Ana səhifə

Azərbaycanda "Eurovision" -2012: Vətəndaş Cəmiyyətinin qarşısında duran vəzifələr


Yüklə 19.11 Kb.
tarix04.05.2016
ölçüsü19.11 Kb.
Azərbaycanda "Eurovision" -2012: Vətəndaş Cəmiyyətinin qarşısında duran vəzifələr
24.01.2012 Alyansın İşçi Qrupunun rəhbəri İradə Yaqubova

Müharibədən sonrakı Avropada millətlərin birləşməsi məqsədilə yaradılmış San Remo festivalından bəhrələnən Avrovijen mahnı müsabiqəsi ilk dəfə olaraq 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilmişdir. İlk müsabiqəyə qatılan ölkələrin sayı 7 olduğu halda 2011-ci ildə keçirilmiş sonuncu 56-cı müsabiqədə 43 ölkə iştirak etmişdir. 56 il ərzində bu müsabiqə о dərəcədə məşhur olmuşdur ki, onu izləyən televiziya tamaşaçılarının sayı 100 milyonu keçmişdir. Müsabiqənin nəinki iştirakçı ölkələrdə, hətta digər qitələrdə izləndiyi məlumdur. ABŞ, Vyetnam, Honkonq, Kanada və Avstraliya. Bunlar, tamaşaçı ölkələrin siyahısına daxil olan ölkələrin yalnız kiçik bir hissəsidir. 2000-ci ildən müsabiqənin gedişatı internet vasitəsilə daima yayımlanır. Bu isə tamaşaçı auditoriyasının 140-dan artıq ölkəni əhatə etdiyini bildirir. Müsabiqənin təşkilatçısı olan Avropa Yayım İttifaqıının məlumatına görə tamaşaçıların sayı isə 100 mln-dan 600 mln-dək təşkil edir.

Bu gün Avrovijen mahnı müsabiqəsi kütləvi auditoriyaya, xüsusən də gənclərə cəzbedici təsir göstərməklə yanaşı bir səhnədə çıxış edən müğənnilərin təmsil etdiyi ölkələr barədə məlumatlandırır, ölkələrin kütləvi mədəniyyət sahəsində imicini və nüfuzunu formalaşdırırlar.

2011-ci ilin müsabiqəsində həmyerlilərimiz Eldar Qasımov və Nigar Camalın şübhəsiz qalibiyyəti һәm Azərbaycan vətəndaşları, һәm də dünyanın bir çox ölkəsində böyük sevinclə qarşılandı. Bunu deməyə səsvermənin nəticələri və müsabiqə bitdikdən sonra dünyanın aparıcı media agentlikləri, qəzet və jurnallarında nəşr edilmiş məqalələr və sosial şəbəkələrdə gedən müzakirələr əsas verir.

Azərbaycan bu müsabiqənin keçirilməsinə hazırlığı 2011-ci ilin may ayından başlayıb. Ölkə Prezidentinin sərəncamı ilə YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılaraq hazırlıq işlərinə start verilib.

57-ci mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkəmizə olan marağı kəskin surətdə artırıb. Müsabiqə zamanı ölkəyə gələn qonaqların sayının isə minlərlə olacağı gözlənilir. Ölkəmiz bu bir il müddətində aldıqları məlumatlar əsasında minlərlə insana daha yaxın və doğma olmuşdur.



Bunları nəzərə alaraq 26 qeyri-hökumət təşkilatından ibarət olan QHT Əməkdaşlıq Alyansı vətəndaş cəmiyyəti, xüsusən də onun fəal təbəqəsi olan ictimai təşkilatların müsabiqənin hazırlıq və keçirilmə mərhələlərində təşkilat komitəsinə dəstək olaraq öz bacarıqları, təcrübələri və potensialı ilə bu prosesdə yaxından iştirak etmələrinin zəruri olduğunu hesab edir və aşağıda qeyd olunanları təklif edir:

  1. Azərbaycan ictimai təşkilatları "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar beynəlxalq aləmdə gedən prosesləri və onların Azərbaycana təsir imkanlarını izləməli və lazımi halda dərhal müzakirələrə qatılaraq öz münasibətlərini bildirməlidirlər.

  2. Mahnı müsabiqəsinə, ona hazırlıq prosesinə dünyada olan marağı nəzərə alaraq sosial şəbəkədə müsabiqə ilə bağlı ingilis dilində səhifə açılsın. Bu səhifədə nəinki müsabiqə ilə bağlı müzakirələr, eyni zamanda ölkəmiz barədə məlumatlar, Azərbaycana dövlətçiliyi, demokratik inkişaf, Azərbaycanın müsəlman dünyasında dünyəvi yeri və nümunəsi, ölkədə gedən proseslər barədə həqiqətlər, Qarabağ həqiqətləri və s. dünya ictimaiyyətinə çatdırılsın. Alyans belə bir səhifənin açılmasını və onun fəaliyyətinin təminatını öz üzərinə götürməyə hazırdır.

  3. Ölkəmizin beynəlxalq imici üçün vacib olan çoxsaylı xarici qonaqların iştirakı ilə kütləvi tədbirin keçirilməsini nəzərə alaraq ictimai təşkilatlar dövlət quramları ilə birgə müxtəlif kampaniyalar keçirə bilər. Misal üçün müsabiqənin may ayının sonunda keçiriləcəyi və qonaqların Bakı ətrafında yerləşən zonalara üz tutacaqları ehtimalını nəzərə alaraq ictimai təşkilatların təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə təmizlik işlərinin aparılması aksiyasını həyata keçirmək olar. Bununla əlaqədar hər bir icra hakimiyyətləri nəzdində xüsusi qərargahların yaradılması isə həmin işlərin aparılmasının səmərəliliyinin artırılmasına köməklik edə bilər.

  4. Vətənimizin təbiətinin özünəməxsus gözəlliyini, Azərbaycanın palitrasını tam əhatə edə biləcək mədəni-təşviqat kampaniyaları vasitəsilə çatdırılması. Misal üçün, orta və ali təhsil ocaqlarında "Bu mənim Azərbaycanımdır" foto və rəsm müsabiqəsinin keçirilməsi. Müsabiqədə qalib gələn əsərlərdən ibarət bukletlərin buraxılması və yayılması, eyni zamanda kütləvi gəzinti yerlərində stendlərdə ən maraqlı əsərlərin yerləşdirilməsi. Bukletlər hava limanında bir neçə yerdə stendlərə yerləşdirilə bilər, о cümlədən bir neçə üzvümüz vasitəsilə birbaşa hava limanında qonaqlara təqdim etmək mümkündür. Bu fəaliyyətlərin sonu olaraq isə, keçirilən foto və rəsm müsabiqələrindən seçilmiş ən yaxşı 100 və daha çox əsərlərin rəsm qalereyalarının birində sərgisini təşkil etmək nəzərdə tutulur. Bunun üçün biletlər çap edilərək qonaqlar arasında paylanacaq ki, onlar həmin sərgini ziyarət etsinlər.

  5. Bütün dövlət idarələri, komitələri, nazirlikləri müsabiqənin keçirilməsi ilə bağlı müəyyən konkret işlərə cəlb edilib. Vətəndaş cəmiyyətini əhatə edən 600 yaxın fəal QHT mövcuddur. Hər bir QHT-də ən azından 2-3 nəfər fəal var. Təklif edirik ki, bu QHT-lər də ixtisasları və bacarıqları üzrə dövlət idarə və müəssisələri tərəfindən sosial sifarişlərə, işlərə və digər tip fəaliyyət növlərinə cəlb olunsunlar. QHT-lər bir sıra işləri tam olaraq öz üzərilərinə götürüb, komanda formalaşdıraraq yerinə yetirə bilərlər.

QHT Əməkdaşlıq Alyansı ölkəmizdə keçiriləcək beynəlxalq “Eurovision-2012” mahnı müsabiqəsinin təşkili və keçirilməsində ölkə ictimaiyyətini yaxından iştirak etməyə, yeni təşəbbüslər irəli sürməyə dəvət edir və birgə fəaliyyət göstərməyə çağırır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət