Ana səhifə

AZƏrbaycanin ekoloji TƏHLÜKƏSİZLİYİNİn miLLİ XÜsusiYYƏTLƏRİ


Yüklə 24.64 Kb.
tarix12.05.2016
ölçüsü24.64 Kb.
AZƏRBAYCANIN EKOLOJİ TƏHLÜKƏSİZLİYİNİN MİLLİ XÜSUSİYYƏTLƏRİ
Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Uzun illərdən bəri müstəqil Azərbaycana miras qalmış ekoloji problemləri həll etmək üçün kompleks tədbirlərin həyata keçirilməsi mühüm vəzifə olaraq qarşıda durur.

İndiki dövrdə ətraf mühitlə bağlı mövcud vəziyyət hər bir ölkəni ekoloji problemləri ümumbəşəri kontekstə çıxarmağa məcbur etmişdir. Hazırda ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapmışdır. 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş beynəlxalq konfransda qeyd edilmişdir ki, dünyanın gələcək inkişafı ilk növbədə ekoloji problemlərin necə həll olunmasından asılı olacaqdır. Bu konfransda dünyada mövcud olan ətraf mühit problemlərinin həlli yolları çox ciddi şəkildə nəzərdən keçirilmiş və mühüm qərarlar, o cümlədən artıq bütün beynəlxalq ekoloji təşkilatların proqram sənədinə çevrilmiş “Dayanıqlı inkişaf” konsepsiyası qəbul edilmişdir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dünyada gedən proseslərdən kənarda qalmamış və 1992-ci ilin iyun ayında qeyd olunan Çərçivə Konvensiyasına qoşulmuşdur, 1995-ci ilin yanvarında isə onu ratifikasiya edərək Konvensiyanın Tərəfdaşı olmuşdur. 1997-ci ilin aprelində ölkə Prezidentinin Sərəncamı ilə iqlim dəyişməsi üzrə Dövlət komissiyası yaradılmışdır. Ölkəmiz 2000-ci ildə Kioto Protokoluna qoşulmuşdur Son dövrdə ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət almış və formalaşmağa başlamışdır. Bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilir. Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarmı təmin edən ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir. Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir.

Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir.

İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur. Müasir dövrdə ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq respublikamızın ekoloji siyasətinin aşağıdakı üç əsas istiqamətlərini müəyyənləşdirmək olar:

- ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi;

- indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olunması;

- qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, eləcə də milli potensial imkanlardan istifadə etməklə həyata keçirilməsinin təmin edilməsi.

Ekoloji siyasətin prioritet istiqamətlərdən biri də zəngin təbii və əmək ehtiyatları olan Azərbaycanda insan potensialından düzgün istifadə edərək əhalinin sağlamlığını təmin edən ekoloji mühit yaratmaqla dayanıqlı inkişafı təmin etməkdən ibarətdir. Lakin sənaye və kənd təsərrüfatının inkişafı təmin edilərkən, ekoloji amillərin nəzərə alınmaması ilə əlaqədar ölkəmizin ciddi problemlərlə üzləşməsi, respublika ərazisinin böyük bir hissəsinin işğal altında qalması və insanların yaşayış yerlərindən didərgin düşməsi ətraf mühitin mühafizəsi sahələrindəki problemləri daha da dərinləşdirmişdir.

Hazırda problemlərin həll edilməsi və ölkənin ətraf mühitinin mühafizəsi sahəsində idarəetmə qabiliyyətini gücləndirmək məqsədilə çoxsaylı fəaliyyət proqramları həyata keçirilir. Çay sularının çirklənməsinin qarşısının alınması, atmosfer havasına atılan zərərli maddələrin azaldılması, Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ozon qatının, biomüxtəlifliyin qorunub saxlanması kimi son dərəcə mühüm əhəmiyyətli ekoloji problemlərin uğurlu həlli üçün regional və beynəlxalq əməkdaşlıq olduqca zəruridir.

Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması ilə bərabər, iqtisadiyyatın müxtəlif sahələrində çalışan əhalinin iş şəraitinin yüksəldilməsi bütövlükdə əhalinin ümumi sağlamlığına xidmət edən başlıca amillərdəndir. Lakin ölkədə mövcud olan sənaye sahələrininin əsasını təşkil edən bir çox müəssisələrdəki iş şəraiti ekoloji, sanitar-gigiyenik baxımdan müvafiq tələblərə cavab vermədiyindən, orada çalışan insanların sağlamlığı təhlükə qarşısında durur. Belə vəziyyət xüsusilə neft-kimya, maşınqayırma müəssisələrində daha qabarıq şəkildə təzahür edir. Uzun illərdən bəri müəssisələrin baxımsız vəziyyətdə olması, köhnəlmiş avadanlıqların müasir texnoloji avadanlıqlarla, eləcə də qaz-toz tutucu filtrasiya sistemlərinin yeniləri ilə əvəz edilməməsi problemin həllini qeyri-mümkün edir.

Əhalinin sağlamlığını təmin etmək üçün isə iş şəraitinin yaxşılaşdırlması əsas şərtlərdən biridir.

Hazırkı dövrdə mövcud vəziyyətdən çıxış yolu, köhnə müəssisələrin rekonstruksiya olunması yolu ilə həm iqtisadi, həm də ekoloji baxımdan müasir tələblərə cavab verən müəssisələrin yaradılmasından ibarətdir.

Azərbaycan ekoloji siyasətin həyata keçirilməsində respublikamızda beynəlxalq standartlara uyğun müvafiq qanunvericilik bazasının yaradılması, ətraf mühit üzrə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi yolu ilə prioritet layihələrin tədricən realizə olunması mühüm əhəmiyyət kəsb edir. Son illər Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş ətraf mühitlə bağlı bir sıra qanunlar bu sahədə uğurlu fəaliyyət üçün böyük imkanlar açır.

Ətraf mühit sahəsində beynəlxalq müqavilələrə qoşulmağa da böyük diqqət yetirilir. Belə ki, Azərbaycan Respublikası bu günə kimi 20 konvensiyaya qoşulmuş, müvafiq protokollar imzalamışdır.

Ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə ölkəyə əvvəlki illərdən miras qalmış mövcud olan su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə utilizə olunmasının təmin edilməsi istiqamətlərdə müvafiq işlər görülmüşdür.

Ölkəmiz üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında müvafiq dövlət proqramları çərçivəsində həll edilməsi istiqamətdə tədbirlər görülür.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” və “Meşələrin bərpa edilməsi və artırılmasına dair” milli proqramlar, həmçinin “Azərbaycan Respublikasında hidrometeorologiyanın inkişafı”na dair Dövlət Proqramına daxil edilmiş tədbirlər ardıcıl həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 2007-ci il 20 iyun tarixli “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular alınaraq Abşeron yarımadasının şimal hissəsinin 67 km-lik sahil zolağında quraşdırılıb başa çatdırılmış və istismara buraxılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixdə “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” imzaladığı sərəncama əsasən Kür və Araz çaylarının suyundan istifadə edən yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədilə qısa müddət ərzində konkret tədbirlər görülmüşdür. Belə ki, indiyədək illər ərzində 120-dən artıq təmizləyici qurğu ölkəyə gətirilərək Kür və Araz çaylarının kənarında yerləşən kəndlərdə quraşdırılmışdır.

Respublikamızın təbii örtüyünün qorunması problemi də diqqət mərkəzindədir. Son dövrlərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi istiqamətində ciddi nəticələr əldə olunmuşdur. 2003-2008-ci illər ərzində Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiqlənmiş müvafiq sərəncamların icrası ilə əlaqədar Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi qısa müddət ərzində 478 000 ha-dan 748402,7 ha-a çatdırılmışdır ki, bu da ölkə ərazisinin təqribən 8,7 %-ni təşkil edir.

Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə sahəsində təsdiq edilmiş fərman və sərəncamların, eləsə də qəbul edilmiş Milli və Dövlət proqramlarının icrası Azərbaycanda gələcəkdə də bu istiqamətdə yeni uğurların qazanılmasına təminat verir.

Əhali arasında ekoloji mədəniyyətin formalaşdırılması məqsədilə təbliğatın gücləndirilməsi, orta ümumtəhsil məktəblərində ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı tədris saatlarının artırılması da ekoloji siyasətin tərkib hissəsidir.

Son zamanlar Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasma əyani misaldır. 2010-cu il fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən ekoloji problemlərə həsr olunmuş müşavirədə dövlət başçısı bu gün həllini gözləyən əsas məsələlərdən biri kimi ekoloji vəziyyətin yaxşılaşdırılması probleminin durduğunu qeyd etmişdir. Ölkənin iqtisadi potensialı artdıqca, maliyyə qaynaqları yarandıqca ekoloji məsələlərin həllinə böyük diqqət yetirdiyini bildirmiş və ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində daha da ciddi addımlar atılması üçün çoxşaxəli proqramın həyata keçirildiyini vurğulamışdır. Dövlət başçısı hazırda 6 əsas istiqamətdə - içməli su probleminin köklü surətdə həlli, şəhər və rayonların kanalizasiya sistemlərinin ən müasir səviyyədə qurulması, ekosistemin tarazlığının qorunması məqsədilə yaşıllaşdırmanın genişləndirilməsi və meşə zolaqlarının salınması, atmosferin çirklənməsinin qarşısının alınması, Abşeron yarımadasında torpaqların neft tullantılarında təmizlənməsi və məişət tullantılarının utilizasiyası kimi ekoloji problemlərin həlli istiqamətində konkret proqramların həyata keçirildiyini bildirmişdir.



Ölkənin ekoloji strategiyasının əsasını təşkil edən proqramların qəbul edilməsi, müvafiq fərman və sərəncamların imzalanması, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması və təbii sərvətlərdən səmərəli istifadə sahəsində həyata keçirilən siyasət Azərbaycanda mövcud olan ekoloji problemlərin aradan qaldırılmasına xidmət edir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət