Ana səhifə

6 İnam və idrak Mərifət nuru şübhədən parlar. H. Cavid


Yüklə 127.81 Kb.
tarix03.05.2016
ölçüsü127.81 Kb.





6-2. İnam və idrak

Mərifət nuru şübhədən parlar.

H.Cavid
İnsanın mənəvi aləminin strukturunda yer tutan ən önəmli komponentlərdən biri inamdır. «İnam» dedikdə, çox vaxt dini inam nəzərdə tutulur. Lakin əslində inanmağın çox müxtəlif aspektləri və dərəcələri vardır.

İnsanın dünya ilə münasibətlərinin qnoseoloji, ak­sioloji və praktik istiqamətlərinə uyğun olaraq üç müxtəlif inam formasından bəhs etmək olar. Digər tərəfdən, başqa­sı­nın da hər üç istiqamətdə qabiliyyətlərinə inanmaq olar. Bi­rinci halda insan özü subyektdir; bu zaman iradə və inam üst-üstə düşür. İkinci halda inanan biri, subyekt isə başqa­sı­dır. Yəni iradi akt başqasına məxsusdur.

İnsanın özünə inamı və başqasına, özündən kənar bir qüvvəyə inamı fərqli təbiətə və mənşəyə malikdir. İnsan özü subyekt olaraq çıxış edərkən söhbət onun öz idraki qabiliyyətinə, öz zövqünə, qiymətləndirmə qabiliyyətinə və nəhayət, öz əməli fəaliyyətinin motivinə və vasitələrinə inamından gedir.

Əlbəttə, inam geniş anlayışdır. Dinə inam onun for­malarından biridir. Mütləqə inam isə digər inam forma­larından fərqləndirilməlidir. Məsələyə ümumən inam möv­qeyindən yanaşdıqda isə, elə ən geniş yayılmış inam Ra­sionallığa olan inamdır. Bu mənada rasionalizmin özünü də, yəni məntiqin mütləqləşdirilməsini, məntiqə pərəstişi, bir inam forması kimi götürmək olar. Biz məntiqin prinsiplərini qəbul edirik. Niyə nəyə görə bunu hamı dinməz-söyləməz qəbul edir? Bu nədir? Əslində bu da inamdır... Həm də elə bir inam ki, heç müzakirəsinə ehtiyac duyulmur.



İnsan bildiyinəmi, yoxsa bilmədiyinəmi daha çox inanar? Əslində insan nəyi isə bilik kimi qəbul edirsə, deməli, ona inanır. Yəni onun doğruluğuna inanır. U.Cemys yazır: «Praktik nöqteyi-nəzərdən bizim dərk olunmaz obyektlərin mövcudluğuna inamımız bu obyeklər bizim idrakımız üçün əlçatan olsa idi, onlar haqqında biliklərimizə tam ekva­lentdir».1 Digər amerikan filosofu C.Santayana fikrinə görə, ümumiyyətlə heç bir obyekt haq­qında bilik həqiqi ola bilməz. O da Platon kimi hissi təcrübədən alınan bilikləri rəy adlandırır və belə he­sab edir ki, o, ancaq insanın inamı (belief) sayəsində bilik kimi dəyər­ləndirilir. İnam güclü olanda, bilik ehkama çevrilir.2 Təsədüfi deyildi ki, C.Santayana hər hansı bir biliyi nisbi he­sab edir və onu ehkamlaşdırılmasını «heyvani inam» adlandırır.

Söhbət nisbi biliyin nə dərəcədə həqiqətə uyğun olmasından gedir. Axı, bilik şübhə ilə əkizdir. Öyrənmək, bilmək, dərk etmək yolu ilə mütləq həqiqətə çatmaq müm­kün deyil. Nəyi isə öyrəndikcə problemlər azalmır, əksinə, artır. Yeni suallar ortaya çıxır. Amma öyrənməyə cəhd etməsən, araşdırmasan sual da çıxmır, şübhə də yaranmır.

Əslində elmi skeptisizim həqiqətə çatmağın mühüm şərtlərindən, vasitələrindən biridir. Təsadüfi deyildir ki, K.Popper hər hansı bir müddəanın təkzib olunma imkanını elmiliyin mühüm şərtlərindən biri kimi irəli sürürdü. Bəli, şübhəçilik elmi idrakın zəruri komponetlərindən biridir. Lakin idrak xaricində, nəyi isə dərk etməyə heç cəhd belə göstərmədən ona inanmaq və ya inamsızlıq göstərmək tamailə başqa bir şeydir. Biz burada elmi skeptisizimdən deyil, mənəviyyat müstəvisində inamsızlıqdan danışırıq.

Bunun elmi inama, skeptisizmə heç bir aidiyyəti yoxdur. Bu, əqlin, başın deyil, qəlbin hökmü ilə inamdır. İntuitiv inamdır. Bu inam iki əks qütb olan «kortəbii inam»«mütləq inam» arasında çox müxtəlif dərəcələrdə ola bilər.



Ateistlər dini inamın rasional düşüncədən, elmi idrakdan qidalanmadığını, məntiqi dəlillərlə əsaslandırılma­dığını rəhbər tutaraq, onu kortəbii, «qeyri-elmi» hesab edirlər. (Görünür, bunun nəticəsidir ki, orta əsr sxolastikası Allahın varlığını məntiqi yolla isbat etməyə çalışır­dı. Buna biz həm müsəl­man filosoflarının, Əl-Qəzalinin timsa­lında, həm də xristanlığın ideoloq­ları sayılan Foma Akvinskinin, N.Kuzanski­nin və s. simasında rast gəlirik. Amma unu­dur­lar ki, məntiq özündən daha yüksək olanı isbata yetirə bil­məz). Lakin idrakdan kənarda olmaq hələ ondan aşağı bir səviyyəyə dəlalət etmir. Əksinə, fəlsəfə klassiklərinin böyük əksəriyyəti hissi idrak və ya məntiqi təfəkkürlə həqiqətə çatmağı qeyri-mümkün hesab edir və vəhyi, fitrəti bunun yeganə yo-lu sayır. Fitri idrak isə əslində tək­cə idrakın yox, həm də inamın bir forması, yüksək təzahürüdür. Kim­lərsə buna intuisiya, kimlərsə – sezgi deyir və bunlarsız elmdə böyük kəşf etmək mümkün deyil. Dini hiss isə insanın öz qəlbinin dərinliklərini kəşf etmək və burada ümumdünya ahənginin izlərini bulmaqdır. Bu ali bir hissdir, müqəddəs duyğudur. Ruhun işıqlanması sahəsində hər bir addım ölməzliyə aparır.
İlk baxışda dini inam başqasına inamın forma­larından biridir. Yəni bütə, ikonaya, yaxud ağsaqqala, mürşüdə inam kimi. Lakin Allaha inam dini inamın ali forması olmaqla özünəməxsus bir cəhətlə seçilir. Burada başqasına və özünə inam zirvədə birləşmiş olur.

Sirr deyildir ki, Qərb dünyasının təməl daşını rasio­nal düşüncə təşkil edir. Şərq dünyasında isə inam və sevgi güclü, rasionallıq isə zəif olub.

Tədqiqat zamanı həmişə belə bir sual ortaya çıxır ki, Qərbi Qərb edən, onun inkişafına səbəb olan nədir? Bu suala yalnız bir cavab tapmaq mümkündür. Hansı cəmiyyətdə ki, bir insanın düşündüyünü, başqa insanın düşündüyü ilə, bir insanın işini, digər insanın gördüyü işlə toplamaq mümkün olub, toplanma, kumulyativlik prinsipi özünü doğruldub, o cəmiyyət Qərb sivilizasiyası kimi ardıcıl inkişaf prosesi ke­çib. Düşüncədə identiklik varsa, mənim qurduğumla sənin qurduğun bir-birinə uyğun gəlir, onları toplamaq mümkün olur. Bəşər tarixində bu prinsiplər üzərində qurulmuş idra­kın ən böyük töhvəsi, elm adlanan bir şey olub. Elm sahəsində, hər bir yeni nəsil əvvəlki nəslin əldə etdiklərini mənimsəyir və onun üzərinə nə isə yeni bir şey əlavə edir. Yəni o məşhur misal elə-belə yaranmayıb ki, «indi altıncı sinif şagirdi Nyutondan çox bilir». Nəyə görə çox bilir? Çünki o, «Nyutonun çiyinlərinə çıxa bilir», onun kəşf etdiklərini mənimsəyib, bir az da əlavə biliyi olsa, demək ondan çox bilir. Amma bu fikrə pararalel olaraq belə bir sual qoymaq olar ki, indiki şairlər də klassiklərdə, məsələn, Füzulidən yaxşımı şairdirlər, ondan üstündürlərmi? Bunun ehtimalı çox azdır. Nəyə görə? Çünki burada toplanma prin­sipi işləmir. Burada ancaq yanaşı dayamadan söhbət gedə bilər. Əlbəttə, mən heç də belə bir potensial imkanı inkar etmirəm; prinsipcə, ondan üstün də ola bilərlər. Amma, bu qanunauyğunluq deyil ki, ondan üstün olsunlar.

Bu mənada, poeziyada, incəsənətdə, eyni zamanda mənəviyyat və inam məsələlərində toplanma prinsipi yox­dur, işləmir. Bu prinsip ancaq rasional düşüncədə işləyir. Çünki burada anlayışların identifikasiyası gedib. Burada vahid təməllər var. Əsasında formal məntiq durur. Eyni za­manda başqa prinsiplər də vardır ki, bunlar hamısı inkişafa irəliləmə xarakteri verir. Bizdə isə həyatın rəngarəngliyi var, hər dəfə həyatın yenidən canlanması var, amma irəliləmə hərəkəti yoxdur. Binalarla müqayisə də maraqlıdır. Məsələn, Akademiyanın köhnə binası, İsmailiyyə, o cümlədən başqa qədim memarlıq abidələri, sənət baxımından gözəldir, uni­kaldır. Amma onlar kiçik binalardır. İndi isə çoxmərtəbəli, hündür binalar tikirlər. Çünki onların tikilməsində elə kon­struksiyalardan istifadə edirlər ki, hər mərtəbənin üzərinə neçə-neçə mərtəbələr tikmək olur. Hamısı da bir-birinə ox­şayır. Mərtəbələr standart olduğundan yüksək mər­təbəli binalar tikmək mümkün olur. Amma incəsənət baxımından gözəl binalar üç-dörd mərtəbədən artıq olmur. Təkcə bizdə deyil, Avropada da belədir. Hər binanın öz arxitek­turası, gözəlliyi, fərqli cəhətləri var. Hər biri təkrarolunmaz sənət əsəridir. Hündür binalar isə sənət baxımından, gözəllik baxı­mın­dan seçilmir, amma əvəzin­də yüksəl­dik­cə yüksəlir. Yaşamaq üçün də daha sərfəlidir. O baxımdan prak­tik, praqmatik məqsədlərə da­ha çox xidmət edir. Estetiklik arxa plana, praqmatiklik ön plana keçir. O gözəl binalar isə heç də həmişə yaşamaq üçün sərfəli olmur, sadəcə gözəllik nümunəsidir.

Şərqin düşüncə tərzində gözəllik prinsipi həmişə ön planda olmuş və praqmatikliyi üstələmişdir. Bu cəhət inam hissində də özünü göstərir. İnsanlar daha çox dərəcədə faydalı olana yox, gözəlliyə pərəstiş etməyi üstün tutmuşlar. Praqmatikliyin tam əks qütbü olan Məcnunluq da ancaq Şərq üçün səciyyəvidir.

Avropalı heç zaman Məcnun ola bilməz. Bir tərəfdən yəqin ki, bacarmaz, digər tərəfdən bu ona heç lazım da deyil. Avropalı hissiyyatın dalına düşərək, həyatın digər məqamlarından, məsuliyyətindən, habelə naz-nemətlərindən əl çəkməz. O, praqmatik düşünür. Amma bizdə bu hissi alüdəçilik hələ də qalmaqdadır. Amma gözəlliyə pərəstiş duyğusu, ani heyrət məqamları, habelə sevgilər fərdi miq­yas­da lokallaşan qapalı hadisələrdir. Məsələn, Məcnunun sev­gisi, Kərəmin sevgisi, nə qədər böyük olsalar da – bunlar toplanmır və həmişə fərdi miqyasda məhdud­laş­maqla hər hansı ictimai proses üçün, tərəqqi üçün əsas ola bilməz. Əlbəttə, biz nə sevginin, nə inam hissinin əleyhinə deyillik. Sadəcə olaraq bunu vurğulayırıq ki, idrak toplanır, hisslər isə toplanmır.

Sevgi də, gözəllik duyğusu da, dini hiss də insanın ancaq mənəviyyatca kamilləşməsinə xidmət edə bilər. Bun­ların, əlbəttə, ictimai proseslərə də müəyyən təsiri var. Amma ancaq dolayısı ilə. Birbaşa ictimai tərəqqinin, sivi­li­zasiyanın təməlində duran ancaq əmək bölgüsü və elmi bilikdir ki, bunların da hər ikisi idrak prosesi ilə bağlıdır.

Qərbin böyük ideoloqları, Maks Veber, Parsons, onlardan da qabaq – Monteskyödən başlamış hamısı, Qər­bin bütün uğurlarını, elmin nailiyyətlərini, texnologiyanı və s. o şeylər ki, Qərbi Qərb edib, – hamısını xristianlıqla bağlayır­lar. Bizim geri qalmağı­mızı, bü­tün çatışmazlıqlarımızı isə islamla əlaqələndirirlər. İstər Par­sons olsun, istər Hantinqton – çox nadir adamlardan başqa ha­mı­sı eyni fikirdədir… Obyek­tiv, qərəssiz tədqiqat göstərir ki, əslində elmə, sivilizasiyaya düşmən mövqeyidə həmişə xristianlıq olmuşdur. Və əksinə, dinlər içərisində elmə, sivi­lizasiyaya müsbət münasibət bəsləyən yeganə din – islamdır. Amma necə olub ki, hər şey tərsinə olub… Onun izahını be­lə vermək olar ki, nə qədər porodoksal olsa da, məhz islam elmə müsbət yanaşdığına görə, elm islamı tərk et­məyib. Elm islamdan ayrılmayıb, danışmaq bir-birinin qoyunlarında yaşayıblar. Amma xristianlıq elmə qarşı çıx­dığına görə, inkivizasiyaları yada salın, ayrılma getmişdir.

Elmin, sivilizasiyanın xristianlıqla heç bir əlaqəsi yoxdur. Bu baxımdan, Qərbin inkişafında, nailiyyətlərində xristianlığın rolundan yerinə düşmür. Həm də ona görə ki, xristianlıq da bütün dinlər kimi Şərq hadisəsidir və ku­mulyativlik, toplanma prinsipi ilə uzlaşmır.

Əlbəttə, biz demirik ki, Şərqdə ancaq təəssürat və inam var, Qərbdə isə elm və texnologiya. Biz heç də bunu mütləqləşdirmək fikrində deyilik. Həm Şərqdə, həm də Qərbdə inam da var, elm də. Amma, aparıcı nədir? Bizdə ra­sional-məntiqi düşüncə heç zaman aparıcı olmayıb. Bu gün də biz kimi isə seviriksə, göylərə qaldırırıq, bir başqasına isə nifrət edirik, lənətləyirik. Bu, mədhiyyə və həcv ənənəsinin davamıdır. Rasional yanaşma, hərtərəfli münasibət, təhlil isə çatışmır. Qərbdə təhlil üstünlük təşkil edir və münasibətlər formalaşarkən hissiyyat aparıcı olmur. İnam hissi də bir növ real ictimai həyatdan ayrılmış və ancaq simvolik olaraq saxlanmışdır. Çox təəssüf ki, Qərbin bir çox ideoloqları dinin bu simvolik, hətta vertual iştirakını səbəb kimi qələmə verməyə çalışırlar.

Əlbəttə, tarixdə müəyyən dövrlər olub ki, islam ölkələrində elm yüksək dərəcədə inkişaf edib və ümumbəşəri sivilizasiyanın hərəkətverici qüvvəsinə çevrilib, amma bu, tarixin artıq keçilmiş bir mərhələsidir. Həm də mən əlamət­dar cəhətləri, ümumi prinsipləri deyirəm. Yəni Qərbi Qərb edən budur, Şərqi isə xarakterizə edən prinsiplər bunlardır.

Bəli, həqiqi islam dövründə elmin inkişaf etməsi üçün şərait olub. Lakin, sonradan din mövhumatla qarışıb və öz ilkin həqiqi mənasından uzaqlaşıb. İndi haradadır hə­qi­qi islam? Yəni müsəlman dünyasında elmin tənəzzülü is­lam ideologiyalaşandan, din mövhumat­laşan­dan sonra və ey­ni zamanda elmi çox istəmək adı ilə onu sıxıb-boğandan sonra başlanıb. (İstəmək də iki cür olur. Bir var, istəyirsən – azadlıq verirsən, bir də var, istə­yirsən – qucaqlayırsan, sı­xır­san, deyirsən ki, səni çox istə­yirəm, heç yerə tərpənmə; tər­pənə bilmir, onda müstəqil də olmur. Elmə bu cür müna­si­bətin nəticə­sidir ki, islam dünyasında elm əl-qol aça bilmə­yib, inki­şafdan geri qalıb.)

Beləliklə, islamın əsl mahiyyəti arxa plana keç­dik­dən sonra elmin inkişafında problemlər yaranıb. İndi elə bir mü­səlman ölkəsi göstərmək çətindir ki, orada həqiqi islam icti­mai şüur səviyyəsində bərqərar olsun.

Biz islamdakı Allah ideyasını düz mənimsəyə bilsək və bütün fəaliyyətimizdə azad ola bilsək (yəni burada isla­mın digər dinlərdən fərqini, onun həqiqi gücünü anlamaq lazım­dır ki, o, dünya həqiqətini, dünya ahəngini, dünya qa­nu­­nauyğunluğunu ifadə edir), böyük mənada ədaləti, haqq-hesab hissini başa düşüb, insanlara təlqin edə bilsək, yəni insanlar öz hərəkətlərinə görə məsuliyyət hissi keçirsələr və hər şeyi təkcə öz şəxsi maraqlarından deyil, əbədi dünyadakı haqq-ədalət pozisiyası baxımından qiymətləndirsələr, biz hə­qiqi islama qayıda bilsək, digər tərəfdən fikir tənbə­lliyin­dən xilas olsaq, – inkişaf da olar, tərəqqi də!

Biz bunları təlqin etmək üçün formalar tapmalıyıq. İndi bütün bunlar ya qəbirlərə sitayişlə, ya hədislərlə əvəz olunub. (Özü də bu hədislərlərin əksəriyyəti sonradan, baş­qaları tərəfindən yazılmış, əlavə edilmişdir. Hər kəs özünün yaxşı hesab etdiyini Peyğəmbərin adına yazmaqla elə bilir ki, ona xidmət göstərir). Amma, anlamırlar ki, cəmiyyət ana­litik təfəkkür, təhlil olmadan, sadəcə hə­dis­lərlə, öyüd-nəsihətlə inkişaf edə bilməz. Bax, islam belə idrak baryeri ilə üzləşib. Ona görə də, sonradan elm və texnologiya sahəsində inkişaf dayanıb.



Həqiqi islam, sadə olmalıdır, mərasimlərdən uzaq olmalıdır və insanın intellektual po­tensialının inkişafına, yara­dı­cı­lığının həyata keçirilməsinə geniş meydan açılma­lı­dır. Mən burda sufiliyin məqamlarından istifadə etməyin tərəfdarıyam. Başqa çox faydalı yollar da var, əgər ab­sur­da çatdırmasalar. Amma çatdırıblar. Tərki-dünyalığa, aske­tiz­mə aparıb çıxarıblar. Halbuki, insan sadəcə öz nəfsini ida­rə edə bilirsə, bu o demək deyildir ki, o mütləq tərki-dünya olmalıdır.

Burada incə bir məqama diqqət yetirmək tələb olunur. Bir var, islam dini – şəriət kimi, həyat tərzi kimi, praktik məsələlər və rasional məqamlar kimi, bir də var, islam dini – məhz din kimi, inam kimi. Bunlar fərqli şeylər­dir. Düzdür, Qurani-Kərim bunların hər ikisini ehtiva edir. Amma, bunları eyniləşdirmək olmaz. İslamda inamla, yəni dini mahiyyətlə yanaşı sosial məzmun da var. Digər dinlərdə sosial məzmun bir o qədər də ön plana çıxmır. Nə sosial, nə hüquqi məqamlar, demək olar ki, yoxdur.

İndi bütün, vəzifə bundan ibarətdir ki, dinlə elmin münasibətində iki fərqli cəhəti qarışıq salmayaq. Birincisi, məsələyə Qurani-Kərimin elmə münasibəti mövqeyindən yanaşmaq, ikincisi isə Qurani-Kərimdə elmi müddəaların olub-olmaması aspektindən yanaşmaqdır. Mənim ən çox xo­şuma gəlməyən şey Quranda müasir tələbşünaslığa aid elmi müddəaların axtarılması cəhdləridir. Bir çoxları belə hesab edirlər ki, bununla Qurana hörmət gətirirlər. Əlbəttə, Quranda elmi müddəaların axtarılması tədqiqat baxımdan maraqlıdır.Lakin ona dəyər verən heç də bu müddəalar deyil.
İnam təkcə dindən ibarət deyil. İnamın formaları çoxdur; müxtəlif tipli ideologi­yalar,o cümlədən, ateizmin özü də bir inamdır. Tamam başqa inam formaları da var. Prinsipcə biz onlara da din deyə bilərik. Bu şərti şeydir. Yəni, inam üzərində qurulan şeyə o zaman din kimi baxmaq olar ki, sonradan onun real tərəfdarları olur, cəmiyyətdə, ictimai proseslərdə davam edir. Məhdud miqyasda olan inam cərəyanları müntəzəm sürətdə yaranır da, keçib gedir də. Amma, bunlar dinə çevril­mirlər. Dünya dinləri böyük miq­yaslı hadisələrdir. Amma məsələni belə də qoymaq olar ki, mikro­dinlər olsun. Hər şey yanaşmadan asılıdır.

Bir şey qəti aydındır ki, bütün dinlər inam üzərində qurulur. Din rasional fikir üzərində, yaxud elm üzərində qu­rulmur. Digər tərəfdən, dinin ictimai miqyası böyük olsa da, heç də bütün insanlar həqiqi dindar deyillər. Həqiqi bö­yük dindar olan çox az adam tapa bilərsən ki, mütləq inam mövqeyindən çıxış etsin, onu qeyri-adi bir hissiyyatla, vəhy məqamında duysun. Bu özü də gərək ilahi qüdrətdən insana verilmiş olsun. Verilməyibsə, bu cür adamlar, adi adamlar – istər yazıçı olsun, istər akademik olsun, – kim olur-olsun, onlar hər şeyə rasional baxımdan yanaşırlar. Bu adamlarda bütöv, böyük duyğu yoxdur. Olmadığına görə də onların dinə inanması asan deyil. Ola bilsin ki, biz onları inan­dır­maq üçün Quranda olan elmi bilikləri göstərək. Deyək ki, burada elə şeylər var ki, onları sənin heç başbilənin də bil­mir­di, amma min il əvvəl onlar bu kitabda göstərilmişdi və s. Yeri gəlmişkən, indi bu sahədə çox kitablar yazılır, çox «təd­qiqatlar» aparılır… Belə ki, inanmayan şəxslərə dini ancaq rasional yolla izah etmək olar. Lakin belə «inandırmaq» bizə lazımdırmı? Bunu ölçüb-biçmək gərəkdir…

Əlbəttə, cəmiyyətdə, dünyada, islama qarşı təzyiqlər olduğu bir zamanda ola bilsin ki, biz islam dininin rasional baxımdan da üstün olmasını göstərək. Hesab edirəm ki, burada elə böyük qəbahət olmaz. Amma biz qəlbən bilmə­li­yik ki, məhz buna görə inanmırıq, onları başa salmaq üçün sadəcə bu yoldan da istifadə edirik. Bizim özümüz isə, bundan asılı olmadan ilkin bir şərt kimi mütləq mövqedən çıxış edərək inanırıq. Yəni həqiqi dindar adamın inamı elmi müddəalar və rasional idrak üzərində qurula bilməz.

Əslində elmin bütün fundamenti məntiqin üzərində qurulmayıb. Məsələn, məntiqlə qurulan sistemlər var, induk­tiv metodlarla qurulan sistemlər var. Bir də aksiomatik sis­temlər var. Bütün aksiomatik sistemlər, aksiomatika inam üzərində qurulub. Məsələn, haradan müəyyən edilib ki, bu paralellər kəsişmir və s. Bunlar hamısı inam üzərində qurulub. Elm inamsız keçinə bil­məz. Yə­ni xalis məntiq üzə­rin­də elmin özünü də qurmaq mümkün deyil. Yeni elmi ideyalar təkcə ha­fizə və məntiq sayəsində əldə oluna bilsə idi – bunu hamı edərdi. Məlum bilikləri mənimsəmək adi bir şeydir, yenilik gətirmək isə yaradıcılıq prosesidir. Burada şəxsiyyətin mənə­vi durumundan, emosianal vəziyyətindən, daxili enerjisindən çox şey asılıdır. Yaradıcı şəxs intuisiya qabiliyyətinə malik olmalıdır. Başqalarının adi, standart baxışla görə bilmə­di­yi­ni duymaq, sezmək və məhz bu sez­ginin sahəsində kəşf et­mək iqtidarında olmalıdır. Yara­dıcı şəxsin bir ayağı yerdə, bir ayağı göydə olur. Daha doğrusu, o, intelleklə yerə bağlı olduğu qədər də sezgi ilə göyə bağlı olmalıdır. Böyük həqi­qətlər kəşf məqamında açılır. İlahi bilgilər isə vəhylə verilir. Vəhy məqamı kəşf məqamından da yüksəkdir.

Doğrudan da, inamla rasional düşüncənin müna­si­bətləri çox mürəkkəbdir. Biz bu məsələni ancaq müəyyən rakursda nəzərdən keçiririk.

Gerçəkliyin rasional analizinə din heç bir məh­du­diyyət qoymur. Ən yaxşısı budur ki, dinlə elm, inamla idrak ayrılsın. Bunlar bir-birinə qarışmasın. Dinlə elm nəinki qar­şılaşdırılmamalı, həm də eyniləşdirilməməlidir. Eyniləş­dir­mək qarşılaşdırmaqdan daha böyük günahdır. Dinlə el­min qarşılaşdırılması həmişə ziyanlı olub. Əgər islamın elmin in­kişafına ləngidici təsiri olubsa, bu ona görə olub ki, islam­la elmi eyniləşdiriblər. İslamın elmə münasibəti iki cür şərh olunur. Birincisi, bizim başa düşdüyümüz mənada elm, ikincisi isə dini kitab mənasında elm. Doğrudan da, islamda kifayət qədər dəlillər var ki, elm məhz birinci mənada qəbul edilməlidir. Amma dinlə elm, ye­nə də vurğulamaq istəyirəm ki, eyniləşdirilməməlidir. Bəli, Qu­ran­­da rasional yozumlu elmi fi­kirləri nə qədər desən tapmaq mümkündür. Onların bir qismi sonradan elmin inkişafı nəticə­sində təsdiqini tapıb və s. Amma, onlar Quranın mahiyyəti deyil…

Belə bir sual meydana çıxır ki, məbədə aparmasına inanmadığımız rasionallıq bizə lazımdırmı?

Məsələ burasındadır ki, rasionallıq heç zaman məbədə apara bilməz. Rasional düşüncə bir adamın miqya­sında olan pro­ses olsaydı, bu mümkün idi. İna­nan insan eyni zamanda rasional düşüncəyə malik olan insan olsay­dı, inamı bir çıraq kimi qarşısına qoyub dalınca gedərdi. Amma rasional idrak, elm sosial prosesdir. Bir insanın həyatı ilə tamamlanan proses deyil. Neçə-neçə nəsillərin əvəzlənmə­sindən, onların düşüncəsinin, fəaliy­yətinin toplanmasından meydana çıxır. Bu prosesə inamı olanlar da qatılır, inamı olmayanlar da. Və onun naliyyətlərindən inamlılar da bəh­rə­lənir, inamsızlar da. Din­darlar da, ateistlər də, yəni eyni bir atomun kəşfindən atom bombası da yaranır, atom istilik stansiyası da. Elmin, idrakın naliyyətləri həmişə dələduzların da əlinə düşə bilər. Necə ki, müasir terroristlər ən modern silahlardan istifadə edirlər. Bunun çarəsi hələ tapılmayıb.



Ümumiyyətlə, məsələnin belə qoyulması yanlışdır ki, guya kim rasionallığı qəbul edirsə, inamı qəbul edə bilməz. Çünki inam və idrak bir-birinə mane olmur. Əksinə, məqsəd bunların vəhdətinə, bir-birinin tamalanmasına nail olmaq­dır. Amma heç olmasa, onları qarşı-qarşıya qoymayaq, paralel mövcudluqlarına şərait yaradaq.

1 Стр 51, Джеймс.У. Многообразие религиозного опыта. Пер.с англ. – М.,1993. – 432с

2 Д.Сантаяна. Скептицизм и животная вера. С.Петербург, 2001. стр.7.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət