Ana səhifə

1. Əmək hüququnun anlayışı və mənbələri. Kollektiv müqavilə və saziş. Məşğulluğun və işədüzəltmənin təmin edilməsi


Yüklə 489.86 Kb.
səhifə1/4
tarix06.05.2016
ölçüsü489.86 Kb.
  1   2   3   4
MÖVZU 6. ƏMƏK HÜQUQUNUN ƏSASLARI

P L A N


1. Əmək hüququnun anlayışı və mənbələri.

2. Kollektiv müqavilə və saziş.

3. Məşğulluğun və işədüzəltmənin təmin edilməsi.

4. Əmək müqaviləsi: anlayışı, tərəfləri və məzmunu.

5. Əmək müqaviləsinin bağlanması qaydası və əmək müqaviləsinə xitam verilməsinin əsasları

6. İş vaxtının və istirahət vaxtının anlayışı və növləri.

7. Əmək intizamı və maddi məsuliyyət.

8. Əməyin mühafizəsi.

9. Əmək mübahisələri: fərdi və kollektiv əmək mübahisələri.
1. Əmək hüququnun anlayışı və mənbələri.

Ümumi hüquq nəzəriyyəsindən məlum olduğu kimi, hüququn sahələrə və institutlara bölünməsi, hüquqi tənzimetmənin predmet və metodları nəzərə alınmaqla həyata keçirilir. Bu predmetin müəyyən edilməsi həmin hüquq sahəsinin normaları ilə nizama salınan ictimai münasibətlərin təyin edilməsi və onların müəyyən qruplarda təsnifləşdirilməsi deməkdir.

Əmək hüququ - milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur.

Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir.

Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək müqaviləsi üzrə işləyənlərin muzdlu əmək münasibətləri və əmək proseslərində iştirak etmək üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər.

Əmək müqaviləsi əsasında muzdlu əmək münasibətləri, vətəndaşın (işçinin) müəssisənin daxili əmək qaydalarına, əmək rejiminə və əməyin təşkilinin digər xüsusiyyətlərinə tabe olmaqla müəyyən ixtisas, peşə və vəzifə üzrə əmək funksiyasını yerinə yetirmək məqsədilə müəssisənin əmək kollektivinə daxil olması ilə əmələ gəlir.

Əmək münasibətlərinin tənzimlənməsi ilə əmək hüquq münasibətləri yaranır. Əmək hüquq münasibətlərinin məzmununu subyektlərin (tərəflərin) bu hüquq münasibətlərinin yarandığı andan əldə etdikləri konkret hüquq və vəzifələr təşkil edir. Bir tərəfin (işçinin) hüququ digər tərəfin (müdiriyyətin) konkret vəzifələrinə uyğundur və ya əksinə. Məsələn, işçinin əmək haqqı almaq hüququ müdiriyyətin işçiyə əmək haqqını ödəmək vəzifəsilə həyata keçir.

Lakin əmək hüququnun predmeti yalnız muzdlu əmək münasibətlərindən ibarət deyildir. Bura əməklə sıx bağlı olan və törəmə adlanan aşağıdakı ictimai münasibətlər də daxildir:



  1. məşğulluq və işədüzəltmə üzrə münasibətlər;

  2. təşkilati-idarəçilik münasibətləri;

  3. istehsalatda kadrların peşə hazırlığı və ixtisasının artırılması üzrə münasibətlər;

  4. əmək müqaviləsi tərəflərinin bir-birinə vurduqları maddi ziyanın ödənilməsi ilə bağlı münasibətlər;

  5. əməyin mühafizəsi və işçilərin sağlamlığı üzrə münasibətlər;

6) əmək mübahisələrinə baxılması üzrə münasibətlər və s.
Beləliklə, əmək qanunvericiliyi ilə tənzimlənən sosial-ictimai münasibətlərin

dairəsini müəyyən etməklə əmək hüququnun aşağıdakı anlayışını vermək olar:



Əmək hüququ milli hüququn müstəqil bir sahəsi olub, işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla sıx bağlı olan digər törəmə münasibətləri nizama salan hüquq normalarının məcmusudur.

Əmək hüququ Azərbaycanın hüquq sistemində xüsusi yer tutur. O, işçilərin işə qəbul olunma, başqa işəkeçirmə və işdənçıxarılma qaydalarını, əməyin ödənilməsi sistemi və normalarını, əməkdəki nailiyyətlərinə görə həvəsləndirməni, əmək və icra intizamının pozulmasına görə intizam tənbeh tədbirlərinin tətbiqini, fərdi və kollektiv əmək mübahisələrinə baxılması qaydalarını müəyyən edir.

Əmək hüquq normalarının təsbit edildiyi normativ hüquqi aktlar əmək hüququnun mənbələri adlanır. Əmək hüququnun mənbələri hər şeydən əvvəl əmək qanunvericiliyinin müəyyən normativ aktlarda ifadəsinin formasıdır. Bu cür normativ aktlarda isə həm əmək hüquq normaları, həm də kompleks hüquq normaları mövcud ola bilər.

Əmək hüququnun mənbələri içərisində əsas yeri Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyası tutur. Konstitusiya yüksək hüquqi qüvvəyə malik olub, qanunvericiliyin əsasını təşkil etdiyinə görə bütün qanunlar və digər dövlət orqanlarının aktları onun əsasında və ona müvafiq qaydada qəbul edilir. Burada əməyin hüquqi tənzimləməsinin başlıca əsas prinsipləri müəyyən edilib. Konstitusiyanın 35-ci (əmək hüququ), 36-cı (tətil hüququ), 37-ci (istirahət hüququ), 38-ci (sosial təminat hüququ), 41-ci (sağlamlığın qorunması hüququ), 59-cu (azad sahibkarlıq hüququ) və s. maddələrində təsbit edilən bu prinsiplər milli əmək qanunvericiliyimızin əsas mahiyyəti və məzmununu təşkil edir.

Əmək hüququnun mənbələri sistemində konstitusiyadan sonra başlıca yeri Azərbaycan Respublikasının Əmək Məcəlləsi tutur (Azərbaycan Respublikasının 1999-cu il 1 fevral tarixli qanunu ilə təsdiq edilmiş və 1999-cu il iyulun 1-dən qüvvəyə mimişdir).

Azərbaycan Respublikasının Əmək Məcəlləsi respublika ərazisində əmək münasibətlərini nizamlayan hüquq normalarını birləşdirən və sistemləşdirən qanunvericilik aktıdır.

İşçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edən bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin:


  • hüquq bərabərliyinin təmin edilməsi;

  • mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;

  • maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi;

  • əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

Əmək hüququnun mənbələri içərisində qanunlar, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, həmçinin, digər nazirliklərin, baş idarələrin, komitələrin normativ aktları da xüsusi yer tuturlar.

Əmək münasibətlərinin nizama salınmasında lokal normativ aktların - kollektiv müqavilələrinin, müəssisədaxili intizam qaydalarının və s.-nin də mühüm əhəmiyyəti vardır. Hal-hazırda bazar iqtisadiyyatına keçid şəraitində müəssisələrin təsərrüfat müstəqilliyinin genişlənməsi, iqtisadiyyatın idarə edilməsinin inzibati-amirlik metodlarından imtina olunması ilə əlaqədar olaraq lokal normativ aktların rolu və çəkisi əhəmiyyətli dərəcədə artmaqdadır.


2. Kollektiv müqavilə və saziş

Kollektiv müqavilə və saziş hal-hazırda əmək münasibətlərinin tənziminin müqavilə üsullarının əsas hüquqi formaları kimi çıxış edir.

Əmək Məcəlləsinin 3-cü maddəsinə görə kollektiv müqavilə işəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.

Bazar iqtisadiyyatına keçid dövründə kollektiv müqavilə, əməyin şərtlərini, habelə müəssisənin işçiləri üçün əmək şəraitinin təmin edilməsi ilə sıx bağlı olan digər məsələləri müəyyən edən hüquqi akt kimi çıxış edir.

Kollektiv müqavilənin bağlanmasında kollektiv danışıqlar aparmaq hüququ başlıca yer tutur. Kollektiv müqavilənin istənilən tərəfi kollektiv danışıqların təşəbbüsçüsü ola bilər. Təşəbbüskar tərəf danışıqların başlanması haqqında digər tərəfi yazılı surətdə xəbərdar edir. Xəbərdar olunan tərəf on gündən gec olmayaraq danışıqlara başlamağa borcludur. Əgər müəssisədə həmkarlar ittifaqları təşkilatı yoxdursa, əmək kollektivi danışıqlar aparmaq üçün xüsusi səlahiyyətli komissiya yaradır.

Əmək Məcəlləsinin 26-cı maddəsinə əsasən kollektiv müqavilənin və sazişin və ya onlarda dəyişikliklərin layihəsinin hazırlanması məqsədilə danışıqlar aparmaq üçün tərəflər müvafiq səlahiyyətlər verilmiş bərabərsaylı nümayəndələrdən ibarət komissiya yaradırlar. Komissiyanın tərkibi, danışıqların gündəliyi, keçirilmə yeri və müddəti tərəflərin birgə qərarı ilə müəyyən edilir.

Tərəflər kollektiv müqavilənin və sazişin məzmununa aid məsələlərin seçilməsi və müzakirə edilməsində sərbəstdirlər.

Komissiyanın tələbi ilə tərəflər, kollektiv danışıqların aparılması üçün zəruri olan məlumatları beş gün müddətində təqdim etməlidirlər. Danışıqlar zamanı tərəflər razılığa gelə bilmədikdə, fikir ayrılığı haqqında protokol tərtib edilir. Protokolda fikir ayrılığının aradan qaldırılması haqqında tərəflərin yekun təklifləri, habelə danışıqların yenidən başlanması müddəti göstərilir.

Kollektiv müqavilənin tərəfləri - işəgötürən və həmkarlar ittifaqları təşkilatıdır. Həmkarlar təşkilatı olmayan müəssisələrdə tərəf kimi əmək kollektivi çıxış edir.

Kollektiv müqavilənin layihəsi tərəflərin bərabər saylı nümayəndələrindən ibarət olan müvafiq komissiya tərəfindən baxıldıqdan sonra təsdiq olunmaq üçün həmkarlar ittifaqları təşkilatının (əmək kollektivinin) ümumi yığıncağının (konfransının) müzakirəsinə verilir. Ümumi yığıncaqda işçilərin 50 %-dən çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollektiv müqavilənin layihəsi yığıncaqda müzakirə edilib bəyənildikdən sonra kollektiv müqavilə bağlanır.

Kollektiv müqavilənin quruluş və məzmununu tərəflər müəyyən edirlər.

Kollektiv müqaviləyə, bir qayda olaraq, aşağıdakı məsələlər üzrə tərəflərin qarşılıqlı öhdəlikləri daxil edilir:



  • əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi;

  • məşğulluq, kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsi şərtləri;

  • qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla, əmək haqqı miqdarının tənzimlənmə mexanizmi;

  • iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər;

  • işçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərinin, sosial təminatlar və güzəştlərin müəyyən edilməsi;

  • qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması;

  • əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi;

  • əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi;

  • işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi;

  • kollektiv müqavilənin şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti və s.

Kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər, daha güzəştli əmək və sosial-iqtisadi şərtlər də nəzərdə tutula bilər. Məsələn, əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyət xərclərinin ödənilməsi və digər güzəşt və əvəzlər.

Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanır. Kollektiv müqavilə imzalandığı və ya müqavilədə göstərilən gündən qüvvəyə minir.

Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarəti tərəflər və müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Həmkarlar ittifaqları təşkilatı kollektiv müqaviləni pozmağa görə maddi məsuliyyət daşımır. Kollektiv müqaviləni pozmağa görə müəssisənin (idarənin) vəzifəli şəxsləri intizam məsuliyyətinə cəlb edilir. Qanunda nəzərdə tutulmuş hallarda təqsirli vəzifəli şəxslər inzibati qaydada cərimə oluna bilər, müvafiq hallarda isə cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

Sazişlər öz məzmununa, iştirakçıların dairəsinə, əmək haqqında olan normativ aktlar sistemində yerinə, əmək münasibətlərinin nizamlama əhəmiyyətinə görə müəssisələrdə bağlanan kollektiv müqavilələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Saziş hüquqi akt olub, müəyyən peşə, sahə işçiləri üçün əmək şəraitinin yaradılması, məşğulluq, sosial müdafiə üzrə öhdəlikləri özündə əks etdirir. Münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq, üç əsas növ kollektiv sazişlər bağlanıla bilər.

Sazişlərdən ən əhatəlisi Baş kollektiv sazişdir. Baş kollektiv saziş - respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir. Bu saziş, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Nazirlər Kabineti və həmkarlar ittifaqlarının respublika birliyi arasında bağlanılır.

Sazişlərin ikinci növü sahə və yaxud tarif kollektiv sazişi adlandırılır. Sahə (tarif) kollektiv sazişi - müvafiq sahənin sosial - iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir. O, əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri və idarələri ilə həmkarlar ittifaqlarının peşələr, sahələr üzrə birlikləri arasında bağlanılır.

Üçüncü növ saziş - xüsusi saziş adlandırılan ərazi (rayon) kollektiv sazişidir. Bu saziş isə ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosial-iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir. Ərazi kollektiv sazişi, əsasən müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini həyata keçirən yerli icra hakimiyyəti orqanları ilə həmkarlar ittifaqlarının ərazi birlikləri arasında bağlanılır.

Baş, sahə və ərazi kollektiv sazişləri üçtərəfli - müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları (birlikləri) arasında bağlanıla bilər.

Kollektiv sazişin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. O bir ildən üç ilədək müddətə bağlanılır. Kollektiv saziş imzalandığı və sazişdə göstərilən gündən qüvvəyə minir.


3. Məşğulluğun və işədüzəltmənin təmin edilməsi

Azərbaycan Respublikası ərazisində vətəndaşların əməklə bağlı hüquqlarının həyata keçirilməsinin təmin edilməsi və məşğulluq problemlərinin nizama salınmasında «Məşğulluq haqqında» Azərbaycan Respublikasının 2 iyul 2001-ci il tarixli qanunu mühüm əhəmiyyət kəsb edir. Lakin məşğulluq haqqında Azərbaycan Respublikası qanunvericiliyi yalnız bu qanundan deyil, həmçinin, Respublika Konstitusiyasından, Əmək Məcəlləsindən, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Məşğulluq haqqında respublika qanunvericiliyi əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifi tarazlaşdırmaq siyasətini həyata keçirir. O, vətəndaşların hüquqi müdafiəsinin güclənməsinə və müəssisələrin lazımi kadrlarla təmin olunmasına kömək edir.

«Məşğulluq» dedikdə, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin respublika qanunvericiliyinə zidd olmayan, onların şəxsi və ictimai tələbatının ödənilməsi ilə bağlı olan və bir qayda olaraq onlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti başa düşülür.

İstehsal və yaradıcı əməyə öz qabiliyyətlərini sərf etmək vətəndaşların müstəsna hüququdur. Qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halları çıxmaqla əməyə məcbur etməyə yol verilmir. Vətəndaşların məşğul olmamaları onların inzibati və digər məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz.

Məşğul şəxslərə aşağıdakılar aiddir:



  1. muzdla işləyən, o cümlədən əmək müqaviləsi (kontraktı) ilə tam və ya tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar;

  2. sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar;

  3. haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər;

  4. Azərbaycan Respublikasının silahlı qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər;

  5. əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayanması və ya başqa səbəblər ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar;

  6. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

  7. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.

İşsiz dedikdə, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanları) iş axtaran kimi qeydiyyata alman, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlar başa düşülür. Bu halda məşğulluq xidməti istiqamətində görülən ictimai işlərə görə işçilərə verilən əmək haqqı, həmçinin müəssisədən, idarədən və təşkilatlardan onların ləğv edilməsi, yenidən təşkili, ştatların sayının ixtisar olunması ilə əlaqədar işdənçıxarılma müavinəti və orta aylıq əmək haqqı həcmində verilənlər nəzərə alınmır.

İşsiz statusu almaq üçün müəyyən şərtlərə əməl olunmalıdır: əmək qabiliyyətli olmalı, əmək qabiliyyətli yaş həddində olmalı (kişilər 63, qadınlar 60 yaşa qədər), dövlət məşğulluq xidməti orqanlarında işaxtaran şəxs kimi qeydiyyatdan keçməli. Vətəndaş yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarına) şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçası (yaxud onu əvəz edən sənəd), peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda) təqdim edərək işaxtaran kimi qeydə alınır. İlk dəfə işaxtaranlar şəxsiyyəti təsdiq edən və təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər.

İşaxtaran kimi qeydiyyata alınmış vətəndaş müvafiq sənədləri təqdim etdiyi andan, ona münasib iş təklif olunmadığı halda, məşğulluq xidməti orqanı 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir. İşsizlərin məşğulluq xidməti orqanında qeydiyyata alınması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Qeyd etmək lazımdır ki, işsiz statusu ömürlük verilmir. O, münasib işin axtarılıb tapılması ilə ləğv edilir.

İşsiz statusu almaq hüququ olmayan vətəndaşlara 15 yaşına çatmayanlar; pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar; qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədilə üzrsüz səbəbdən müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanları) gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna bilməz); ilk dəfə işaxtaranlar; azadlıqdan məhrum etmə cəzasını çəkənlər aiddir.

İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun bir aydan sonra təkrarən işsiz statusu almaq üçün yaşadığı ərazidə məşğulluq xidməti orqanına müraciət etmək hüququ vardır.

İşaxtaran üçün onun ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, yeni iş yerinə nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş münasib iş sayılır.

İşaxtaranın razılığı olmadan yeni işlə əlaqədar onun yaşayış yerinin dəyişməsi tələb olunduqda, eləcə də əmək şəraiti əməyin mühafizəsi normalarına uyğun gəlmədikdə ona təklif olunan iş münasib iş sayıla bilməz.

İşdən çıxarılmış şəxslər - müvafiq müəssisə ilə əmək hüquq münasibətlərində olan, müəssisənin fəaliyyətinin xitam edilməsi (ləğv edilməsi, yenidən təşkili), işçilərin ştatlarının və yaxud saylarının ixtisar edilməsi ilə əlaqədar olaraq işdən azad edilən şəxslərdir. Buna görə də digər səbəblərə görə işdən azad edilən şəxslər işdən çıxarılmış hesab edilə bilməzlər və onlara işdən çıxmış işçilərə şamil edilən imtiyazlar və təminatlar aid edilmir.

İşədüzəltmə - vətəndaşların subyektiv hüququ olub, ümumi xarakter daşıyır. Bu hüquq şəxsin işədüzəltmə orqanına birbaşa müraciət etməsi ilə həyata keçirilir. Nəticədə məşğulluq mərkəzi ilə vətəndaş arasında hüquqi münasibət yaranır. Müəssisədə işləmək üçün təyinat verildikdən sonra belə münasibət vətəndaşla həmin müəssisə arasında yaranır. Respublikamızda bu sahə üzrə həlledici rol Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinə və onun yerli orqanlarına məxsusdur. Bu aşağıdakılarla şərtlənir:

Birincisi, göstərilən orqanlar əhaliyə və işəgötürənlərə münasibətdə mühüm funksiyanı - işçi qüvvəsinə tələb və təklifin təmin edilməsi, əhalini işədüzəltmə və i. a. funksiyaları həyata keçirirlər;

İkincisi, Baş Məşğulluq İdarəsinin şəbəkələri çox genişdir. Onun fəaliyyəti praktiki olaraq bütün respublika əhalisini və müəssisələrini əhatə edir;

Üçüncüsü, həyata keçirilən funksiyanın miqyasına və xidmət dairəsinə görə.

Dövlət respublika ərazisində daimi yaşayan vətəndaşların məşğulluq növünün azad seçiminə, o cümlədən müxtəlif növ rejimli işlərə, əsassız olaraq işdən çıxarılmaya görə hüquqi müdafiəsinə və s. təminat verir.

Qeyd etmək lazımdır ki, dövlət işsiz vətəndaşlara: pulsuz yeni ixtisas təhsili almaq və məşğulluq xidmətləri istiqamətində dərəcələrini artırmaq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq məşğulluq xidməti tərəfindən işlə təmin olunarkən başqa yerə köçməsi ilə əlaqədar çəkilən maddi xərclərə görə pul müavinətləri almaq, vətəndaşların yaş və digər xüsusiyyətləri nəzərə alınmaqla ictimai işlərdə işləmək üçün təcili əmək müqaviləsi bağlanmasına təminat verir. Bundan başqa qanunvericilik ayrı-ayrı kateqoriyalı insanlara məşğulluğun əlavə təminatlarını nəzərdə tutur.



4. Əmək müqaviləsi: anlayışı, tərəfləri və məzmunu

Azərbaycan Respublikasında əmək azaddır. Hər bir vətəndaş əməyə olan qabiliyyətini həyata keçirərkən - fəaliyyət növünü və peşəsini seçməkdə azaddır. Məcburi əməyin qadağan olunması əsas nailiyyətdir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində təsbit olunub.

Respublikamızda vətəndaşlar əmək hüquqlarını aşağıdakı formalarda həyata keçirə bilərlər:

əmək müqaviləsini bağlamaqla;

seçkili vəzifələrə seçilməklə;

gənc mütəxəssisləri müvafiq təhsil müəssisələrini bitirdikdən sonra təyinat üzrə işə göndərməklə;

şəxsi və özəl sahibkarlıq fəaliyyəti ilə.

Vətəndaşların əmək hüquqlarının həyata keçirilməsinin başlıca forması əmək müqaviləsi hesab edilir.

Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

Əmək müqaviləsini digər müqavilələrdən fərqləndirən aşağıdakı xüsusiyyətlərini göstərmək olar:



  • Birincisi: əmək müqaviləsi müəyyən növ işin (müəyyən ixtisas, peşə və vəzifə çərçivəsində) işçinin özü tərəfindən şəxsən yerinə yetirilməsini nəzərdə tutur;

  • İkincisi: işçinin müəssisədə, idarədə, təşkilatda müəyyən olunmuş daxili nizam-intizam qaydalarına tabe olmasını müəyyən edir;

  • Üçüncüsü: işəgötürən işçinin işini təşkil etməli, təhlükəsizlik və gigiyenik normalara cavab verən normal iş şəraiti yaratmalıdır.

Sadalanan əlamətlərin məcmusu bizə hər bir konkret halda əmək müqaviləsini əsasən daha çox oxşar olan mülki-hüquqi müqavilələrdən fərqləndirməyə imkan verir.

Əmək Məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq hər kəs 15 yaşından etibarən əmək müqaviləsinin tərəfi kimi çıxış edə bilər.

Əmək müqaviləsinin ikinci tərəfi kimi çıxış edən işəgötürən tam fəaliyyət qabiliyyətinə malik olan işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Bütün müqavilələrin məzmununda tərəflərin hüquq və vəzifələri durur. Əmək müqaviləsinin məzmununda isə əmək müqaviləsinin şərtləri durur. Əmək müqaviləsi şərtlərinin iki növü fərqləndirilir:

a) qüvvədə olan qanunvericiliklə müəyyən edilən zəruri şərtlər;

b) əmək müqaviləsi bağlanarkən tərəflərin razılığı əsasında
müəyyənləşdirilən əlavə şərtlər.

Zəruri şərtlər qüvvədə olan əmək qanunvericiliyi ilə müəyyən olunur. Bura işçi və işəgötürən haqqında məlumat, işçinin iş yeri, vəzifəsi, müqavilənin müddəti, əmək şəraitinin şərtləri və s. aiddir.

Bu şərtlər tərəflərin razılığı ilə dəyişdirilə bilməz (əgər qanunvericilikdə digər hallar nəzərdə tutulmayıbsa) və bu qanunla işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsini azalda bilməz.

Tərəflər əmək müqaviləsini bağladıqları zaman əsas şərtlərdən başqa, əlavə şərtlər də müəyyən edə bilər. Əlavə şərtlər olmadan da müqavilə bağlana bilər. Əlavə şərtlərə işə götürülən zaman işçiyə sınaq müddətinin verilməsi, məktəbəqədər müəssisələrdə növbədənkənar yerlərin verilməsi, yaşayış sahəsinin verilməsi və s. aiddir. Əgər tərəflər konkret əlavə şərtlər haqqında razılığa gəliblərsə, bu şərtlərin yerinə yetirilməsi üçün məcburi qüvvəyə malikdirlər.


  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət