Ana səhifə

Balalar-Az. Com Seyid Əzim Şirvani. Hekayətlər. Hekayət


Yüklə 9.95 Kb.
tarix06.05.2016
ölçüsü9.95 Kb.

Balalar-Az.Com

Seyid Əzim Şirvani. Hekayətlər.
Hekayət
Harun-ər Rəşid ki, xəlifeyi-Bağdad idi, onun əsrində bir nəfər ərabi ki, səhralarda, şurəzar olan yerlərdə nəşv-nüma tapmışdı, müddəti-ömründə bir saf olan şirin su görməmişdi. Bir gün azuqə təhsili üçün vətəndən çıxıb bir özgə diyara mütəvvəcceh olmuşdu. Bir pakizə olan yerdə yağışdan cəm olmuş bir göl gördü. Bir qədər o saf sudan içdi, gördü ki, çox şirin sudur. Öz-özünə dedi ki, yəqin bu su cənnətdən bu yerə tökülübdür. Dedi: "Əcəb oldu, bu sudan töhfə apararam xəlifeyi-Bağdada, ənam və caiz allam. Belə su xəlifə görməyibdir".

Bəs ərabi o sudan tuluğunu doldurub Bağdada rəvan oldu. Qəzara, iki ağac yol Bağdada qalmış, xəlifə xəvasları ilə şikara gedirkən ərabiyə rast gəldi. Ərabi xəlifənin cəlalından bildi ki, xəlifədir. Yol kənarında durub xəlifəyə dua dilini açdı. Xəlifə ondan soruşdu ki, ya əxəl-ərəb, hansı qəbilədənsən?

Cavab verdi ki, filan qəbilədən.

Dedi: - Hara gedirsən?

Dedi ki, sənin xidmətüvə cənnət suyu gətirmişəm.

Xəlifə qulama dedi ki, bir cam o sudan doldurub mənə ver.

Çün xəlifə bir cürə o sudan içdi, gördü ki, göl suyudur, ərabinin tuluğunda qalıb dəxi ziyadə təəffün edibdir. Camı qulama verdi, buyurdu ki, bu su heyfdir, tök camdakı suyu tuluğa və bu tuluğu ərabidən alıb göndər Bağdada və tapşır ki, bu sudan bir kimsənə içməsin, tələf olmasın.

Bəs üzün tutub ərabiyə dedi ki, məndən nə xahiş qılırsan?

Ərabi dediki, "xəlifətül-müslümin" haza maul cənnəti, səninçün çənnət suyu gətirmişəm, gərək mənə yüz qızıl pul verəsən.

Xəlifə yüz qızıl pul ona verdi. Ərabi şadman dərhal qəbiləsinə şitab qıldı.

Əyan həzrətdən sual etdilər ki, ya xəlifə, bunda nə hikmət vardı ki, cənnət suyundan bizə bir qətrə vermədin? Onu saxlamaqda mübaliğeyi-ziyadə buyurdun? Bağdada göndərdin və ərabiyə ənam edib ələl-icalə müraciətinə təkid elədin?

Xəlifə cavab verdi ki, bu ərabi ki, filan qəbilədə olur, ol sərzəmin bir şürəzar olan kəsif yerdir. Bu ərəb müddəti-ömründə bir saf və şirin və çari olan su görməyibdir, biyabanda yağışdan cəm olan suyu görüb, cənnət suyu hesab edib, mənim üçün ənam ümidi ilə töhfə gətiribdir. Mən içdim, gördüm ki, çox mütəəffin, nagüvara sudur. Sizə ki, ondan bir şürbə vermədim, qorxdum ki, içə bilməyib bir söz deyəsiz, ərabinin damağına dəyə və o ki tapşırdım ki, heç bir kəs bu suya dəyməsin, bu fikirlə onu dedim ki, ərabi xatircəm olsun ki, ol su nəhayətdə mənə xoş gəlibdir və ol ki ərabiyə ənam edib öz qabiləsinə müraciətinə israr elədim, ondan ötrü idi ki, ərabi, məlum olur ki, Bağdada gedib Dəcləni görüb xəcil olmasın.





Balalar-Az.Com


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət