Ana səhifə

1. Kompüter texnikasının yaranma tarixi Kompüter texnikasının inkişaf yolu


Yüklə 34.11 Kb.
tarix02.05.2016
ölçüsü34.11 Kb.


Mövzu: Kompüterlərin yaranma tarixi, inkişaf mərhələləri və təsnifatı
Yeni dərsin planı:

1.Kompüter texnikasının yaranma tarixi

2.Kompüter texnikasının inkişaf yolu

3.Kompüterlərin təsnifatı
1.Kompüter texnikasının yaranma tarixi

Bəşər sivilizasiyası tarixində informasiya emalı sahəsindəki köklü dəyişikliklərə müvafiq olaraq bir neçə informasiya inqilabı olmuşdur. Birinci inqilab yazının, ikinci - kitab çapının, üçüncu - elektrikin, teleqrafin, telefonun, radio-televiziyanin, dördüncü - mikroprosessorların, fərdi kompüterlərin, İnternetin meydana gəlməsi ilə əlaqədardır. Bunları ümumləşdirərək qeyd etmək olar ki, cəmiyyətin inkişafı 1) kənd təsərrüfatı (aqrar), 2) sənaye dövrlərindən keçərək informasiya mərhələsinə daxil olmuşdur. Ona görə də informatikanın tarixi əslində dördüncü informasiya inqilabı ilə başlayir. İnformatikanın tarixi özünün tərkib hissəsi olan kompüterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə inkişaf tarixi də kompüter texnikasının inkişaf tarixinə uyğundur.

Kompüter ingilis sözü olub,hesablayıcı deməkdir.Bu sözdən əvvəl rəqəm hesablama maşını ,Elektron hesablama maşını-EHM və yaxud da hesablama maşını –HM söz birləşmələrindən istifadə olunurdu.

İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır; 1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır;

1830-cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır.Maşına proqramın perfokartlardan daxil edilməsi,verilənlərin və nəticələrin isə ambarda “yaddaşda”saxlanması nəzərdə tutulurdu.Lakin texnikanın səviyyəsi aşağı olduğundan, Bebic bu maşını yarada bilmədi.Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur; 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir; Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da elektron lmpalı elementlərdə qurulan ENİAK adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir ki, həmin tarix də müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. Elə həmin vaxtdan da başlayaraq kompüter texnikası və texnologiyası yüksək sürətlə inkişaf etməyə başlamışdır və aşağıdakı mərhələlərdən keçmişdir:

2.Kompüter texnikasının inkişaf yolu

Birinci nəsil (1950-1959) EHM-lər elektron lampalar üzərində yaradılmışdır. Bu tip maşınlar böyük ölçüyə, kiçik əməli yaddaşa, aşağı hesablama məhsuldarlığına (saniyədə min əməliyyat yerinə yetirirdi) malik idi.Giriş-çıxış qurğularının və xarici yaddaşın funksional məhdudluğu mətni (simvol tipli) informasiyanın emalını çətinləşdirirdi.Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu. Bu nəsil EHM-lərə misal olaraq: “Ural”, “Strela”, “Minsk -1” maşınlarını göstərə bilərik.

İkinci nəsil (1960-1969) EHM-də elektron lampalar yarımkeçirici elementlərlə-tranzistorlarla və diodlarla əvəz olundu. Bu nəsil EHM-lər daha yüksək hesablama məhsuldarlığına (saniyədə milyon əməliyyat yerinə yetirirdi), əməli yaddaşa malik oldular və onların ölçüləri hiss ediləcək dərəcədə kiçildi.Giriş-çıxış qurğuları təkmilləşdirilmiş böyük tutumlu xarici yaddaş(maqnit lentində) qoşulmuş və bununlada mətni informasiyanın emalı mümkün olmuşdur.Xarici qurğularla əsas qurğuların paralel işləməsi məsələsi qismən həll edilmişdir. Bu cür EHM-də alqoritmik dillərin təıtbiqi geniş vüsət aldı və məsələlərin maşında həlli qaydaları sadələşdi. Bu nəsil EHM-lərə misal olaraq “BESM”, “Minsk -22” və s. misal göstərə bilərik.

Ötən əsrin 70-ci illərinin əvvəllərində inteqral sxemlərin tətbiqi ilə üçüncü nəsil EHM-lərin (1970-1981) yaradılması mərhələsi başlandı. İnteqral sxemlərin tətbiqi ilə EHM-lərin texniki və istismar xarakteristkalarında böyük sıçrayış oldu. Onlardan istifadə nəticəsində kompüterlərin qabarit ölçüləri kiçildi,iş etibarlığı artdı.Qurğuların paralel işləməsi prinsipi təkmilləşdirildi.Əsas qurğularla xarici qurğular arasında informasiya mübadiləsinin dinamik prinsiplə təşkili kompüterə müxtəlif sayda müxtəlif tipli xarici qurğuların qoşulmasına imkan verdi.Böyük yaddaş tutumu ilə yanaşı ,yüksək yazma oxuma surətinə malik olan maqnit disklərindən xarici yaddaş kimi istifadə olunması ilk dəfə III nəsil kompüterlərdə həyata keçrilmişdir. Bu nəsil EHM-lərin hesablama məhsuldarlığı saniyədə on milyonlarla əməliyyata çatdırıldı. Əməli yaddaşın həcmi xeyli artırıldı, maşınların əməliyyat sistemində müxtəlif emal rejimlərindən (sual-cavab, vaxtın bölünməsi, paket emalı və s.) istifadə edilməsi EHM-in idarə olunmasını asanlaşdırdı. Üçüncü nəsil EHM-in əsasında tele-emal sistemlərinin yaradılmasını həyata keçirdilər. Bu isə uzaqda yerləşən istifadəçilərin terminallar vasitəsi ilə EHM-lərə daxil olub, onlardan lazım olan məlumatların oxunmasına imkan yaratdı.

III nəsil kompüterlərin əsas səciyyəvi cəhətlərindən biri hesablama prosesinin təşkilində aparat və proqram vasitələrindən birgə istifadə olunmasıdır.

III nəsil kompüterlərin əsasını ABŞ-ın İBM firmasının yaratdığı İBM 360 və İBM 370 kompüterləri təşkil edir.Bu kompüterin əsasında sonradan SSRİ-də “ЕС ЭВМ” tipli kompüterlər yaradıldı.

Başda SSRİ olmaqla sosialist ölkələrinin birgə iştirakı ilə III nəsil “ЕС ЭВМ” kompüterləri iki sıra ilə istehsal olunurdu.

I sıra: EC-1010,EC-1020,EC-1030,EC-1040,EC-1050,EC-1060

II sıra:EC-1015,EC-1025,EC-1035,EC-1045,EC-1055,EC-1065,EC-1066

Bu modellər bir-birindən məhsuldarlığına ,texniki xarakteristikalarına və komplektləşdirməsinə görə fərqlənir.

III nəsil kompüterlərin bir nümayəndəsi də kiçik maşınlar sinfinə daxil olan və ABŞ-ın DEC firması tərəfindən istehsal olunan PDP və VAX kompüterləri və onların SSRİ-dəki analoqu olan “CM” maşınlarıdır.

IV nəsil 1981-ci ildən indiyə qədər böyük və çox böyük inteqral sxem (BİS,ÇBİS) texnologiyası ilə yaradılan kompüterləri əhatə edir.Bu cür inteqral sxemlərdə bir yarımkeçrici kristalda 1000-ə qədər sxem yerləşdirmək mümkün olur.Odur ki kompüterin qabarit ölçüləri kiçilir,iş etibarlığı isə çoxalır.Əvvəlki nəsil kompüterlərdə əməli yaddaş (ƏY) əsasən maqnit nüvələrində qurulduğu halda,IV nəsil kompüterlərdə ƏY statistik və dinamik yaddaş inteqral sxemlərdə qurulur.Odur ki,əməli yaddaşın işləmə surəti və tutumu xeyli artır.

IV nəsil maşınlar arasında mikro və mini kompüterlər xüsusi yer tuturlar.Mikro kompüterlərin ən geniş yayılmış növü isə fərdi kompüterlərdir.(ingiliscə Personal compüter -PC)

Fərdi kompüterlər ölçülərinə görə xeyli kiçik və qiymətcə çox ucuzdur.

V nəsil kompüterlər –indinin və gələcəyin kompüterləri yeni elektron texnologiyası ilə daha miniatür elementlərdə yığılır,daha yüksək məhsuldarlığa və iş etibarlığına malik olmaqla yanaşı ,keyfiyyətcə yeni funksional tələblərə cavab verməlidirlər.

Bilik bazaları ilə işləməyi təmin etməyi və onun əsasında süni intellekt sistemlərinin təşkilinə imkan yaratması;

Kompüterin tətbiqini daha da asanlaşdırmaq üçün istifadəçi ilə nitq və görmə vasitəsilə ünsiyyətin təmin etməsi

Proqramların sintezinin avtomatlaşdırılması vasitəsinə proqram vasitələrinin yaradılması proseslərini sadələşdirməsi

Kompüterlərin yeni arxitekturunun yaradılması sahəsində vacib istiqamətlərdən biri də neyrokompüterlərin layihələşdirilməsidir.Neyrokompüter real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkəsi (formal neyronlarda strukturlar) anlayışına əsaslanır.Bio və opto-elementlərdən istifadə olunmaqla ,bioloji və optik neyrokompüterlərin yaradılması nəzərdə tutulur.Mikroelektronikanın son nailiyyətləri və biotexnologiya əsasında element bazasının yaradılması nəticəsində biokompüterlərin reallaşdırılması mümkün olacaqdır.

3.Kompüterlərin təsnifatı

Kompüterlərin imkanlarını qiymətləndirmək üçün müəyyən əlamətlərə görə onları qruplara bölürlər,yəni təsnif edirlər.Kompüterləri qabarit ölçülərinə və məhsuldarlığa görə aşağıdakı siniflərə bölürlər.

Superkompüterlər

Böyük kompüterlər

Orta kompüterlər

Kiçik(mini) kompüterlər

Mikro kompüterlər

Tarixən ilk dəfə böyük kompüterlər yaranmışdır.Onlar ümumi vəzifəli universal xarakter daşıyırlar.Onların element bazaları elektron lampalardan başlayaraq yüksək səviyyədə inteqral sxemlərə qədər təkmilləşdirilmişdir.Böyük kompüterlərin əsas vəzifəsi böyük həcmli informasiya massivlərinin saxlanması və emalı ilə əlaqədar olan mürəkkəb hesablamaların və informasiya –məntiq məsələlərin həllini təmin etməkdir.Bu cür maşınlar adətən bir neçə təşkilatın birgə istifadə etdiyi hesablama mərkəzlərində quraşdırılır.Bu sinif kompüterlərə İBM firmasının bir sıra modellərini (İBM 360,370,390) və onların analoqları olan EC-1040(1045),EC-1050(1055) aid etmək olar.

Bəzi hallarda böyük kompüterlərin məhsuldarlığı müəyyən sahələrdə tətbiq üçün kifayət etmir.Bu səbəbdəndə super kompüterlərin yaradılmasına ehtiyac yaranmışdır.Bu cür kompüterlərdə hesablamaların paralel aparılması ,çox səviyyəli iyerarxik yaddaş strukturlarından istifadə olunması,hədsiz işləmə surəti almağa imkan verir. Superkompyuter – çox prosessorlu hesablama sistemidır. İlk superkompyuter amerikalı elektronçu-mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır. Kompyuterlərin məhsuldarlığı ədədlər (sürüşkən vergüllü) üzərində bir saniyədə aparılan hesab əməliyyatlarının sayı ilə ölçülür. Superkompyuterlərin məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində saniyədə yerinə yetirilən trilyon əməliyyatlarla ölçülür. Superkompyuterlərdən aerodinamika, seysmologiya, nüvə fizikasında və s. kimi elm sahələrində meydana çıxan mürəkkəb məsələlərin həllində geniş istifadə olunur. Superkompyuterlərdə çoxsaylı mikroprosessorların paralel işləməsi nəticəsində yüksək məhsuldarlığı əldə etmək olur. Superkompyuterlərin qiyməti təqribən 10 milyon dollarlarla ölçülür.

Orta kompüterlər tarixi baxımdan müəyyən maraq doğururlar.Kompüter texnikasının inkişafının müəyyən mərhələsində (kompüterlərin çeşidinin və imkanlarının məhdud olduğu vaxt) orta maşınların yaradılması məqsədəuyğun idi.Bu kompüterlər böyük kompüterlərə nisbətən az imkanlara malikdirlər.lakin onlar nisbətən ucuzdurlar.Orta kompüterlərdən çox böyük həcmli informasiya massivlərinin emalı və vaxt məhdudiyyəti tələb olunmayan bütün sahələrdə istifadə oluna bilər.

Kicik kompüterlər ölçülərinin və qiymətlərinin orta və böyük kompüterlərə nisbətən kiçik olmasına baxmayaraq universal imkanlara malikdirlər.Kiçik kompüterlər 60-cı illərdə yaradılmış(DES firmasının PDP-5 kompüteri) və sonradan böyük surətlə inkişaf etmiş və geniş tətbiq tapmışlar.Onların meydana gəlməsində əsas amil element bazasının inkişafı,böyük və orta maşınların bir sıra sahələrdə tətbiqində ehtiyatların izafiliyi olmuşdur.Qiymətlər diapazonunun məhdudluğu (2-4 bayt),arxitekturada magistrallıq prinsipindən istifadə olunması və istifadəçilərlə ünsiyyətin sadəliyi mini kompüterlərin səciyyəvi xüsusiyyətləridir.Bu kompüterlər texnoloji proseslərin və mürəkkəb avadanlıqların idarəetmə sistemlərində,avtomatlaşdırılmış layihələndirmə və çevik istehsalat sistemlərində geniş tətbiq olunur.Mini kompüterlərə misal olaraq DEC firmasının istehsal etdiyi PDP və VAX seriyalı kompüterləri və onların analoqları olan CM tipli maşınları göstərmək olar.

Mikro kompüterlər .Böyük və çox böyük səviyyəli inteqral mikrosxemlərin (BİS,ÇBİS) hazırlanması texnologiyası bir BİS və ya ÇBİS-də prosessor yaratmağa imkan verdi.Bu cür qurğuya mikroprosessor deyilir. Mikroprosessorun kəşfi mikro kompüterlər sinfinin yaranmasına səbəb oldu.mikrokompüterlərin təyinedici xüsusiyyəti onların bir və ya bir neçə mikroprosessor əsasında qurulmasıdır. Mikroprosessorların və mikro kompüterlərin inkişafındakı nailiyyətlər istifadəçilərə fərdi xidmət üçün və computer texnikası sahəsində mütəxəssis olmayan istifadəçilərin müxtəlif məsələlərinin həllinə yönəldilmiş fərdi kompüterlərin yaradılmasına gətirib çıxartdı.

Fərdi kompüterlər elmi-texniki,iqtisadi-statistika ,informasiya-məntiq və idarəetmə məsələlərini həll etməyə,istənilən həcmdə verilənlər bazalarını yaratmağa,istənilən sənədləri və mətnləri hazırlamağa və redaktə rtməyə ,kargüzarlıq işini aparmağa ,qrafik informasiyanı emal etməyə və.s imkan verir. Göstərilən funksiyaların yerinə yetrilməsi çoxlu sayda universal və xüsusi təyinatlı tətbiqi proqram paketləri vasitəsilə təmin olunur.

Fərdi kompüterlər tip ölçülərinə görə aşağıdakı modellərə bölünür.

Stolüstü kompüterlər-daha geniş yayılmışdır.Onlar iş yerinin əsas aləti hesab edilir,əlavə qurğuların qoşulması hesabına konfiqurasiyanın dəyişdirilməsi mümkündür.

Portativ modellər əldə aparmaq üçün əlverişlidir.Portativ kompüterlərin əsas fərqli xüsusiyyəti onların rabitə vasitəsi kimi istifadə edilməsidir.Onları telefon şəbəkəsinə qoşaraq istənilən icraçı obyektlə və əlaqədar təşkilatın mərkəzi kompüterləri ilə məlumat mübadiləsi aparmaq olar.Məlumat mübadiləsi ,məlumatın ötrülməsi əmr və sərəncamların verilməsi,məruzə və hesabatların alınması deyilən üsulla aparılır.İş yerində portativ kompüteri stolüstü kompüterə qoşmaq və işləmək daha rahatdır.Portativ kompüterlərin özləri də “Laptop”, “Notebook”, “Palmtop” sinfinə bölünür. Portativ kompürterlər hesablama məhsuldarlığına ğörə stolüstü kompüterlərdən geri qalmır və az elektrik enerjisi tələb edir, akkumlyatorla uzun müddət işləyə bilir, ekranları mayekristaldan hazırlanır. “Notebook”un ölçüsü təqribən 50x279x215mm, çəkisi 2,2-4,5 kq, ekranın ölçüsü isə 11,3 -17 düym olur.

Cib kompüterləri “intellektual qeyd dəftərçəsi ”funksiyasını yerinə yetirir.Onlar operativ məlumatları mühafizə edir və onlara surətli müraciəti təmin edir.Bəzi cib modelləri xüsusi qurulmuş proqram təminatına malikdir ki,buda birbaşa (bilavasitə)işi yüngülləşdirir,lakin kompüterin çevikliyini və tətbiqi proqram seçimini azaldır.

Dərsin möhkəmləndirilməsi üçün suallar:

1.İnformasiya inqilabı neçə mərhələdən ibarətdir?

2.İlk cəmləyici maşın neçənci ildə və kim tərəfindən hazırlanmışdır?

3.Hesab əməllərini yerinə yetirən mexaniki arifmometr nə vaxt yaranmışdır?

4.Müasir kompüter texnikasının yaranma tarixi nə vaxtdır?

5.Hesablama texnikasının inkişaf tarixinə uyğun olaraq elektron hesablama maşınları neçə nəslə bölünürlər?

6.Birinci nəsil (1950-1959) EHM-ları hansı elementlər üzərində yaradılmışdır?

7.İkinci nəsil (1960-1969) EHM-nın I nəsil elektron hesablama maşınlarından fərqi nədir?

8.Üçüncü nəsil EHM-larının (1970-1981) yaradılması üçün zəmin nə olmuşdur?

9.IV nəsil kompüterlər hansı texnologiya əsasında yaradılmışdır?

10.V nəsil kompüterlərin əsas xüsusiyyətləri hansılardır?

11.Kompüterləri qabarit ölçülərinə və məhsuldarlığa görə hansı siniflərə bölürlər?

12.Fərdi kompüterlər tip ölçülərinə görə hansı modellərə bölünür?

13.Portativ kompüterlər neçə sinfə bölünür?

Ədəbiyyat: Dərslik:Kərimov S.Q, Həbibullayev S.B, İbrahimzadə T.İ “İnformatika” Səhifə 17 - Səhifə 25







Quliyeva Səlimə


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət