monitorinq və xəbərdarlıq komponenti üçün təklif olunan layihə tamamilə icmanın daxilində yerləşmir. Buna görə də, "operativ mərkəz"lə icmalar arasında, eləcə də hər bir icmanın daxilində kommunikasiyanın mexanizmləri layihələndiriləcək.

Bu bölmədə bir neçə kommunikasiya mexanizmi və sonda təklif olunan sistem təsvir olunacaq. Lakin, bu komponentdə icmaların rəyləri nəzərə alınacaq və kommunikasiya mexanizmləri konkret icmaların ehtiyac və tələblərinə uyğun olması üçün uyğunlaşdırıla/dəyişdirilə bilər. Eyni zamanda, mövcud kommunikasiya/xəbərdarlıqların yayılması mexanizmləri də nəzərdən keçiriləcək.



İcmalarla kommunikasiya


Bu bütöv bir sistemin ən zəif cəhətlərindən biri ola bilər, və, buna görə də, sistemin bu mərhələsinin layihələndiriməsinə xüsusi diqqətlə yanaşılacaq. Hazırlıq vaxtının mümkün qədər çox olmasını təmin etmək üçün, mərkəzi operativ mərkəz xəbərdarlığın müəyyən olunmasından sonra ən qısa müddətdə daxil olan xəbərdarlıq barədə icmaları məlumatlandıra bilmək iqtidarında olmalıdır. Bu məlumatlandırma etibarlı vasitələrdən istifadə etməklə həyata keçirilməlidir və potensial problemlərdən yayınmaq üçün ehtiyat variant da nəzərdən keçirilməlidir. Hər icma üzrə iki əlaqəli şəxs müəyyənləşdiriləcək, lakin icmaları uzaqdan xəbərdar etmə vasitələri də təklif olunacaq.

Problemlərin baş verməsi ehtimalını azaltmaq üçün icmalarla kommunikasiya mərkəzi operativ mərkəz vasitəsilə, FHN-in yerli idarəsi vasitəsilə və yerli əlaqəli şəxslər vasitəsilə həyata keçiriləcək. Eyni zamanda, FHN-in yerli idarəsi yerli nümayəndə ilə əlaqə saxlayacaq.


Aşağıdakı kommunikasiya vasitələri nəzərdən keçirilə bilər.


  1. Mobil telefon-SMS

Mobil telefonlar baxılan kommunikasiya səviyyələrinin hər ikisində kommunikasiya vasitələri kimi istifadə oluna bilər. Operativ mərkəzlə icmadakı yerli əlaqəli şəxs arasındakı kommunikasiya zamanı bu çox faydalı ola bilər, lakin bunun müəyyən çatışmazlıqları da vardır, çünki mobil telefon daim açıq və işlək olmalıdır, və əlaqəli şəxs öz mobil telefonunu daim açıq saxlamalıdır. Eyni zamanda, məlumatın çoxlu sayda insana yayılmasını asanlaşdırmaq üçün icma-əsaslı sistemdə qeydiyyatdan keçmiş bütün şəxslərə SMS göndərilə bilər. Bəzi hava şəraiti mobil şəbəkənin etibarlılığını azalda bilər, buna görə də, ehtiyat sistemlər nəzərdən keçirilməlidir.


  1. Yüksək tezlikli radio

Lazımi infrastrukturun mövcud olduğu halda yüksək tezlikli radio əlverişli kommunikasiya vasitəsi hesab olunur. Yüksək tezlikli radio sərt hava şəraitində işləyə bilir, buna görə də, mobil şəbəkənin işləmədiyi hallarda ehtiyat sistem olaraq əla variantdır.


  1. Elektron poçt - internet

İnsanların böyük bir qisminin elektron poçt və internetə çıxışının olduğu kifayət qədər inkişaf etmiş icmalarda elektron poçt vasitəsilə kommunikasiya son dərəcə səmərəlidir, xüsusilə nəzərə alınsa ki, smartfonlar 3G/ 3GS və ya 4G texnologiyasını dəstəkləyir, yəni, istifadəçilər mobil telefon şəbəkəsinin tutduğu hər bir yerdə öz elektron poçt hesablarını yoxlaya və internetdən istifadə edə bilirlər. İnternet saytları tez və asan yenilənə bilir, və elektron məktublar müvafiq elektron poçt proqramları vasitəsi ilə eyni anda və kütləvi şəkildə çoxsaylı istifadəçilərə yayıla bilir. Lakin, internetdən biliklərin yayılması üçün istifadənin müsbət cəhətinə baxmayaraq, Azərbaycanın kənd yerlərində elektron poçt və internet kommunikasiyası metodları çox məhdud şəkildə tətbiq olunur. 3G xidmətinin çatımlılığı kifayət qədər geniş və sabit olsa da, kənd sakinlərinin çoxunun smartfonu yoxdur. Kompüterlər də geniş yayılmayıb, bəzi icmalarda isə hətta kommunal idarələrdə belə onlara çətinliklə rast gəlmək olur. Tədqiqat ərazisində rəqəmsal bərabərliklə bağlı şübhələr vardır, buna görə də, elektron poçt və internet əsaslı kommunikasiya növləri bu sistemdə effektiv erkən xəbərdarlıq vasitəsi olaraq tövsiyə edilə bilməz. Xəbərdarlıqların və təxliyə elanlarının birbaşa ötürülməsində bu vasitələrə etibar oluna bilməz.


  1. Sirenalar (sirena sistemlərinin uzaqdan idarə olunması)

Yerli və ya uzaqdan aktivləşdirilən bir neçə sirena sistemləri mövcuddur. Uzaqdan aktivləşdirmə radio, GSM və ya kabel vasitəsi ilə həyata keçirilə bilər. Bu sirena sistemləri bu tip sistem üçün əlverişlidir və bir neçə növdə mesaj və ya xəbərdarlıqların çatdırılmasına imkan verir. Uzaqdan aktivləşdirmə funksiyası xəbərdarlığın gecə verildiyi və (və ya) yerli əlaqəli şəxslə əlaqə yaratmaq mümkün olmadığı hallarda çox faydalı olur.

İcmaların daxilində kommunikasiya


Türyançay sutoplayıcı hövzəsindəki icmaların daxilində effektiv kommunikasiya sistemlərinin layihələndirilməsi zamanı xüsusilə diqqətli olmaq lazımdır. Burada nəzərdən keçirmək üçün bir neçə variant vardır. Hansı kommunikasiya vasitəsindən istifadə olunacağı barədə yekun qərar icmanın seçiminə və mövcud praktikaya, etibarlılıq aspektinə və beynəlxalq ekspertin məsləhətinə uyğun olaraq qəbul olunacaq.


  1. Zənglər

Zənglər və (və ya) təbillər icmaya həyəcan siqnalı vermək üçün səmərəli və köhnə texnologiyaya əsaslanan vasitələrdir. Zənglər baha olmur və onları quraşdırmaq asan olur, belə ki, onlar işləmək üçün elektrik enerjisi və ya batareya tələb etmir, onlar daşqının yetirdiyi zədəyə davamlı olur və onları işlək vəziyyətdə saxlamaq üçün heç bir xərc tələb olunmur. EXS-in tətbiqi mərhələsində icmadan bir qrup siqnal (konkret bir tədbiri və ya cavab tədbirini bildirən ritm) hazırlamaları xahiş olunacaq. Siqnalların hazırlanması zamanı onların aydın və asan təkrarlana bilən olması vacibdir, həmçinin, siqnallar bir-birindən əhəmiyyətli dərəcədə fərqli olmalıdır ki, eşidənlər onların ifadə etdiyi mesajları qarışdırmasın. Effektiv siqnalların yaradılması və onların mənalarının bütün icma üzvlərinə çatdırılması olduqca vacibdir; siqnalların yaradılmasının və onların icma üzvlərinə çatdırılmasının ən yaxşı üsulu ümum-icma seminarları və təlim sessiyaları yolu ilədir.


  1. Simsiz xəbərdarlıq sirenaları sistemi

Yuxarıda qeyd olunmuş sirenalar ilə yanaşı simsiz sirena sistemlərini də nəzərdən keçirmək olar. Bu sistem kiçik icmalarda insanları xəbərdar etmək üçün həqiqətən faydalı ola bilər. Çünki, bu sistem bir-biriylə əlaqəli (magistral) kabelləşdirmə və ya mərkəzi idarəetmə paneli tələb etmir, və onun quraşdırılması ənənəvi simli fövqəladə vəziyyət xəbərdarlığı sirenası və ya səsucaldıcı ilə elan etmə sistemlərindən daha tez və daha ucuz başa gəlir.



Şəkil 9 – Simsiz sirenalar

Bu sirenalar sistem üzrə yerli nümayəndə tərəfindən asanlıqla aktivləşdirilə bilər və burada da bir neçə növ mesaj əvvəlcədən kodlaşdırıla bilər.




  1. Səsgücləndirici

Səsgücləndiricilər müvafiq informasiyanın elanlar vasitəsi ilə yerli auditoriyaya çatdırılması baxımından çox səmərəlidir. Səsgücləndiricilərin iki əsas növü vardır: əldə daşına bilən və batareya ilə işləyən səsgücləndiricilər, və səsgücləndiricilərin icma boyunca müxtəlif yerlərdə yerləşdirildiyi kabelli sistem. Quraşdırılmış çoxsaylı dinamiklər sayəsində kabelli sistem daha geniş əhatə sahəsinə, və buna görə də, vaxta qənaət etməklə informasiyanı eyni anda bütün icmalara göndərmək imkanına malikdir ki, bu da bəzi fövqəladə vəziyyətlərdə olduqca əhəmiyyətlidir. Kabelli sistemin çatışmazlığı texniki səbəblərdən sıradan çıxmağa meylliliyi, eləcə də, təbii fəlakət zamanı zədələnə bilməsidir. Portativ sistem isə böhran vəziyyətində çox səmərəlidir, çünki onu daşımaq mümkündür və təxliyə zamanı elan verən şəxs onu əldə daşıya bilir. Batareya ilə işləməsi ona şiddətli fırtınalar zamanı bir neçə gün davam edə bilən elektrik enerjisinin kəsilməsi hallarında istifadə olunmaq imkanı verir. Lakin, portativ səsgücləndiricinin bəzi çatışmazlıqları vardır ki, bunlardan biri də onun məhdud diapozonu əhatə etməsidir.


  1. SMS

SMS EXS-in bir neçə tətbiqi zamanı kütləvi kommunikasiyanın ən etibarlı və ucuz növlərindən biri kimi özünü təsdiq etmişdir. SMS vasitəsilə məlumatı bir kənddən digərinə, kəddən kommunal idarəyə, kəddən Hidrometeorogiya idarəsinə və əksinə ötürmək mümkündür. Mobil telefonlar Azərbaycanda hətta kənd yerlərində də geniş yayılıb, yetkin yaşda olan insanların əksərinin və ya onların ailə üzvlərindən birinin sadə mobil telefonu vardır. Azərbaycan, ümumilikdə, hətta yüksək ərazilərdə də mobil xidmət sabitdir, yalnız bəzi təcrid olunmuş dağlıq bölgələrdə şəbəkənin qeyri-sabit və ya minimal olduğu ərazilər vardır.

SMS əlverişli olsa da, müəyyən çatışmazlıqları vardır. Telefonların batareyası dolu saxlanmalıdır və elektrik enerjisinin uzunmüddətli kəsilməsi hallarında mobil telefonun enerjisi tükənərsə və ehtiyat elektrik generatoru tapılmazsa kommunikasiya qabiliyyəti pozula bilər. Nəhayət, mobil rabitə qüllələrində adətən ehtiyat generatorlar olsa da, ciddi fəlakət baş verdikdə bu sistemlər də sıradan çıxa bilər və nəticədə telekommunikasiya xidmətləri uzun müddətə kəsilə bilər.




  1. Ratsiya

Ratsiyalar EXS üçün əla cihazlardır və onlar tətbiq olunmuş EXS-lər zamanı təxliyə vəziyyətlərində xüsusilə effektiv olduqlarını təsdiqləyiblər. Zərurət olarsa, onlardan rabitə zənciri kimi məlumatı bir icmadan digərinə ötürmək üçün istifadə etmək olar. Bu xüsusilə geniş coğrafi ərazini əhatə edən icmalarda zəruridir, belə ki, bəzi kəndlər kommunal idarədən çox uzaqda olduğu üçün hakimiyyət orqanları ilə ratsiya vasitəsi ilə birbaşa ünsiyyət qura bilmir.

Ratsiyaların daha bir üstünlüyü isə onların elektrik enerjisi üçün cərəyan şəbəkəsindən asılı olmamasıdır, belə ki, onlar batareya və ya təkrar doldurula bilən akkulumyatorla işləyirlər. Bu xüsusiyyəti ratsiyaları hətta bütün infrastrukturun sıradan çıxdığı ciddi təbii fəlakətlər zamanı istifadəyə yararlı edir (təbii ki, onları işlək vəziyyətdə saxlamaq lazımdır – onların akkumulyatoru müntəzəm olaraq doldurulmalı və ya əldə yeni və yüksək keyfiyyətli ehtiyat batareyalar saxlanmalıdır ki, fövqəladə vəziyyətlərdə istifadə edilə bilsin).



  1. Televiziya

Televiziya və yayım rabitəsinin digər formaları ümumi xəbərlər və hava məlumatları baxımından yaxşı bir mənbədir. Heç də hər bir evdə televizorun olmaması faktı nəzərə alınmalıdır. Milli televiziyadakı hava məlumatları ümumi xarakterli və lokallaşdırılmamış olur. Bu məlumatlar adətən yerli xəbər stansiyası tərəfindən verilir, buna görə də məlumatlar köhnəlmiş ola bilər və ya izləyicinin yaşadığı regiona aidiyyəti olmaya bilər. Yerli televiziya kanalının mövcud olub-olmaması araşdırılmalıdır. Bununla belə, ərazidə hazırlıq vaxtı az olduğuna görə, bu kommunikasiya vasitəsi adekvat hesab olunmur.


  1. Radio

Müxtəlif icmalarda yerli radio stansiyalarının mövcud olub-olmaması tam araşdırılmalıdır. Bu stansiyalar yerli hava şəraiti haqqında ən son hava proqnozlarını yayımlaya bilər. Qeyd olunmalıdır ki, dinləyici auditoriyasında yaş faktorunun rolu vardır: icmanın yaşlı üzvləri radioya daha çox qulaq asır, gənc nəsil isə aktual məlumatları televiziya və (və ya) SMS mesajlaşmasından əldə etməyə meyllidir.

Tövsiyə olunan sistem – kommunikasiya axını


Xəbərdarlıqların yayılması sistemi xəbərdarlıqların və digər müvafiq məlumatların səmərəli şəkildə, hətta informasiyaya məhdud çatımlılığı olan uzaq evlərə də ötürülməsini təmin etməli və gün (həftə) ərzində istənilən vaxt xəbərdarlığın ola biləcəyini nəzərə almalıdır. Sistemin struktur quruluşu bütün maraqlı tərəflərə aydın olmalıdır. Onlar onları kimin məlumatlandıracağını və onların da öz növbəsində kimi məlumatlandırmalı olduqlarını bilməlidirlər.

Bu komponent çox mühüm olduğu üçün və monitorinq komponenti icmada yerləşmədiyi üçün, bir neçə ehtiyat sistem təklif olunur. Hər bir icmada iki nəfər yerli sakinin əlaqəli şəxs təyin olunması təklif olunur. Tövsiyə olunan sistem xəbərdarlığın səviyyəsindən asılı olaraq müəyyən olunacaq.



  1. 1-ci səviyyəli xəbərdarlıq (məlumatlı olun) – 48 saat əvvəlcədən

Proqnozlaşdırma sistemi yerli hadisənin baş verə biləcəyini bildirərsə, əlaqəli şəxs təyin olunmuş yerli sakinlərlə mobil telefon vasitəsilə əlaqə saxlanılacaq. İcma üzvlərini məlumatlandırmaq üçün televiziya və yerli radiodan da istifadə olunacaq. Məlumat yerli elan lövhələrində və xüsusi internet səhifəsində nümayiş etdiriləcək.



Şəkil 10 – Xəbərdarlıq (məlumatlı olun) vəziyyətləri üçün kommunikasiyanın şərti forması

  1. 2-ci səviyyəli xəbərdarlıq (hazırlıqlı olun) – 24 saat əvvəlcədən

Proqnozlaşdırma sistemi 24 saat əvvəl yerli hadisənin baş verə biləcəyini bildirərsə, yenidən yerli nümayəndələrlə mobil telefon vasitəsilə əlaqə saxlanılacaq. Bu halda hadisənin baş vermə ehtimalı yuxarıda qeyd olunmuş xəbərdarlıq səviyyəsindəkindən daha yüksək olduğu üçün, bütün icma üzvlərinin xəbərdar edilməsi üçün yerli miqyasda sirenalar işə salınacaq. İcma üzvlərini məlumatlandırmaq üçün televiziya və yerli radiodan da istifadə olunacaq. Bu halda da, məlumat yerli elan lövhələrində və xüsusi internet səhifəsində nümayiş etdiriləcək. İcmanın qeydiyyatdan keçmiş üzvlərinə SMS göndəriləcək.



Şəkil 11 - Xəbərdarlıq (hazırlıqlı olun) vəziyyətləri üçün kommunikasiyanın şərti forması

Qeyd etmək lazımdır ki, hətta 48 saat əvvəl heç bir hadisənin proqnozlaşdırılmadığı hallarda belə, ilk saatlar ərzində proqnozun dəqiqliyinin daha çox olması səbəbiylə hadisə 24 saat əvvəl proqnozlaşdırıla bilər.



  1. 3-cü səviyyəli xəbərdarlıq (tədbir görün) – Hadisə

Bu xəbərdarlıq səviyyəsi qeydə alınmış yağıntı və yuxarı axında suyun səviyyəsinə əsaslanacaq, və buna görə də hadisənin baş verməsi daha dəqiqdir. Yerli nümayəndələrlə mobil telefon və yüksək tezlikli radio vasitəsilə əlaqə saxlanılacaq. Sirenalar operativ mərkəzdən uzaqdan işə salınacaq. Yerli nümayəndələr icmanın digər üzvlərinin zənglər, ratsiyalar və (və ya) (simsiz) sirenalar vasitəsilə xəbərdar edilməsinə cavabdeh olacaqlar. Əsas operativ mərkəz yerli hakimiyyət orqanları ilə, FHN-in yerli idarəsi isə bütün xilasetmə/təbii fəlakətlərlə mübarizə təşkilatları ilə əlaqə saxlayacaq.



Şəkil 12 - Xəbərdarlıq vəziyyətləri üçün kommunikasiyanın şərti forması

Qeyd etmək lazımdır ki, monitorinq sisteminin qeydə aldığı daşqın hadisəsi proqnozlaşdırma sistemi tərəfindən əvvəlcədən heç bir xəbərdarlığın verilmədiyi hallarda da baş verə bilər, və buna görə də, icmalar bilməlidirlər ki, ən yüksək səviyyəli xəbərdarlıq birbaşa aktivləşdirilə bilər.

Fövqəladə vəziyyətlərdə uzun danışıq üçün vaxt olmur. Mesaj qısa və asan başa düşülən olmalıdır. Bu o deməkdir ki, mesajı göndərən və qəbul edən razılaşdırılmış standart mesajlardan istifadə edirlər. Əsas razılaşdırılmış standartlar üç xəbərdarlıq səviyyəsidir (ayıq-sayıq olun, hazırlıqlı olun və tədbir görün). Burada mesajı göndərənlə qəbul edənin bu üç xəbərdarlıq səviyyəsinin nə məna verdiyini eyni cür başa düşməsi tələb olunur.

Xəbərdarlıq səviyyələrinin müəyyən şərtləri və konkret gözlənilən tədbirləri vardır. Anlaşılmazlığın baş verməməsi üçün, mesajların məzmunu bütün aidiyyəti tərəflərə məlum olmalıdır. Buna görə də, ictimai yerlərdə hər üç xəbərdarlıq səviyyəsini və onlarla bağlı olan hərəkətləri təsvir edən plakatlar yerləşdirilməlidir.

Sonda, tövsiyə olunur ki, sistem vaxtaşırı (güman ki, daha bitkin bir təlim proqramının tərkib hissəsi olaraq) yoxlansın və texniki xidmət işləri təşkil olunsun.

  1. Cavab tədbirləri


Cari EXS-in diqqətlə qiymətləndirilməsi nəticəsində bu komponentin tədqiqat ərazisində və Azərbaycanda ən inkişaf etmiş komponent olduğu məlum olmuşdur. FHN tərəfindən həyata keçirilən və tam operativ olan fəlakətlərə qarşı cavab tədbirləri planları artıq mövcuddur. İcma nöqteyi-nəzərindən bəzi tövsiyələr aşağıda qeyd olunur. Adekvat cavab verə bilmək üçün fiziki potensial yaradılmalı, müəyyən fövqəladə vəziyyətlərə qarşı hansı cavab tədbirlərinin görülməli olduğu planlaşdırılmalı, insanlara fövqəladə vəziyyətlə necə mübarizə aparmaq barədə məsləhətlər verilməli və ya təlim keçilməlidir.

İcma cavab tədbirləri planlarının yaradılması


Sistemi tətbiq edən bütün icmalar İcma Cavab Tədbirləri Planları (və ya Fəlakətlərə Hazırlıq Planları) hazırlamalıdır. Bu planlar təhlükələri və zəiflikləri xarakterizə etmək məqsədi daşıyır, eləcə də bu təhlükələrin yaratdığı risklərin azaldılması üzrə strategiyalar və konkret tədbirləri işləyib hazırlayır. Bu plan fövqəladə vəziyyətlərə qarşı cavab tədbirlərini ehtiva etsə, təkcə bununla məhdudlaşmır.

Təxliyə marşrutları / təxliyə mərkəzləri


Təxliyə marşrutları araşdırılmalı və təsvir olunmalıdır. Bu marşrutlar adətən daşqın modelləşdirməsi məşğələsi vasitəsi ilə müəyyənləşdirilə bilir, lakin yerli biliklər də nəzərə alınmalıdır. Eyni zamanda, heç də müxtəlif daşqın hadisələr eyni olmur, və buna görə də, təxliyə marşrutları müəyyənləşdirilərkən bu da nəzərə alınmalıdır. Əsas təxliyə mərkəzi də müəyyənləşdirilməlidir. Bəzi icma üzvləri qohumlarının və ya dostlarının evlərində sığınacaq axtarmaq istəyə bilər. Yaxınlaşmaqda olan daşqın hadisənin bu evə təsir etməyəcəyi dəqiq deyilsə, bu məsləhət görülmür. Buna görə də, icma/təxliyə mərkəzinin müəyyən olunması tövsiyə olunur. Bu mərkəz adətən mövcud və əlverişli icma əmlakı ola bilər, lakin həmin yerin yararlılığı lazımi şəkildə yoxlanılmalıdır. Əsas təxliyə marşrutları və təxliyə mərkəzinə aparan istiqamətlər yol göstəriciləri vasitəsilə aydın şəkildə göstərilməlidir.

İctimai məlumatlılığın artırılması və maaifləndirmə


Yaxınlaşan daşqın təhlükəsinə adekvat reaksiyanın olmamasının və ya çatışmazlığının səbəblərindən biri geniş ictimaiyyət arasında əsas risk barədə məlumatsızlıq və bu riski azaltmaq və ya ondan yayınmaq üçün nəsə etməyin mümkün olduğu barədə biliklərin olmamasıdır. İcmanın məlumatlılıq səviyyəsinin artırılması və icma üzvlərinin yaxınlaşan daşqın barədə xəbərdarlıq verilən zaman necə reaksiya göstərməli olduqları barədə məlumatlandırılması üçün icma səviyyəsində bir neçə maarifləndirmə kampaniyası planlaşdırılmalıdır.

Uşaqların maarifləndirilməsinə xüsusi diqqət yetirilməlidir. Böyüklər davranış dəyişikliyinin reallaşdırılmasında böyük rol oynasalar da, uzunmüddətli perspektivdən yanaşdıqda buna məktəbdən başlamaq prosesi daha da asanlaşdırmaq üçün ən perspektivli strategiyadır. Fəlakət baş verərkən əhalinin ən həssas təbəqələrindən biri məktəb yaşlı uşaqlar olur. Bu uşaqların çoxunun günün xeyli saatı valideynlərindən uzaqda, məktəbdə birbaşa müəllimlərin nəzarətində olduqları nəzərə alınaraq, məktəbləri uşaqların maarifləndirilməsi işinə cəlb etmək məsləhət görülür.


  1. Sistemə texniki xidmət


Texniki xidmət üzrə tədbirlər komponentlərin bəzilərində qeyd olunub, məsələn, risklərin xəritərləşdirilməsinə yenidən baxılması və rabitə cihazlarına texniki xidmət. Burada bütün sistem üçün bəzi əsas texniki xidmət tədbirləri təklif olunur.

Təlim


İcma üzvlərini sisteminin varlığından və onun daim inkişaf etməsindən xəbərdar etmək üçün icma səviyyəsində müntəzəm təlim fəaliyyətləri təşkil olunmalıdır.

Hadisə-sonrası qiymətləndirmə


EXS-in təhlili və təkmilləşdirilməsi üçün hər bir daşqın hadisəsindən sonra daşqın-sonrası araşdırmalar həyata keçirilməlidir. Hər bir daşqın hadisəsindən sonra qarşılaşılan problemləri, sistemin zəif və güclü cəhətlərini və onu təkmilləşdirməyin yollarını müəyyənləşdirmək üçün DQİƏEXS-in bütün iştirakçıları ilə sessiya təşkil olunmalıdır. Bununla yanaşı, icmalar su səviyyəsini ölçmə qurğularının məlumatlarını operativ mərkəzə təqdim etməlidirlər.
Hər bir hadisədən sonra icma üzvləri bir neçə əsas suala cavab tapmağa çalışmalıdırlar:

  • Mövcud EXS-in iş keyfiyyəti necə oldu? EXS-in dörd komponenti təhlil olunmalı, çatışmazlıqlar müəyyən olunmalı və aradan qaldırılmalıdır.

  • Hadisə necə proqnozlaşdırıldı? Daşqın proqnozlaşdırma sistemi öz işini düzgün icra etdimi? Monitorinq sistemi öz işini düzgün icra etdimi?

  • Tıxanma kimi süni proseslərin və ya axının gətirdiyi bərk materialların hadisəyə necə təsiri oldu?

Yenidən gözdən keçirmə


DQİƏEXS-in layihələndirilməsini bəzi dövrlərdə (xüsusilə, daşqınlar zamanı və ya onlardan dərhal sonra) intensiv olan, bəzən isə nisbətən az intensiv olsa da çox mühüm planlaşdırma işi ilə müşayiət olunan davamlı yaratma və yenidən gözdən keçirmə prosesi hesab etmək lazımdır. Bütün komponentlər (risk barədə məlumatlılıq, monitorinq və proqnozlaşdırma, xəbərdarlıqların yayılması və cavab tədbirləri) təfsilat və tərtibatda zəifliklərin olub-olmadığını müəyyənləşdirmək üçün nəzərdən keçirilməli və çatışmazlıqlar davam edən planlaşdırma mərhələsində aradan qaldırılmalıdır. Bütün bu proseslərdə riskə məruz qalan icmaların üzvləri ilə əlaqə yaradılmasına şüurlu cəhdlər edilməlidir. Sistemdə dəyişikliyin yuxarıda da şərh olunduğu kimi xüsusilə daşqın-sonrası qiymətləndirmə zamanı baş vermə ehtimalı olsa da, bu dəyişiklik daşqınların xarakterində dəyişikliyə səbəb olan mühüm ekoloji dəyişikliyin baş verməsi, müvafiq texnoloji yeniliklərin meydana çıxması və ya əlavə resursların əldə olunması zamanı da məqsədəuyğun ola bilər.

Xüsusilə də, tədqiqat ərazisində daşqınlar az-az baş verə bilər və təsadüfi quraqlıq dövrləri buna daha çox şərait yaradır. Sistemin hazırlığı baxımından mənfi nəticələrin qarşısını almaq üçün, hətta daşqınlar və nəzərdən keçirilməli heç bir mühüm ekoloji və ya texnoloji dəyişikliklərin baş vermədiyi hallarda belə arabir təhlillər keçirilməlidir. Bu təhlillər sistemin hazırlanması və xəbərdarlıq xidmətinin təchizində maraqlı olan müxtəlif tərəfləri bir araya gətirən seminarlar formasında təşkil olunmalıdır ki, potensial iştirakçılar özlərinin və digər iştirakçıların rollarını kontekstdə görə bilsinlər və yeni iştirakçılar proseslə tanış edilə bilsinlər.

Eynilə də, seminarlar yeni və ya alternativ metodların qiymətləndirilə bildiyi sınaq məşğələsi (təlimlər üçün zəhmət olmasa aşağı baxın) formasında da təşkil oluna bilər. Operativ xəbərdarlıq sistemlərini və prosedurlarını təsvir edən daşqınlar üzrə tədbirlər planları ictimai kitabxanalarında əlçatan edilə və yerli kütləvi informasiya vasitələrində reklam və ya nümayiş etdirilə bilər, və daşqınlarla bağlı maarifləndirici materiallar daşqınlara xüsusilə meylli olan ərazilərdə yerləşən yaşayış evlərinə və müəssisələrə paylana bilər.

Eyni zamanda, icmalar operativ mərkəzə sistemin ötən il ərzində necə işlədiyini, qarşılaşılan problemləri və təkmilləşdirmə üzrə təklif olunan tədbirləri özündə əks etdirən illik hesabat göndərməlidirlər …


İcma təlimləri

İcma təlim planı da həyata keçirilməlidir. İcmanın fəaliyyətini, cavab tədbirlərinin görüldüyü vaxtları və mümkün problemli sahələri müəyyənləşdirmək məqsədi ilə müntəzəm olaraq, daşqın mövsümünün başlamasından əvvəl ən azı bir dəfə təlimlər təşkil olunmalıdır.


  1. DQİƏEXS-in layihəsinin qısa xülasəsi


DQİƏXS üçün təklif olunan layihə dörd əsas komponentdən ibarətdir:

Risk barədə məlumatlılıq


Bütün iştirakçı icmalarda daşqın xəritələşdirməsi və risk qiymətləndirməsi həyata keçiriləcək. Bu qiymətləndirmələr modelləşdirmə metodlarından istifadə etməklə aparılacaq və nəticələr icma biliklərindən istifadə etməklə uyğunlaşdırılacaq.

Monitorinq və xəbərdarlıq


Hadisəyə qədər olan vaxt və proqnozun dəqiqliyindən asılı olaraq üç müxtəlif xəbərdarlıq səviyyəsi müəyyən olunmuşdur: 1-ci səviyyəli xəbərdarlıq (məlumatlı olun), 2-ci səviyyəli xəbərdarlıq (hazırlıqlı olun) və 3-cü səviyyəli xəbərdarlıq (tədbir görün).

Qlobal hava proqnozu modeli ilə əlaqələndirilmiş hidroloji modelə əsaslanan daşqın proqnozlaşdırma sistemi 1-ci səviyyəli (əgər sistem daşqın hadisəsi barədə 48 saat əvvəlcədən proqnoz verirsə) və ya 2-ci səviyyəli (əgər sistem hadisə barədə 24 saat əvvəlcədən proqnoz verirsə) xəbərdarlığın verilməsi üçün istifadə olunacaq.

Yağışölçənlərə və yerüstü suyun səviyyəsini ölçən radar sensorlarına əsaslanan monitorinq sistemi isə 3-cü səviyyəli xəbərdarlıqların verilməsi üçün istifadə olunacaq.

Məlumatlılığın və iştirakçılığın artırılması və sistemin inkişafı üçün əhəmiyyətli olan məlumatların toplanması üçün icmalarda suyun maksimal səviyyəsini ölçmə qurğuları yerləşdiriləcək.


Kommunikasiya və xəbərdarlıqların yayılması


İki müxtəlif səviyyədə kommunikasiya təklif olunur: icma ilə kommunikasiya və icma daxilində kommunikasiya. Monitorinq və xəbərdarlıq sistemi icma tərəfindən idarə oluna bilmədiyi üçün, icma xəbərdarlıqlar barədə operativ mərkəz tərəfindən məlumatlandırılmalıdır. Hər icmadan iki nəfər əlaqəli şəxs seçiləcək. Xəbərdarlığın səviyyəsindən asılı olaraq müxtəlif kommunikasiya vasitələri təklif olunur. 3-cü səviyyəli xəbərdarlıq veriləndə operativ mərkəz FHN-in regional mərkəzi ilə (mobil telefon, yüksək tezlikli radio), icmadan olan əlaqəli şəxslə (mobil telefon, yüksək tezlikli radio) və icma ilə (uzaqdan aktivləşdirilən sirenalar, SMS) əlaqə saxlayacaq. Regional mərkəz də icmadan olan əlaqəli şəxslə (mobil telefon, yüksək tezlikli radio) və icma ilə (səsgücləndiricilər) əlaqə saxlayacaq. Nəhayət, icmadan olan əlaqəli şəxs birbaşa icma üzvləri ilə (zənglər, simsiz sirenalar, ratsiyalar...) əlaqə saxlayacaq. Bütün bunlar icmalarla məsləhətləşmələrdən sonra dəqiqləşdirilməlidir.

Cavab tədbirləri


Təxliyə marşrutları və mərkəzləri müəyyənləşdiriləcək. Hər bir icma üçün fəlakətlər üzrə cavab tədbirləri planları işlənib hazırlanacaq.



Şəkil 13 – DQİƏEXS-in qısa xülasəsi


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət